PDF Oxu

Araşdırma

  • 9

Türkiyə yeritdiyi siyasətdə ehtiyatlı olmalıdır

Türkiyə yeritdiyi siyasətdə ehtiyatlı olmalıdır
Bu günlərdə Türkiyə dövlətinin yeritdiyi istər daxili, istərsə də xarici siyasət siyasi ictimaiyyətin diqqət mərkəzindədir desək, yanılmarıq. Türkiyə iqtidarının regionda fəallıq göstərmək cəhdləri onun "erməni açılımı", "kürd açılımı" kimi siyasi fəaliyyətlərində özünü qabarıq şəkildə göstərməkdədir. Əlbəttə, bu fəallıq cəhdləri heç də boş bir addım kimi qiymətləndirilməməlidir. Çünki bunun arxasında Türkiyə dövlətinin maraqları dayanmaqla yanaşı, onun beynəlxalq aləmdə də olan mövqeyini möhkəmləndirmək məqsədi dayanır. Belə ki, nəzərə alsaq ki, Türkiyə böyük bir həvəslə Avropa Birliyinə daxil olmaq istəyir, onda bir daha bunun şahidi olarıq. İllərdir Türkiyə dövlətinin yeritdiyi siyasət məhz bu amala, bu məqsədə söykənir. Lakin AKP-nin hakimiyyətə gəlməsindən sonra bu siyasət özünü daha qabarıq şəkildə göstərir. Türkiyə baş naziri hər bir cəhdlə dünya dövlətləri arasında Türkiyənin rolunu qaldırmağa və onun Avropa və ümumilikdə, Qərb üçün mühüm bir tərəfdaş olduğunu sübut etməyə çalışır. O, bunu bütün beynəlxalq toplantı və iclaslarda nəzərə çatdırmaqla yanaşı, əməldə də buna riayət etməyə çalışır.
Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə son zamanlara kimi özü üçün böyük problem yaradan kürd və erməni problemlərini həll etməyə çalışır. İllərdir Türkiyə xalqı və dövləti kürd terrorizmindən əziyyət çəkir. PKK kimi böyük bir terror təşkilatının kürdlər tərəfindən idarə olunması da onların Türkiyə üçün nə qədər böyük bir təhlükə mənbəyi olduğunun sübutudur. Onun başçısının həbs olunmasına baxmayaraq, indiyə kimi də dövlət bu terrordan əziyyət çəkir və ona qarşı mübarizə aparır. Nəzərinizə çatdıraq ki, digər etnik azlıqlar kimi kürdlərin də əsas tələbləri onlara müstəqillik və ya muxtariyyət verilməsini istəmələridir. Əlbəttə, Türkiyə hökuməti son bir il ərzində kürdlərlə münasibətlərin normallaşdırılması sahəsində xeyli ciddi addımlar atmışdır. Buna misal olaraq, Türkiyədə kürd dilində telekanalın açılmasını göstərmək olar ki, bu addım da dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və Türkiyənin uğuru kimi qiymətləndirilmişdi. Son günlərdə isə "kürd açılımı" adlı bir siyasi kampaniya baş nazir R.T.Ərdoğan tərəfindən yeridilməkdədir. Bunun əsasında isə kürdlərlə münasibətlərin normallaşdırılması və onlar üçün Türkiyə dövləti daxilində hər bir şəraitin yaradılması dayanır.
Türkiyənin yeritdiyi siyasət barədə danışarkən, bir məqama da diqqət yetirmək lazımdır ki, onun bu siyasəti Avropa ölkələrinin gözündə qalxmağı və onların qoyduğu şərtlərə əməl etməyi nəzərdə tutur. Türkiyə, nəyin bahasına olursa olsun, bu məqsədə çatmağı qarşısına bir vəzifə kimi qoyub. Əlbəttə, bu, heç də mənfi bir hal deyil. Lakin bunun üçün qurban verilənləri nəzərə alsaq, Türkiyə hökumətinin gördüyü işə haqq qazandırmaq olmaz. Bunu yalnız indiki hökumət istəyir deyə etmək olmaz. Burada xalqın iradəsi və ölkə ictimaiyyətinin buna qarşı göstərdiyi mövqe də nəzərə alınmalıdır. Çünki Türkiyə hökuməti məhz bu xalqın seçim ilə hakimiyyətə gəlib və onun istəklərini də həyata keçirməyə məcburdur.
Bundan əlavə, Türkiyə dövləti qonşu dövlətlərlə münasibətlərə xələl gətirilməməsinə əməl etməlidir. Bu qəbildən Azərbaycanla münasibətləri də göstərmək olar. Türkiyənin ən yaxın siyasi və strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin əvvəlki kimi olmadığını nəzərə çatdırmaq yerinə düşərdi. Qarşılıqlı əməkdaşlıq bütün sahələri əhatə etdiyindən münasibətlərin pozulması da bu əmkdaşlığa xələl gətirə bilər. Yəni Türkiyə atdığı addımlarda ehtiyatlı olmalıdır ki, Azərbaycanla olan münasibətlərə xələl gəlməsin. Əgər belə olmazsa, bu, Türkiyənin tərəqqisinə deyil, onun nüfuzdan düşməsinə səbəb ola bilər.

Digər xəbərlər