PDF Oxu

Araşdırma

  • 12

Türkiyə-Ermənistan yaxınlaşması heç də iki xalqın iradəsini əks etdirmir

Türkiyə-Ermənistan yaxınlaşması heç də iki xalqın iradəsini əks etdirmir
Ötən həftə Türkiyə - Ermənistan sərhədlərinin açılması ətrafında aparılan danışıqlarda yeni hadisələrin baş verməsi ilə yadda qaldı. Belə ki, həftə ərzində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu protokolları Türkiyə Böyük Millət Məclisinə təqdim etmək üçün parlamentin sədri Mehmet Ali Şahinlə görüşdü.
Bu həftə isə bu məsələ ilə bağlı olaraq Ə.Davudoğlunun müxalif partiya liderləri ilə görüşərək sərhədlərin açılmasını müzakirə edəcəyi gözlənilir. İlk olaraq MHP və CHP liderləri ilə görüşən Əhməd Davudoğlu Ramazan bayramından sonra PKK terror təşkilatının siyasi cinahı olan Demokratik Toplum Partiyası ilə də müzakirələr aparacaq. Bundan sonra isə o məsləhətləşmələrin nəticəsi ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana məruzə etməlidir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı protokollar Nazirlər Şurasında da müzakirə edildikdən sonra Türkiyə Böyük Millət Məclisinə göndəriləcək.
Bundan bir müddət öncə isə bu partiyaların liderləri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı öz mövqelərini ortaya qoyaraq buna qarşı olduqlarını qəti şəkildə bildirmişdilər. Onlar bu mövqelərini parlamentdəki müzakirələr zamanı ortaya qoyacaqlarını da bildirmişdilər. Əlbəttə, xarici işlər nazirinin görüşünün də onlara təsir etmək məqsədi daşıyacağı gözlənilir. Ə. Davudoğlunun ötən həftə ərzində hətta yol xəritəsinin tərtib olunması barədə verdiyi bəyanatın da bu müzakirələrin mərkəzində olacağı da şübhə doğurmur. Qeyd edək ki, bununla bağlı da partiya liderləri öz etirazlarını bildirmişdilər. Yəni, göründüyü kimi, Türkiyədə sərhədlərin açılması heç də birmənalı qarşılanmır və hətta demək olar ki, buna qarşı kütləvi etirazlar da mövcuddur.
Ermənistandakı mövcud durum da bu barədə ürəkaçan fikirlər deməyə əsas vermir. Ölkə ərazisində mövcud olan qeyri-sabit siyasi və hərbi vəziyyət bu məsələnin müzakirəyə çıxarılmasından sonra daha da gərginləşib. Artıq müxalifət buna qarşı öz etirazlarını bildirmək üçün kütləvi etiraz mitinqləri də təşkil etməkdən çəkinmir. Ölkə müxalifətinin lideri sayılan Daşnaksütyun partiyası sərhədlərin açılmasının Ermənistan üçün zərərli olduğunu bəhanə gətirərək ölkə rəhbərliyinin bu sahədə yeritdiyi siyasətə qarşı öz etirazını bildirir. Əlbəttə, onların bu etirazlarının əsas səbəbini anlamaq çətin deyil. Belə ki, Ermənistan iqtidarının yeritdiyi siyasətdən cana gələn erməni xalqı onu istefaya göndərmək üçün məqam axtarır. Və belə bir məqamı da əldən vermək olmaz. Serj Sarkisyanı yeritdiyi siyasətdə buraxdığı səhvlərlə öz kürsüsündən endirmək ən əlverişli bir siyasətdir.
Göründüyü kimi, hər iki ölkədə olan vəziyyət qarşılıqlı anlaşmanın yalnız ölkə rəhbərlikləri arasında olduğunu bir daha göstərmiş olur. Xalqlar tərəfindən bu məsələyə olan etiraz onun heç də iki xalq arasında olan yaxınlaşma kimi qələmə verməyə əsas vermir. Yəni bu münasibətlər, heç də türk mətbuatının yazdığı kimi, "bir millət - iki dövlət" prinsipi ilə həll olunmur. Bunu yuxarıda göstərilən faktlar da bir daha sübüt edir. Türkiyə və Ermənistan xalqları öz hökumətlərinin yeritdiyi siyasətdən əziyyət çəkir desək də, yanılmarıq. Bundan başqa baş verən hadisələr Türkiyə iqtidarının Qafqazda sabitlik yaratmaq istəyinin də baş tutmadığını bir daha sübut etmiş olur. Cənubi Qafqazda ən böyük münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmadığı bir halda və bunun da əsas səbəbkarının işğalçı Ermənistan dövləti olduğu halda Türkiyənin onunla yaxınlaşmağa bu dərəcədə yüksək üstünlük verməsinin səbəbi nədir? Bu sual ətrafında bir çox müzakirələr aparılıb və bunun hansı amillərlə bağlı olması da müəyyənləşdirilib. Lakin Türkiyənin bu məsələdə itirəcəklərinin isə bu ölkə rəhbərliyi tərəfindən nəzərə alınmaması təəssüf doğuran məsələlərdəndir. Türkiyənin Cənubi Qafqazda ən böyük və güclü müttəfiqi olan Azərbaycanla münasibətlərin pisləşməsi də Türkiyə hökumətinin itirəcəklərinə daxildir. Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələri əhatə edən əməkdaşlığa da AKP hökumətinin siyasəti xələl gətirmiş olur. Bu amilləri nəzərə almaqla Türkiyə hökuməti öz addımlarını atarkən diqqətli olmalı və hər bir məsələdə, necə deyərlər, "yüz ölçüb, bir biçməlidir".

Digər xəbərlər