PDF Oxu

Araşdırma

  • 5

Türkiyə və Ermənistanla sərhədlərin açılması real görünür...

Türkiyə və Ermənistanla sərhədlərin açılması real görünür...
Məlum olduğu kimi, Türkiyə və Ermənistan sərhədlərinin açılması son vaxtlar gündəmdə olan məsələlərdən birinə çevrilib. Bu sərhədlərin açılması nə dərəcədə real görünür? Türkiyənin bu hərəkəti Azərbaycanın maraqlarına zidd deyilmi? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Fikrimcə, sərhədlərin açılması artıq real görünür. Bildiyimiz kimi, ilk addım aprel ayının 22-də Ermənistanla Türkiyə arasında bir yol xəritəsinin razılaşmasının imzalanması ilə başlanmışdır. Yəni bu məsələlərə start verilmişdir. Bu məsələ həmin vaxtdan başlayaraq Azərbaycan cəmiyyətində böyük narahatçılığa səbəb oldu. Amma sonradan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək parlament qarşısında çıxış edib. O bildirdi ki, Azərbaycanın torpaqları işğaldan azad olmayınca və bu iki ölkə arasında olan münaqişə həllini tapmayana qədər Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gəlməyəcək. Biz bu məsələni gündəmə gətirən deyilik. Görünür ki, bundan sonra onlar arasında gizli danışıqlar gedirmiş. İsveçrənin vasitəçiliyi ilə bu iki ölkə arasında, yəni Ermənistan və Türkiyə arasında danışıqlar aparılırdı. Bu isə daha sonra öz nəticəsini verdi. Belə ki, Türkiyənin, Ermənistanın və İsveçrənin nümayəndələrinin açıqlaması Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin normallaşdırılmasına dair protokolun imzlanması məsələsinin gündəmə gəlməsinə səbəb olub. Məsələ burasındadır ki, o protokolun mənə məlum olan prinsiplərində Azərbaycanın ərazi bütövlüyü məsələsi şərt kimi qoyulmur, amma digər tərəfdən bu məsələlərə bir o qədər də ciddi yanaşmıram. Çünki Türkiyə yazılı olmasa da hər hansı bir formada istər Avropada, istərsə də ABŞ qarşısında bu tələbi qoyur ki, Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarını və ərazilərini işğaldan azad etsin. Yəni Ermənistanla mahiyyəti açıqlanan həmin protokola əsasən, müəyyən şərtlər razılaşdırıldıqdan sonra Türkiyənin və Ermənistanın parlamentinə ratifkasiyası və təsdiqi üçün təqdim olunmalıdır. Yalnız həmin təsdiqdən sonra bu sərhədlərin açılması məsələsi gündəmə gələcəkdir.
Mən onu da qeyd etmək istərdim ki, sərhədlərin açılması və Türkiyənin parlamentində bu məsələ ilə bağlı olaraq bir qədər fikir ayrılığı var. Buna misal kimi Dəniz Baykalın kəskin çıxışlarını göstərmək olar. O Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdır. Ona görə də, hesab edirəm ki, hələ bizim qarşımızda 6 həftə var. Yəni sözügedən protokolun şərtlərinə əsasən və bu 6 həftə müddətində müəyyən addımlar atıla bilər, həmçinin, burada Azərbaycanın da maraqları nəzərə alına bilər.

Digər xəbərlər