PDF Oxu

Araşdırma

  • 8

Azərbaycan ictimaiyyəti Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından narahatdır

Azərbaycan ictimaiyyəti Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından narahatdır
Son zamanlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması və sərhədlərin açılması məsələsi Azərbaycanın və eləcə də dünya gündəmini zəbt etməkdədir. Sözsüz ki, bu Dağlıq Qarabağ kimi problemi olan ölkəmizi narahat etməyə bilməz.
Mais Səfərli, "Yurddaş" partiyasının sədri:
- Bildiyimiz kimi, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Təbii ki, belə olan halda, hər iki dövlətin atdığı addım bir-birinin maraqlarına uyğun olmalıdır. Bu gün isə Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı olaraq danışıqların başlanması, çərçivə sazişinin hazırlanması və ortada bir sənəd layihəsinin olması, təbii ki, bu da Azərbaycanda narahatçılığa səbəb olur. Əgər doğurdan da, Türkiyə sərhədləri açacaqsa, təbii olaraq, bu, Azərbaycanın maraqlarına ziddir. Amma Türkiyənin baş naziri, prezidenti dəfələrlə bəyan etmişdilər ki, Ermənistanla sərhədlər Dağlıq Qarabağ münaqişəsi həll olmayana qədər açılmayacaq. Bildiyiniz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan may ayında ölkəmizə səfər edərək, Prezident İlham Əliyevlə görüş keçirdi. Azərbaycanın Milli Məclisində Ərdoğan çıxış edərək, birmənalı şəkildə bildirdi ki, Türkiyə heç zaman Azərbaycanın mənafeyinə uyğun olmayan addımlar atmayacaq. Türkiyənin baş nazirinin bu bəyanatı həm Azərbaycan hökumətini, həm də Azərbaycan cəmiyyətini çox məmnun etdi. Fikrimcə, Ərdoğan bu sözünün üzərində durmalıdır. Mən inanmıram ki, Türkiyə dövləti Azərbaycanın maraqlarına uyğun olmayan bu addımı atsın. Əgər doğurdan da, Türkiyə sərhədləri açarsa, bu, Qarabağ münaqişəsi həll olunmadan, Türkiyənin özündə çox ciddi problemlərə səbəb olacaq. Amma digər tərəfdən, elə hesab edirəm ki, bu gün bəzi qüvvələr yaranan bu məsələlərdən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərini soyuqlaşdırmağa çalışırlar. Xüsusi olaraq da, Qərb, Rusiya və Ermənistan mətbuatı bu məsələlərlə bağlı xoşagəlməz yazılar dərc edirlər. Ona görə də, biz bu məsələyə çox həssas yanaşmalıyıq və iki ölkə arasında olan münasibətlərin soyuqlaşmasına qəti olaraq yol verməməliyik.
Fikrimcə, Ermənistanla Türkiyə sərhədləri açılarsa, bu da təbii olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir göstərəcək. Amma inanmıram ki, bu sərhədlər açılsın və Türkiyə Azərbaycana qarşı belə bir addım atsın.

Digər xəbərlər