Qadınların nikaha daxilolma üzrə yaş həddi artırılacaq
Azərbaycanda qadınların nikaha daxilolma üzrə yaş həddi artırılacaq. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, bu məqsədlə parlamentin payız sessiyasında Ailə Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Komitə sədrinin sözlərinə görə, Ailə Məcəlləsində qadınların nikaha daxilolma üzrə yaş həddi 17-dən 18-ə qaldırılacaqdır. Hazırda bu məsələ çox ciddi müzakirə olunur. Qızlar ailə qurmağa həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıdırlar. H.Rəcəbli bildirib ki, qanunvericilikdə 17 və 16 yaşında qızların ailə qurmasına da istisna hallarda icazənin verilməsi nəzərdə tutulacaq. 17 yaşında qızların nikaha daxil olmasına istisna hallarda icazə veriləcək. 16 yaşlı qızların ailə qurmasına isə ancaq bir halda - onlarda hamiləlik baş verdikdə icazə veriləcək. Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən daha biri nikaha daxilolma zamanı sağlamlıq haqqında arayışın tələb edilməsi ilə bağlı olacaq. Sağlamlıq arayışının hansı xəstəliklərə görə tələb olunacağı da müəyyənləşdiriləcək.