“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi
"İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin həyata keçirilməsi növbəti rayonlarda həyata keçirilməkdədir. Birliyin verdiyi məlumata görə, layihə avqust ayı ərzində Göygöl, Qəbələ, Oğuz, Samux rayonlarını əhatə edib. Göygöl rayonu üzrə təlimlərdə iştirak etmiş 116 nəfərdən 104 nəfəri, Qəbələdə 136 nəfərdən 66 nəfəri, Oğuzda 140 nəfərdən 79 nəfəri, Samuxda 142 nəfərdən 129 nəfəri sertifikat alıbdır. Layihə hal-hazırda Quba və Qusar rayonlarında həyata keçirilir. Ötən gün Qubada keçirilən təlimlərin açılış mərasimi şəhər Mədəniyyət Evində keçirilibdir. Mərasimdə "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin rəhbəri Rauf Mərdiyev, Quba rayon icra hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova, Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev iştirak ediblər.
Qusarda keçirilən təlimlərin açılış mərasimi Qusar rayonu 6 saylı orta məktəbin akt zalında keçirilib. Mərasimdə "İrəli" İctimai Birliyinin İdarə Heyətinin üzvü Hikmət Hüseynov, Qusar rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ceyhun Hacıyev, Qusar rayonu Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak ediblər.
Qeyd edək ki, iyunun 1-dən başlanılan "İnformasiya Texnologiyaları Akademiyası" layihəsi 19 rayonu əhatə edən layihədə 2600 nəfər iştirak edibdir. Layihənin partnyorları "İrəli" İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "HP" şirkəti , "Microsoft" şirkəti, "Bestcomp" şirkəti, "Yumroo" portalı, "1News" İnformasiya Agentliyi, "Day.az" İnformasiya Agentliyidir.