Məlum olduğu kimi, dünən Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarının təqdim etdiyi layihələrin qaliblərinin adlarını açıqlayıb. Fondun bu istiqamətdə atdığı addımı necə qiymətləndirirsiniz? Bu və digər suallarla qalib olan qəzetlərin baş redaktorlarına müraciət etdik.
Vəli Vəliyev, "Azad Azərbaycan" qəzetinin baş redaktoru:
- Azərbaycan dövləti hər bir zaman ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğı göstərib. Bu qayğı bu gün də davam etməkdədir. Müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev cənabları ölkə mətbuatının inkişafına çalışıb və bu, öz müsbət nəticəsini verib. Mətbuat üzərində senzuranın ləğv edilməsi buna əyani sübutdur. Ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, bundan əlavə, milli mətbuatın yaranmasının 134 illiyi ilə əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq KİV-ə birdəfəlik 10 min manat həcmində maliyyə yardımının ayrılması ölkə rəhəbrliyinin mətbuata diqqət və qayğısından irəli gəlir. Şübhəsiz ki, bu diqqət və qayğı bu gündən sonra da davam edəcək. Həmçinin, bütün bunların nəticəsində reketçiliklə məşğul olan qəzetlər sıradan çıxacaq. Artıq Mətbuat Şurası da bu istiqamətdə uğurlu addımlar atmaqdadır.
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Bu siyahı ilə yaxından tanış oldum, çox normal siyahıdır. Fikrimcə, bu, Azərbaycan mətbuatını özündə əks etdirən bir siyahıdır. Çünki Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun əsasnaməsində belə bir bənd var ki, dövlətin tərkibində olan qəzetlər bu vəsaitlərdən yararlana bilməzlər və bu layihələrdə iştirak edə bilməzlər. Yəni qalib gələn layihələr ekspertlər tərəfindən müəyyənləşdirilmiş layihələrdir.
Belə hesab edirəm ki, dövlətimiz və cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatının daha yaxşı inkişaf etməsi üçün belə bir fondun yaradılması mətbuatımızın inkişafına müsbət təsir göstərəcək. Bu gün milli mətbuatımız MDB məkanında ən güclü mətbuatdır. Həmçinin, dövlətin mətbuata diqqət və qayğı göstərməsi ölkəmizdə KİV-in inkişafını daha da sürətləndirəcək.
Nurəddin Heydərov, "Kaspi" qəzetinin baş redaktoru:
- Azərbaycanda fəaliyyət göstərən ciddi qəzetlərin əksəriyyəti bu fonda öz layihələri ilə müraciət etmişdir. Fikrimcə, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qeyd olunan fondun fəaliyyəti mətbuatımızın inkişafı üçün, maddi təminatının yaxşılaşdırılması üçün, eləcə də, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində mühüm addımlardan biridir. Ümümiyyətlə, mətbuata belə bir fondun yaradılması müsbət bir haldır.
Dövlətimiz tərəfindən Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, ilk öncə, mətbuatın maddi vəziyyətinin yaxşılaşmasına daha çox istiqamətlənib. Yəni bu fondun yardımları sahəsində bir çox qəzetlər öz maddi problemlərini həll edə biləcək. Mətbuatın xarici mənbələrdən, donorlardan asılılığı azalacaqdır. Yəni qəzetlərmizin maddi tərəfdən çətinliyi olarsa, birbaşa olaraq, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edəcəkdir. Bir sözlə, ölkəmizdə belə bir fondun yaradılması KİV-lərə müsbət təsir edəcəkdir.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
- İlk öncə, cənab Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunu yaradıb. İkinci növbədə isə, bu fondun rəhbərlərinə və bu fonda qrant lahiyəsini təqdim edib, qalib olanları təbrik edirəm. Azərbaycan mətbuatının yaxşı inkişaf etməsi üçün belə bir yardım fondunun yaradılması bizim kütləvi informasiya vasitələrinə müsbət təsir edəcək. Yəni, mətbuatımızın bu yardım fondu sahəsində maddi tərəfdən heç bir çətinliyi olan deyil.
Təbii ki, belə bir fondun yaranması və mövcud olmasının bizim mətbuata çox böyük təsiri olacaq. Yəni, ölkəmizdə ciddi mətbuat daha çox üstünlük təşkil etdikcə, bu fondun reket qəzetlərin sıradan çıxmasına öz təsiri olacaq.