Məlum olduğu kimi, bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməyiblər. Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elşad Mirbəşiroğlu,
politoloq:
- Demək olar ki, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirlər. Amma bizim üçün başlıca məsələ bundan ibarətdir ki, biz Ermənistanı işğalçı dövlət kimi dünya ictimaiyyətinə tanıdaq. Çox təəssüflər olsun ki, dünya ölkələri tərəfindən bu məsələ ilə bağlı ikili standartlar nümayiş etdirilib və Ermənistanın işğalçı dövlət olması, eyni zamanda, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi faktını kölgədə saxlamaq istəyirlər. Bildiyimiz kimi, BMT-nin 4 qətnaməsi qəbul olunub və bu qətnamələrin heç birində Azərbaycan ərazilərinin kim tərəfindən işğal olunması göstərilmir. Yəni həmin o qətnamələrdə qeyd olunur ki, işğal olmuş ərazilər boşaldılmalıdır və qaçqınlar, məcburi köçünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Amma kim tərəfindən işğal olunub, hansı dövlət tərəfindən işğal olunub, həmin sözügedən qətnamədə bunlar göstərilmir. Mən bir məsələni qeyd etmək istəyirəm ki, bu ilin sentyabr ayında BMT-nin Baş Assambleyasının 64-cü sessiyası gündəmdədi və nəzərdən keçirilməsi nəzərdə tutulur. Burada da yenə Azərbaycanın işğal olunmuş ərazisinə dair qətnamənin qəbul olunması göstərilir. Artıq dünya ictimaiyyətinin də Ermənistanı pərdə arxasında saxlamaq potensialı tükənməkdədir. Çünki artıq Azərbaycan beynəlxalq hüququn əvvəlkindən daha güclü, önəmli subyektinə çevrilmişdir və ölkəmizin səsi eşidilməkdədir. Azərbaycan diplomatiyasının gücü, Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycanın səsini dünya ictimaiyyətinə eşitdiribdir və artıq bu istiqamətdə müsbət addımlar nəzərə çarpmaqdadır. Hesab edirəm ki, yaxın gələcəkdə, konkret olaraq, Ermənistanın işğalçı dövlət olması etiraf olunacaqdır.
Araz Əlizadə,
ASDP-nin həmsədri:
- Bildiyiniz kimi, BMT-nin işğal olmuş Azərbaycan əraziləri haqqındakı qətnamədə Ermənistan işğalçı kimi göstərilmir. Çox qəribədir, torpaqlar işğal olunub, amma bu torpaqları kim işğal edib, o bilinmir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Azərbaycan bütün qanunlardan istifadə edərək və o cümlədən, müharibə yolu ilə də öz torpaqlarını azad etmək hüququna malikdir. Amma məsələ burasındadır ki, hələ indiyədək Azərbaycanın özü Ermənistana müharibə elan etməyib. Fikrimcə, artıq bu söhbəti ayrı müstəviyə keçirmək lazımdır. Demək lazımdır ki, Ermənistan təcavüzkardı, Azərbaycanın torpaqlarını işğal edib. Eləcə də, işğalçı Ermənistan bizim torpaqları qaytarmağa məcburdu, çünki işğal altında olan torpaqlar bizimdi.