Vladimir Doroxin: “Azərbaycanda Rusiyada təhsil almağa maraq əvvəlki kimi böyükdür”
Dünən Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya Federasiyasının dövlət ali məktəblərində təhsil almaq üçün təqaüdə layiq görülmüş gənc azərbaycanlıların təhsil almağa yola salınması mərasimi keçirilib.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin mərasimdə çıxış edərək vurğulayıb ki, Azərbaycanda Rusiyada təhsil almağa maraq əvvəlki kimi böyükdür. Belə ki, 2007-ci ildə Rusiyanın ali məktəblərində təhsil almaq üçün 178 azərbaycanlı təqaüd aldığı halda, bir il sonra azərbaycanlı təqaüdçü tələblərin sayı 198, bu il isə 284 nəfər olub.
Diplomat qeyd edib ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətində Rusiya ali məktəblərinə xas olan təcrübə, ənənələr və dəyərlər tam həcmdə reallaşır: "Rusiya fəxr edir ki, onun ali məktəbləri Azərbaycan üçün xarici ölkələrdə ixtisaslı kadrlar hazırlanan əsas mərkəzlərdən biridir. Ölkəmiz təhsil sahəsində Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır. Bu əməkdaşlığın əsasını Rusiya ali məktəblərinin yüksək nüfuzu, Azərbaycanda rus dilinin geniş yayılması və Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakteri daşıması təşkil edir".