PDF Oxu

Araşdırma

  • 10

MDB-də böhrandan ən çox əziyyət çəkən 2-ci ölkə Ermənistandır

MDB-də böhrandan ən çox əziyyət çəkən 2-ci ölkə Ermənistandır
Dünyada işğalçı dövlət kimi tanınan Ermənistan, köçürüldükləri ərazilərdə yerli xalqlara qarşı terror və soyqırım aktı həyata keçirən ermənilər bunun ağır nəticələrini yaşamaqdadır. Həyata keçirdiyi işğalçı siyasət sonucunda özünü iqtisadi blokadaya salan terrorçu ölkədə sosial-iqtisadi böhran getdikcə dərinləşir. Qlobal maliyyə-iqtisadi krizisdən ən çox ziyan çəkməsi də rəsmi Yerevanın yürütdüyü separatçı siyasətin iflasa uğradığını açıq göstərir. Uzun illərdir əhalisi aclıq, səfalət və psixoloji böhran içində yaşayan ölkənin durumu getdikcə daha çox pisləşir.
Ermənistan MDB məkanında ən pis durumda olan ölkələrdən biridir. SİA-nın məlumatına görə, bu barədə birliyin Statistika Komitəsində bildirilib. Ən güclü böhran müşahidə edilən Ukraynada ÜDM yarım il ərzində 20 faiz azalıb. İkinci yerdə isə Ermənistandır. Bu ölkədə isə ÜDM 15 faiz azalıb. Rusiyada bu göstərici 13 faiz olub. Sənaye istehsalında da böhran yaşayan Ukrayna 1/3-ni Moldova 1/4-ni, Qırğızıstan isə 19 faizini itirib. Dördüncü yerdə olan Rusiyada bu göstərici 14 faiz olub.
Bir neçə gün öncə isə, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli Emitentin Defolt Reytinqini (İDR) "BB" səviyyəsindən bir pillə endirərək sabit proqnozla "BB-" həddində təsdiq edib. Bundan başqa, ölkə reytinqinin aşağı həddi "BB+"dan "BB" səviyyəsinə endirilib və xarici valyutada qısamüddətli İDR reytinqi "B" həddində təsdiq olunub.
SİA-nın məlumatına görə, agentliyin mütəxəssisləri Ermənistana verilən reytinqin azaldılmasının bir neçə əsasın olduğunu bildirirlər. Belə ki, proqnozlara görə, əsas ticarət tərəfdaşı olan Rusiyaya qlobal maliyyə böhranın təsiri nəticəsində Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq.
Belə ki, ÜDM-in həcminin 2009-cu ilin sonuna kimi rekord səviyyədə, 15% düşəcəyi gözlənilir. Agentlik ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 7,5%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Bundan başqa, 2008-ci ildə ÜDM-in 9%-ni təşkil etmiş pul köçürmələri əsasən Rusiya iqtisadiyyatında baş verən proseslər nəticəsində kəskin azalıb, xarici birbaşa investisiyalar bu ilin birinci rübündə azalaraq 27 mln. ABŞ dollarına çatıb, milli valyutanın 20% devalvasiyasına baxmayaraq ixrac bu ilin birinci yarısında təxminin iki dəfə azalıb.
Müqayisə üçün bildirək ki, iyun ayında "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutada uzunmüddətli İDR reytinqini sabit proqnozla "BB+" (Ermənistandan iki bənd yüksək), ölkə reytinqinin aşağı həddini "BB+" və xarici valyutada qısamüddətli İDR reytinqini "B" səviyyəsində (dəyişməz) saxlayıb.
Dünya mediası işğalçı ölkənin düşdüyü ağır durum haqda mütamadi materiallar dərc edir. "Washington Times" qəzetinin yazdığına görə, "Ermənistan zəif ölkədir və elə bir ölkələrlə əhatə olunub ki, ya bəziləri ilə qeyri-dost münasibətləri var, ya da digərləri ilə uzunmüddətli münasibətlər qurub.
"Aydındır ki, Ermənistan özünü əsas müdafiəçisi Rusiya ilə birgə yaxşı hiss edir, ancaq bu da uzun müddət davam edə bilməz. Düşünürəm ki, Ermənistan da digər ölkələr kimi öz siyasətini dəyişə bilər",-deyə Amerika qəzeti ilə müsahibəsində Moskva mərkəzinin siyasi analitiki Karneqi Maşa Lipman bildirib.
"Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi-əgər bu mümkündürsə,- hələ təzə başlayıb. Bu, çox uzun müddət davam edə bilər",- deyə o bildirib: "Erməni-türk sərhədlərinin açılması ilə zamanla Ermənistan NATO və AB inteqrasiya edə bilər. Beləliklə, o, qonşu ölkə Gürcüstan kimi enerji ticarəti üçün vacib tranzit ölkəsinə çevrilə bilər".
"Washington Times"ın yazısında göstərilir ki, erməni-türk münasibətlərinin tənzimlənməsinə mane olan faktorlardan biri də erməni genosidi məsələsidir. "Türkiyə fikrində duraraq bildirir ki, 1915-ci il hadisələrini aydınlaşdırmaq tarixçilərin üzərinə düşür və türklər heç bir soyqırım törətməyiblər",- deyə yazının müəllifi bildirib. Onun sözlərinə görə, münasibətləri tənzimləmək, eyni zamanda, Türkiyə tərəfi üçün də AB-yə daxil olmaq istiqamətində müsbət təsir edə bilər.
Bir qədər öncə həmin qəzetdə dərc olunan yazıda isə deyilir ki, Ermənistan əhalisinin dörddə bir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. "Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır.
Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur",- deyə məqalədə qeyd olunur.
Qəzet, həmçinin, yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. "Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir.
Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənistanda demokratiyanın vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. Bu ilin əvvəllərində həmin problem özünü bir daha nümayiş etdirdi. Hakimiyyət prezident seçkiləri zamanı müxalifətə qarşı kütləvi zor tətbiq edir",- deyə yazıda bildirilir.
Məqalədə, habelə, Ermənistanda əhalinin böyük əksəriyyətinin ölkəni tərk etdiyi bildirilir. Qeyd olunur ki, qonşu Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. "Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Ermənistan ölkədə vəziyyətin daha da gərginləşməsinə rəvac verir. Bunu Ermənistanın yeni rəhbərliyi dərk etməlidir",- deyə məqalədə vurğulanır.
Dünya ictimaiyyəti artıq Cənubi Qafqazdakı real durumu və münaqişələrin əsil mahiyyətini anlamaqdadır. Burada Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə həyata keçirilən düzgün xarici siyasət faktorunun da mühüm rolu var.
Hələ Sovet İttifaqı dövründə dotasiya ilə yaşayan Ermənistan bir dövlət kimi mövcud olduğu 90 illik zamanda heç vaxt özünün imkanları ilə yaşamağa qadir olmayıb. Hazırda isə, terrorçu dövlət özünün ən ağır dövrünü yaşayır. Təcavüzkarlığın real nəticələri erməni xalqını səfalət işində buraxıb.
Şübhə yoxdur ki, əhalisinin əksəriyyətinin işsiz olduğu, maaş və pensiyaların aşağı məbləğdə ödənildiyi ölkədə yoxsulluq həddi yüksələn xətlə artacaq. Elə ölkə müxalifətinin rəhbərləri, ziyalıların nümayəndələri də bu fikirdədirlər və artıq öz səslərini daha ucadan çıxarmağa başlayıblar. Onlar ölkəyə başa dövlətdən rəhbər təyin olunmuş hakimiyyət başçılarının siyasətinə sərt etirazlarını  bildirirlər.
Göründüyü kimi, erməni xalqı, Ermənistan siyasi müxalifəti artıq reallığı qəbul və etiraf etmək zorunda qalıb. Ölkə ziyalıları, müxalifət liderləri Ermənistanın düşdüyü ağır durumdan və iqtisadi-sosial problemlərdən əhalinin ziyan çəkdiyini, dövlətin beynəlxalq nüfuzunun son illər xeyli aşağı düşdüyünü qeyd edirlər.
Həqiqətən də, regionun ən yoxsul ölkəsinə çevrilən, sosial fəlakət qarşısında qalan, iqtisadi blokadaya düşən, qonşuları ilə ilə dinc yanaşı yaşamaq istəməyən bir ölkənin durumu bundan yaxşı ola bilməz.
Ölkə əhalisinin artıq 20 ildən bəri davam edən ağır böhrandan çıxmaq üçün hakimiyyətə təzyiq etmək etmək imkanları çoxaldıqca, hakimiyyət bunu nəzərə almaq zorunda qalır. İş o yerə çatıb ki, Ermənistan öz ənənəvi müttəfiqi olan Rusiyadan da xeyir görmür. 
Hərdənbir bir qədər köhnə silahlar alan Ermənistana bu, çox baha başa gəlir. Müttəfiqi bu ölkədən öz siyasi və iqtisadi maraqları üçün istifadə edir. Ölkənin nəqliyyat və energetika sektoru, demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir.
Ən əsası isə odur ki, bu müttəfiqlik Ermənistana Avropa və ABŞ-la starteji müttəfiqliyə imkan vermir. Cənubi Qafqazın digər iki ölkəsi isə artıq Qərbin strateji müttəfiqi rolunda çıxış edirlər.
Bu isə işğalçı ölkəni həm beynəlxalq iqtisadi layihələrdə iştirakdan, həm də NATO, ATƏT, AŞ, GUAM kimi təşkilatlarla normal münasibətlərin qurulmasından məhrum edir. Bir qədər öncə Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirak etməməsi də bu ölkəni Qərbin dəstəyindən məhrum edir.
Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri artıq hansı vəziyyətinn yarandığını bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də, mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkişafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
Azərbaycanda Ermənistanla tam əks mənzərə müşahidə olunur. Ölkədə işsizlik problemi, demək olar ki, həll edilib. Böyük infrastruktur, enerji, nəqliyyat və digər layihələr həyata keçirilir. Buraya iqtisadi və sosial proqramları da əlavə etmək lazım gəlir. Düzgün iqtisadi və sosial siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal böhrandan, demək olar ki, ziyan çəkmədi, əhalinin alıcılıq qabiliyyəti artdı.
Hər iki ölkəni təkcə iqtisadi və sosial sahədə müqayisə etmək, fikrimizcə, doğru olmazdı. Humanitar sahələrdə- təhsil, mədəniyyət, səhiyyə sahələrində Azərbaycanda yüksəliş, Ermənistanda eniş müşahidə olunur. Bu da, öz növbəsində, hansı ölkənin, hansı xalqın daha mədəni, sülhsevər və işgüzar olması haqda dünya ictimaiyyətində rəy formalaşdırır.
O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikirlər bunu əminliklə söyləməyə tam əsas verir.
Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırım yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix böyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırım aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.
Beləliklə, Cənubi Qafqazda yerləşən iki ölkənin və bu ölkələri idarə edən hakimiyyətlərin hansının doğru yolda olmasını yuxarıda qeyd etdiyimiz kiçik müqayisə ilə anlamaq olar. Bunun Ermənistanda və onu himayə edən ölkələrdə də tam anlaşıldığının fəqrindəyik.
Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb.

Digər xəbərlər