PDF Oxu

Araşdırma

  • 10

Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin xatirəsi yad ounub

Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin xatirəsi yad ounub
Zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Bu münasibətlə dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin təmsilçiləri Fəxri xiyabana gələrək, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi səyi və təşəbbüsü ilə Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin xatirəsini ehtiramla anmış, məzarı üstünə əklillər və təzə-tər güllər düzmüşlər. Heydər Əliyev Fondunun və bir çox təşkilatların adından da əklillər və gül dəstələri qoyulub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, görkəmli sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulacaq və Bakı şəhərində musiqi məktəblərindən birinə onun adı veriləcək, habelə unudulmaz sənətkarın qəbirüstü abidəsinin də yaxın vaxtlarda ucaldılması nəzərdə tutulub. Nazir vurğulayıb ki, Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı. Biz çox heyfsilənirik ki, son illərdə o, çox az çıxış edirdi. Amma radio və televiziyada səsini eşidir və həmişəki kimi ona valeh olurduq. Biz bu gün artıq Müslüm Maqomayev fenomeni haqqında danışa bilərik. Ona görə ki, Müslüm Maqomayev milyonlarla insanın ürəyini fəth edə bilib. Xatırladaq ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən 8-ci Ümumdünya Festivalından o, medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirib. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilib. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Digər xəbərlər