Türkiyə rəsmilərinin mövqeyi qətidir
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə iddialı halda bildirib ki, Türkiyə-Ermənistan futbol komandaları arasında Ankarada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə yarışına qədər sərhədlər açılmasa, o, həmin oyuna baxmağa getməyəcək. Məlumdur ki, Ermənistan prezidentinin qeyri-ciddi şəxs olması, verdiyi vədə əməl etməməsi öz ölkəsinin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri tərəfindən də dəfələrlə bəyan edilib.
Ona görə də, onun budəfəki vədə xilaf olan bəyanatı da qeyri-adi hadisə kimi qarşılanmadı. Bəlkə də çoxları üçün gözlənilən oldu. Elə bu səbəbdən də, Serj Sarkisyanın Türkiyəyə futbol yarışına baxmağa getməmək barədəki fikri heç kimi mütəəssir etmədi və hansısa bir sensasiya da yaratmadı. Çünki Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında, iki ölkə arasında sərhədlərin açılmasında daha çox Ermənistan maraqlıdır. Səbəb isə son illər Ermənistanda daha da dərinləşən iqtisadi böhran, aclıq, səfalət, işsizlik və nəticədə ölkədən gedənlərin sayının sürətlə artması hakimiyyət dairələrində ciddi təşviş yaradıb. Digər tərəfdən isə Ermənistanın regionda və beynəlxalq aləmdə reallaşmış iri infrastruktur layihələrdən kənarda qalması, bu ölkəyə verilən yardım və ianələrin dayandırılması da narazılığa gətirib çıxarıb. Bütün bunların əsas səbəbi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi və qonşu dövlətlər hesabına öz ərazilərini böyütmək kimi rəzillik olsa da, yenə də öz çirkin niyyətlərində qalmaqdadır. Ermənilər tarix boyu özlərinə qatı düşmən hesab etdikləri türklərlə münasibət qurmaq, bunun hesabına batmaqda olan iqtisadiyyatlarını dirçəltmək istəyirlər. Bu da növbəti erməni hiyləsindən başqa bir şey deyil. Türkiyə ilə sərhədləri açmaq naminə cilddən-cildə girən ermənilər əsil həqiqəti də etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan "Arminfo" agentliyinə müsahibəsində bildirib ki, erməni soyqırımı ilə bağlı tarixi problemlərə baxmayaraq, Ermənistan Türkiyə ilə münasibətlərinin normallaşdırılması üçün hər şeyi edib. Biz bir il Türkiyə ilə müsbət ovqatda danışıqlar apardıq. İki sənədi razılaşdırdıq. Bütün bunlardan sonra Türkiyənin bəzi rəsmiləri bizə on şərt qoyur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını Qarabağ münaqişəsi ilə əlaqələndirirlər.
Yada salsaq ki, S.Sarkisyan yaranmış problemdən çıxmaq üçün ilk diplomatik gedişini futbol yarışı üzərində qurdu və Türkiyə Prezidenti Abdullah Gülü iki ölkənin yığma komandaları arasında keçirilən futbol yarışına baxmaq üçün Yerevana dəvət etdi. Yaranmış bu prosesə ekspertlər müxtəlif formada yanaşdılar. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu məsələyə münasibət bildirərəkən, vurğulayıb ki, Türkiyə prezidentinin bu dəvəti qəbul etməsi və Yerevana getməsi fikir ayrılığına sbəb olsa da, əslində, Abdullah Gülün bu gedişi ilə Türkiyə heç nə uduzmadı:
- Uduzan yenə də Ermənistan tərəfi oldu: həm futbol matçında, həm də siyasətdə. Dünənə qədər bütün dünyaya türklərin ermənilərə qarşı amansız soyqırımı törətməsi barədə car çəkən ermənilər necə oldu ki, qan düşmənini birdən-birə öz ölkələrinə dəvət edib böyük təmtəraq, hörmət və izzətlə qarşıladı? Elə bu sual dünyanın tanınmış politoloqlarını, ziyalılarını da ciddi düşünməyə vadar etdi. Demək, erməni soyqırmının qondarma olması deyilənləri təsdiqləyir.
Bir məsələyə də aydınlıq gətirim ki, Ermənistana elə gəlirdi ki, Abdullah Gülün bu ölkəyə gəlişi iki dövlət arasındakı problemləri aradan qaldıracaq. Hətta Sarkisyan Ermənistanın Türkiyəyə qarşı torpaq iddiasında olmadığı barədə tələm-tələsik bir açıqlama da verdi. Sözsüz ki, bu da bir erməni hiyləsi idi. Axı, bu millətin mayası hiylədən tutulub. Onlar artıq Türkiyə-Ermənistan sərhədlrinin açılacağına tam əmin olmuşdular. Hətta Ermənistan prezidenti lovğa-lovğa iki ölkə arasında futbol matçının Ankrada keçiriləcək təkrar görüşünə məhz açılmış sərhəd zolaqlarından keçib gedəcəyini bildirmişdi. Bunun reallaşdığını dünya ictimaiyyətinə nümayiş etdirmək üçün Ermənistan tərəfi sərhəd bölgəsindəki yolları təmir etdirir, buraxılış məntəqələrini təzələyirdi. Bu yerdə deyirlər ki, ac toyuq yuxusunda darı görər. Qeyd edim ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Ankara rəsmi Yerevan qarşısında əsas üç şərt qoydu: işğal olunmuş Azərbaycan əraziləri boşaldılmalı, qondarma "erməni soyqırımı" və Türkiyəyə qarşı ərazi iddiasına son qoyulmalıdır.
Bununla da, Ermənistan prezidenti Serj Sarkisyanın "açılmış sərhəd bölgəsindən" keçərək Ankaraya futbol matçına baxmaq arzusu ürəyində qaldı. Üstəlik, Türkiyə rəsmilərinin "Qarabağ bizim qan axan yaramız", "Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz", "Dağlıq Qarabağ probleminin həlli regionda davamlı sülhü təmin edəcək" kimi qətiyyətli bəyanatları ermənilərin bütün ümidlərini puç etdi. İşğalçı dövlətə bir daha aydın oldu ki, Türkiyə ilə Azərbaycan ayrılmaz dost və qardaş ölkələrdir. Bu iki ölkə arasında olan münasibətlər, strateji tərəfdaşlıq əlaqələri, beynəlxalq səviyyədə bir-birini dəstəkləmələri, digər dövlətlərə həmişə nümunə olub.
Bir faktı da xatırlamaq yerinə düşər. Belə ki, Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədləri bağlayarkən qondarma soyqırımı, ərazi iddiası və Azərbaycana qarşı çoxlu sayda ağır terror aktlarını, bu ölkənin yeritdiyi işğalçılıq siyasətini əsas gətirmişdi. On altı il əvvəl qəbul olunmuş bu qərar hələ də qüvvəsindədir. Nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymasa sərhədlərin açılması onlar üçün xəyal olaraq qalacaq.