PDF Oxu

Araşdırma

  • 12

“Mən Ermənistanı kiçik kəndə oxşadıram”

“Mən Ermənistanı kiçik kəndə oxşadıram”
Dünya maliyyə böhranı Ermənistanı bir dövlət olaraq müflis həddə gətirib. Ermənistan parlamentinin "İrs" fraksiyasının deputatı Armen Martirosyanın sözlərinə görə, ölkdə nağd pul qıtlığı son həddə çatıb və üstəlik, hər il Ermənistandan dövlət büdcəsi qədər pul kütləsi xaricə çıxarılır. 2009-cu ilin dövlət büdcəsin icra vəziyyətindən danışan deputat deyib ki, hazırda Ermənistanın mənfi saldosu 3 milyard, idxalı 4 milyard, ixracı isə cəmi 1 milyard dollar təşkil edir. Necə deyərlər, rəqəmlər vəziyyəti aydın illüstrasiya edir.
A.Martirosyanın fikrincə, idxalın ixracı 4 dəfə üstələməsi nəticəsində bu qədər vəsaitin xaricə çıxması özünü iqtisadi durumda göstərir: "İndiyədək vəziyyəti xaricdə yaşayan soydaşlarımızın pul transferləri hesabına ört-basdır edə bilirdik. İndi dünyada iqtisadi böhrandır, pul köçürmələrinin həcmi azalır, bu isə özünü iqtisadiyyatda göstərir". Bir sözlə, deputat A.Martirosyan prezident Serj Sarkisyandan qat-qat real düşünür.
Ancaq bu, hələ harasıdır? Şübhə yoxdur ki, yaşlı və orta nəslin nümayəndələri Dağlıq Qarabağdakı separatizmə Moskvadan dəstək verən, mənfur Qorbaçovlar ailəsinin yaxın dostu, erməni iqtisadçı-akademik Abel Aqanbekyanı unutmayıblar. Həmin o A.Aqanbekyan bir qədər əvvəl Ermənistanda olub və vətəninin gələcəyinin çox bədbin olduğunu öz gözləri ilə görüb, təəssüratlarını gizlədə bilməyib. A.Aqanbekyanın fikrincə, Ermənistan valyutası o qədər "bərkiyib" ki, ixrac əməliyyatlarını həyata keçirmək mümkün deyil. Ən gəlirli sahə idxalla məşğul olmaqdır, bunun nəticəsində isə ikinci əməliyyat birincini 3 dəfə üstələyir: "Ermənistan dünyanın yeganə ölkəsidir ki, kənd təsərrüfatının da, tikintinin də, ticarətin də payı sənayenin payından qat-qat çoxdur. Dünyada belə bir ölkə yoxdur. Bəlkə Afrikada, Saxarada tapmaq olar, bilmirəm". A.Aqanbekyan deyib ki, SSRİ vaxtında Ermənistanda sənayenin payı 67 faiz idi və bu sahə saxlanılsaydı, hanısısa uğura ümid etmək mümkün idi.
A.Aqanbekyan bildirib ki, son ilyarım ərzində ölkəsinə 12 səfər edib və yerli hökumətə məsləhətlər verməyə çalışıb. Onun fikrincə, Ermənistan kimya sənayesini, informasiya texnologiyasını, mis-molibden sənayesini, zərgərlik sənətini inkişaf etdirməlidir. Ancaq hansı yolla - bu, məlum deyil. "Ermənistan Soçidə olimpiya komplekslərinin tikintisində iştirak edə bilərdi, ancaq bu imkan əldən çıxdı. Əslində, bu, əvvəldən də bəlli idi". S.Sarkisyandan fərqli olaraq A.Aqanbekyan hesab edir ki, Ermənistan iqtisadiyyatında dünyadakı qlobal böhranın təsir göstərdiyi kifayət qədər zəif yerlər mövcuddur. Onun fikrincə, xarici ölkələrdə iş yerlərini itirən şəxslər arasında ermənilər də var, bu, onların vətənə pul göndərmələrinə maneə yaradır. A.Aqanbekyan regionlarla paytaxt arasındakı fərqdən və disbalansdan da narahatdır. Onun məlumatına görə, həyata keçirilən tikintinin 88 faizi paytaxtın payına düşür və bu, çox təəssüfləndirici göstəricidir.
Ermənistanın Milli Bankının keçmiş sədri Baqrat Asatryan da ölkəsinin gələcəyini dumanlı görür: "Gürcüstandakı münaqişədən biri də baş versə, biz sadəcə, acından öləcəyik". B.Asatryanın qənaətinə görə, dünyadakı böhran Ermənistana tək pul köçürmələrinin azalması deyil, həm də tikinti və bank sistemindəki enmə formasında da təsir göstərəcək. Onun məlumatına əsasən, hazırda Ermənistan banklarının kapitalı 3 milyard dollar təşkil edir, bu vəsaitin yarıdan çoxu xarici mənşəlidir, onun isə, öz növbəsində, yarıdan artığı Rusiyadandır. "Təəssüf ki, rus kapitalı Avropa kapitalı kimi sabitlik və etibarlılığa malik deyil. Bu kapitalın daşıyıcıları olan subyektlər dünyadakı iqtisadi böhranın təsirini hiss edəcəklər".
Keçmiş bank sədrinin sözlərinə görə, ümumiyyətlə, bu reallıqla Ermənistan ciddi iqtisadi uğura ümid edə bilməz. "Mən Ermənistanı kiçik kəndə oxşadıram. Hər tərəfə qar yağıb, yollar kəsilib. Qar əriyəndə, bu böhranın nəticələri özünü göstərəcək" - deyə o bildirib. B.Asatryan əmindir ki, Ermənistan təcrid vəziyyətində qaldıqca, böhrandan çıxa bilməyəcək. Bunun üçün dünya iqtisadiyyatına yaxından inteqrasiya olmaq lazımdır: "Xaricdəki qohumlarımız bizə pul yollayır. Ancaq bir gün onlar bundan yorula bilərlər. Axı heç bu yol da bizim inkişafımız üçün təminat deyil".
Beləliklə, Ermənistanın iqtisadi vəziyyəti sürətlə pisləşir. Baş nazir Tiqran Sarkisyan isə ağır durumda olan ölkəsini xilas etmək üçün Rusiyaya üz tutub. Cənubi Qafqazın ən zəif dövləti olan Ermənistan yürütdüyü işğalçılıq siyasəti üzündən regional layihələrdən kənarda qalıb. İndi bu dövlət itirdiklərini bərpa etmək məqsədilə Rusiya ilə böyük həcmli iqtisadi layihələri gerçəkləşdirəcəyini bəyan edir. İqtisadi imkanları tükənən işğalçı dövlətin energetika, bank işi və nəqliyyat sahələri kimi böyük maliyyə vəsaitləri tələb edən layihələri yaxın gələcəkdə reallaşdıra bilib- bilməyəcəyi isə sual altındadır. Baş nazir Rusiyada kök salmış erməni iş adamları ilə də görüşüb. Onlardan maliyyə vəsaitlərini Ermənistana da cəlb etməyi xahiş edib.
2009-cu ilin Ermənistan üçün çox ağır gəldiyini bəyan edən T.Sarkisyan erməni hökumətindən gərgin işləməyi tələb edib. Üstəlik, bu il xərclər ümumdaxili məhsul tempinə uyğun gəlməsə hökumət bu xərclərdən də imtina edəcək. Əhali isə daha ağır günlərini gözləyir. Erməni iqtisadçılar da dünya maliyyə böhranından narahatdırlar. Onlar hesab edir ki, böhran Ermənistan iqtisadiyyatına gələn ilin yazında daha böyük zərbələr endirəcək. Artıq maliyyə böhranı Ermənistanda yaşayış səviyyəsinə öz mənfi təsirini göstərməkdədir. İqtisadçı ekspertlər Ermənistan hökumətinin təkcə Rusiya ilə əlaqə qurmasından da narazıdırlar. Bu dövlət strateji tərəfdaş olsa belə. Ekspertlərin fikrincə, Ermənistan gec-tez Cənubi Qafqazda öz yerini tutmalıdır. Amma indi bu haqda danışmağa belə dəyməz.
Çünki dövlət olaraq Ermənistan yaxın sərhəd qonşuları ilə münasibətləri normallaşdırmaq əvəzinə, uzağa əl uzadır və gəlir gətirəcək bütün regional layihələrdən kənardadır. Hazırda Ermənistan müəssisələrinin çoxu fəaliyyətini dayandırmağa hazırlaşır. Ölkədə işsizlərin sayı isə sürətlə artır. Hökumət yeni ildə etiraz aksiyaları ilə üzləşəcəyindən narahatdır.

Digər xəbərlər