Zəhmət məkanının sakinlərinin sayı-hesabı olmasa da, burada ismini həkk etmiş şəxslərin tərcümeyi-halı onların bir fərd olaraq hər birimizin keçdiyi yolun maraqlı səhifələrində zəngin fəaliyyətini əks etdirir və orijinal şəkildə təqdim olunan ömür məsafəsində illərin xidmətini işıqlandırır. Belə ömür yaşayan insanlardan biri də, həyatını zəhmətə, əməyə sərf etmiş, uşaqdan- böyüyə hamının məhəbbətlə səslədiyi Səməd dayıdır.
Həmzəyev Səməd Mehdi oğlu 1944-cü il avqustun 4-də Azərbaycanın səfalı guşələrindən olan - Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində (Göyçə mahalında) o dövrün şərəf və nümunə nişanı olan kolxozçu ailəsində dünyaya göz açıb. Uşaqlıq, yeniyetməlik illəri də məhz orda doğma yurdda keçib. Lakin 14 yaşında yaşıllıqlara qərq olan təbiətin səfalı qoynundan ayılaraq üzünü Bakıya - o dövrdə ölkə gənclərinin əksəriyyətinin inam qapısı olan ixtisas məktəbinə tutur. Uşaq yaşlarında həmişə bənna olmaq arzusu ilə yaşayan Səməd dayı bu istəyini reallaşdıra bilir. Bizimlə söhbətində "Niyə məhz bənna olmaq istədiniz" sualına müsahibim: "O zaman evimiz uçmuşdu. Biz də usta çağırmışdıq ki, gəlib evimizi tiksin, ancaq usta gəlmədi və mən də qərar verdim ki, mütləq bənna olmalıyam ki, evimizi tikim". Bəli, 65 yaşı Səməd dayının uşaqlıq xatirələrinin içində bu günə kimi yaşayan arzusu olub. Hansı ki, illər keçir və gənc Səməd bunu reallaşdıraraq, bənna olduqdan sonra evlərinin uçan hissəsini özü təmir edə bilir.
O zaman ixtisas dalınca Bakıya üz tutaraq gələn 14 yaşlı gəncin paytaxta - şəhərin qaynar həyatına alışması da bir o qədər asan olmur. Belə ki, ilk qədəmlərini basdığı zaman çoxları kimi bu məkanın ab-havasını həzm etmək onun üçün bir o qədər çətin olur. O, ixtisas məktəbində bənnalıq öyrənməklə yanaşı, o zaman Sabunçu qəsəbəsində təşkil oluanan fəhlə-gənclər üçün 53 saylı axşam məktəbində orta təhsilini davam etdirir və bundan sonra üzünü politexnik texnikumuna tutur. Texnikuma qəbul olan müsahibimiz təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanır və bir də üç ildən sonra yenidən təhsilini davam etdirməyə başlayır. Tanrının ona bəxş etdiyi istedaddan bəhrələnərək daim öz üzərində işləmiş, hətta məktəb illərində belə, təhsil ocağında təşkil olunan tədbirlərdə aktiv olmuş, yenilikləri özündə əxz etməyə çalışmışdı.
Səməd dayının dünyagörüşündəki fərqlilik, özünəməxsus sənət meyarları onu daha dəqiq işləməyə və özünü təsdiqləməyə səsləyir və o da bu səsin arxasınca gedir. Tale onu 8 saylı tikinti idarəsində bənna kimi ilk əmək fəaliyyətinə başlamaqla sınayır. Onun ilk əmək kitabçası da məhz həmin müəssisədə açılır. Bu müəssisədə uzun müddət fəaliyyət göstərdiyi dövrdə bənnalıqdan, tikinti ustası, texniki-təhlükə üzrə mühəndis və iş icraçısı vəzifəsinə kimi yüksəlir. Səməd dayının işinə olan məhəbbəti və özünə olan inamı sayəsində bu illərdən sonra onu Bakı Baş Tikinti İdarəsinin nəzdində olan TREST-ə dəvət edirlər. İşinə tam şəkildə bağlandığından istehsalatdan ayrılmamaq şərti ilə müsahibimiz Politexnik İnstitutunun inşaatçı mühəndis fakültəsinə də qəbul olaraq institutu yüksək notlarla tamamlayır. Müsahibimiz 8 il TREST-də həmkarlar ittifaqının sədri kimi fəaliyyət göstərir.
Bununla yanaşı, Moskvada Ümumi Həmkərlar Şurası nəzdində N.M.Şivernik adına həmkarlar təşkilatının ali məktəbində əməyin iqtisadiyyatı peşəsinə də yiyələnir. Bütün bu gərgin əməyin və zəhmətin nəticəsi olaraq, o, 1988-ci ildə "Əmək veteranı" döş nişanı ilə təltif olunur.
1993-cü ildə Səməd dayının qabaqcıl fəaliyyətini və işə məsuliyyətini nəzərə alan rəhbərlik onu Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində rəis müavini təyin edirlər. Təbii ki, burada özünü tapıb, çox sınaqlardan çıxaraq müsahibimiz böyüklük, müdriklik göstərməyə nail olur. İllərin təcrübəsi burda da ona dəstək olur və Səməd dayı kollektiv arasında həmişə seçilir. Ümumiyyətlə, onun iş fəaliyyətinə nəzər saldıqda, onu qeyd etmək olar ki, çalışdığı illər ərzində həmişə əməyinə verilən diqqət və qayğını hiss edib. Fəaliyyətinin nəticəsi olaraq dəfələrlə fəxri fərman, diplom və döş nişanları ilə təltif olunub. Bu səbəbdən, müsahibimiz həyatından həmişə razılıq edir.
Bu səbəbdəndir ki, həyatın enişli-yoxuşlu yollarını addımlamış, sevincli illərini yaşayan Səməd dayı gözü tox, qəlbi nurlu bir insan kimi həmişə sevilir və hörmət edilir. Elə ömrünə səpilən bu nurdur onu yaşadan və cavanlıq eşqi ilə fəaliyyətdə olmasını təmin edən.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində rəis müavini vəzifəsində 7 illik fəaliyyətindən sonra o, işini Azərbaycan Respublikası Olimpiya Mərkəzində kadrlar şöbəsinin rəisi kimi bu gün də davam etdirir. Qazandığı nailiyyətlərə görə hər zaman Tanrıya minnətdardır. Bu illər ərizində isə bağlandığı peşəylə bağlı qənaəti belədir: "Sağlam bədəndə daim sağlam ruh olar. Gənclərin arasında özümü həmişə gənc, xoşbəxt və firavan hiss edirəm".
Biz də sizi ömrünüzün 65 ci baharında təbrik edir və sizi hər zaman şən, gümrah və firavan görməyi arzu edirik.