PDF Oxu

Araşdırma

  • 14

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq”

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq”
Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Şəki təşkilatı BMT-nin Əhali Fondu ilə birlikdə Şəki şəhərində "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq" mövzusunda seminar keçirdi. Tədbirdə ombudsman Elmira Süleymanova çıxış edərək keçirilən mövzuda qaldırılan problemin aktuallığını vurğuladı.
O, ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində respublikamızda gerçəkləşdirilən, həmçinin, Azərbaycan Qadın və İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən proqramların əhəmiyyətini qeyd edərək bildirdi ki, qadın və kişilərə bu sahədə geniş informasiyanın çatdırılması və xidmətlərin təşkil edilməsinin, əhalinin bilik səviyyəsinin artırılması məqsədilə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi zəruridir. E.Süleymanova Milli Məclisin sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Azərbaycan Respublikası Qanun layihəsinin gündəliyə çıxarıldığı dövrdə həmin layihənin Ombudsman Aparatında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin iştirakı ilə geniş müzakirə edildiyini və bu zaman səsləndirilmiş təkliflərin Milli Məclisə təqdim olunduğunu bildirdi.
Müvəkkil, eyni zamanda, orta məktəb şagirdlərinin və tələbələrin reproduktiv sağlamlıq haqqında çap olunmuş kitab, broşür və bukletlərlə təmin edilməsinin zəruriliyini də vurğuladı. E.Süleymanova 12 Avqust Beynəlxalq Gənclər Günü ərəfəsində ombudsman təssisatının əməkdaşları tərəfindən regionlarda əhali, o cümlədən, gənclər arasında geniş maarifləndirmə işinin təşkil olunduğunu iştirakçıların nəzərinə çatdırdı.
Şəki Ailə Planlaşdırılması Mərkəzinin rəhbəri Sədaqət Qədimova irsi xəstəliklərin qarşısının alınması, erkən, o cümlədən, qohumlararası nigahlar nəticəsində yaranan fəsadlar barədə danışaraq bildirdi ki, nigah ərəfəsində gənclərin tibbi müayinədən keçmələri vacibdir.
Şəki Rayonlararası Dəri Zöhrəvi dispanserinin baş həkimi Azər Yusifov QİÇS və cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınması üsulları haqqında ətraflı məlumat verərək, anonim müayinə kabinetlərinin yaradılmasının, miqrasiyadan qayıdan kişilərin mütləq müayinədən keçirilməsinin zəruriliyini söylədi.
Şəki Gənclər, İdman və Turizm İdarəsinin rəisi Vüqar İsgəndərov gənclərin ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində daha məlumatlı olmaları üçün səhiyyə-maarif işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, bildirdi ki, rəhbərlik etdiyi idarə tərəfindən QİÇS-lə mübarizə və gənc ailələrlə bağlı müvafiq tədbirlər keçirilir.
Şəki şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət işləri üzrə müavini Zərinə Cavadova bu gün gəncliyin sağlamlığı və sağlam ailənin təməlinin qoyulmasında belə tədbirlərin əhəmiyyətli olduğunu bildirdi.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırıldı.
Həmçinin, müvəkkil E.Süleymanova Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovla birlikdə 31 İyul Dövlət Sərhəd Xidməti Günü münasibətilə Sərhəd Qoşunlarının Şəkidəki N saylı hərbi hissəsində görüş keçirdilər.
Hərbi hissənin əsgər və zabitləri qarşısında çıxış edən ombudsman E.Süleymanova şəxsi heyəti bayram münasibətilə təbrik edərək, xoş arzularını bildirdi. O, Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaradılmasında, inkişaf edərək formalaşmasında ümummilli lider Heydər Əliyevin qayğısını, bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, həm də Dövlət Sərhəd Xidməti sahəsində quruculuğun, bu xidmətin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini qeyd etdi.
Sərhəd Qoşunlarının müstəqil respublikamızın dövlət sərhədlərinin etibarlı müdafiəsində ayıq-sayıq dayandığını qeyd edən E.Süleymanova bu gün dövlət sərhədlərində şəxsi heyətin döyüş hazırlığının təkmilləşdiyini, xidməti borclarını məsuliyyətlə yerinə yetirdiklərini vurğuladı.
Həmin gün ombudsman, həmçinin, Daxili Qoşunların Şəkidəki hərbi hissəsinə də baxış keçirərək, şəxsi heyətlə söhbət apardı. O, zabit, çavuş və əsgər heyətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda döyüş hazırlığının səviyyəsinin daha da yüksəldilməsini, hərbi biliklərə mükəmməl yiyələnməyi, əsgər və zabitlərin daxili nizam-intizam qaydalarına riayət etməsini, hərbi xidmətlərini Nizamnamə çərçivəsində davam etdirməyin vacibliyini vurğuladı.
Görüşdə çıxış edən hərbi hissələrin zabitləri şəxsi heyətlərin döyüş hazırlığının daha da təkmilləşdirildyini söylədilər.

Digər xəbərlər