PDF Oxu

Araşdırma

  • 15

Sarkisyan boş xəyallarla yaşayır

Sarkisyan boş xəyallarla yaşayır
Bu günlərdə yenidən Türkiyə - Ermənistan münasibətləri müzakirə mövzusuna çevrilmişdir. Belə ki, bir müddət bundan öncə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yönündə davamlı olaraq danışıqlar aparılsa da, bu, heç bir nəticə vermədi. Bunu əngəlləyən isə, məlum olduğu kimi, Ermənistan tərəfi oldu.
O, münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində Türkiyənin şərtlərinə əməl etmədiyindən iki ölkə arasında əlaqələrin qurulmasında maneələr yarandı. Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü əsas şərt isə işğal altında olan Azərbaycan torpaqlarını və Dağlıq Qarabağı azad etmək idi. Məhz bu işğal nəticəsində Türkiyə Ermənistanla bütün əlaqələri pozmuş və sərhədləri bağlamışdır. Burada da konstruktivlik nümayiş etdirməyən Ermənistan hökuməti münasibətlərin gələcək perspektivlərinin üzərindən xətt çəkmiş oldu.
Bu günlərdə isə, yuxarıda qeyd etdiyim kimi, bu məsələnin yenidən müzakirə mövzusuna çevrildiyi bir vaxtda Ermənistan tərəfi başda prezident Serj Sarkisyan olmaqla öz maraqlarını diqtə etməyə çalışır. O, bu məsələ ilə bağlı fikirlərə aydınlıq gətirərkən göstərdiyi mövqe çox inanılmaz görünüb. O bilidirib ki, Ermənistan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Türkiyə tərəfindən qabaqcadan irəli sürülən hər hansı şərti qəbul edə bilməz. Belə bir vəziyyətdə erməni prezidentin açıqladığı fikirlər onun apardığı siyasətin bir hissəsi kimi qeyd oluna bilər. Hətta S.Sarkisyan verdiyi açıqlama zamanı qondarma soyqırımı iddialarını da qeyd etməyi yaddan çıxartmayıb. O sanki bu məsələdə Türkiyəyə güzəştə gedərək ona əlini uzatdığını bildirib. Bunun da müqabilində Türkiyə rəhbərliyindən ilkin şərt olmadan diplomatik əlaqələrin bərpa olunması, yolların açılması məsələlərini müzakirə etməyi təklif edib. Serj Sarkisyanın sözlərinə görə, rəsmi Yerevan bir il ərzində Türkiyə ilə danışıqlar aparıb və iki sənədi razılaşdırıb. Serj Sarkisyan Ermənistanın müstəqil dövlət olduğunu və onunla ilkin şərt dili ilə danışmağın mümkün olmadığını deyib.
Türkiyənin bu gün regionda sülh və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədi hamıya məlumdur. Bu məqsədlə o, Ermənistan dövləti ilə də region dövlətləri arasında əlaqələrin qurulmasına çalışır. Lakin ermənilərin belə bir təklifdən üz döndərməsi yalnız onların əleyhinə işləyən bir mövqedir və Ermənistanı uçuruma aparır. Türkiyənin regionda göstərdiyi mövqe heç də o demək deyil ki, o öz milli maraqlarından imtina edəcək.
Lakin hamıya məlumdur ki, Ermənistanın Türkiyə qarşısında öz maraqlarını diqtə etməyə heç bir halda gücü çatmaz. Belə ki, o, hazırda Cənubi Qafqaz regionunda hər bir cəhətdən ən zəif bir ölkədir. İki qonşu ölkə ilə sərhədləri bağlı olduğundan bütün regional layihələrdən kənarda qalıb və heç bir siyasi və iqtisadi qüdrətə malik deyil. Yalnız öz havadarlarından aldığı yardımlar sayəsində yaşamaq imkanı əldə edir. Buna görə də onun belə bir mövqe göstərməsi erməni siyasətçilər tərəfindən düzgün qarşılanmır. Bunu mürtəce erməni siyasətinin bir hissəsi olduğunu da iddia etmək olar. Çünki belə məqamlar Ermənistan tərəfindən tarix boyu tez-tez müşahidə olunub.

Digər xəbərlər