Ermənistan: geosiyasi uçurumun son mərhələsi
Dağlıq Qarabağ münaqişəsi ətrafında son günlər müzakirələrin yenidən intensivləşdiyi bir vaxtda Ermənistan özünəməxsus şəkildə beynəlxalq ictimaiyyətdə problemin aradan qaldırılması ilə bağlı həqiqətdən uzaq bir rəy formalaşdırmaq cəhdlərini davam etdirməkdədir. Bunu işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın söylədiyi fikirlər bir daha sübut edir. O, Yerevan hərbi məktəbinin müdavimləri qarşısındakı çıxışında iddia edib ki, "Azərbaycanın Dağlıq Qarabağı öz ərazisi kimi görmək istəyi hər hansı beynəlxalq hüquq normasına uyğun deyil". S.Sarkisyan bununla kifayətlənməyib daha da irəli gedərək, Dağlıq Qarabağın heç vaxt Azərbaycana "hədiyyə" edilməyəcəyini vurğulayıb.
Bəlkə də, belə bir açıqlamanı siyasətdən uzaq, beynəlxalq hüquq normalarından və BMT TŞ-nin işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsilə bağlı qəbul etdiyi 4 məlum qətnaməsindən xəbərsiz bir adam versəydi, onu başa düşmək olardı. Amma bu sözləri deyənin Ermənistan prezidenti olduğunu düşünəndə adamı dəhşət götürür. Çünki S.Sarkisyana BMT-nin Azərbaycanı indiki sərhədləri daxilində öz sıralarına qəbul etməsi və onun ərazi bütövlüyünü tanıması, bununla bağlı bir neçə il bundan əvvəl AŞ PA-da işğal edilən Azərbaycan torpaqlarının dərhal azad olunması, həmçinin, BMT Baş Assambleyasının ötən ilin mart ayının 14 -də keçirilən sessiyasında "İşğal edilmiş Azərbaycan topraqlarında vəziyyət" adlı qətnamələrin qəbul edilməsi yaxşı məlumdur. Belə başa düşmək olar ki, S.Sarkisyan bu sözləri deyərkən ya ağlı başında olmayıb, ya da eyforiyadan onda baş gicəllənməsi əmələ gəlib. Hər halda S.Sarkisyanın söylədikləri xəstə adamın sayıqlamaları təsiri bağışlayır.
"BMT Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnaməsi münaqişə tərəflərinin birinin dəstəklənməsinə yönəlib". Bunu da Ermənistan prezidenti S.Sarkisyan BMT Baş Assambleyası sentyabrda keçiriləcək növbəti sessiyası ilə bağlı çıxışında deyib. Xatırladaq ki, həmin sessiyanın gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin müzakirəsi də daxil edilib. İşğalçı ölkənin başçısının fikrincə, dərin köklərə malik çətin və həssas problemin həlli üçün geniş miqyaslı səylər göstərilsə də, BMT-də qəbul olunmuş qətnamə tərəflərin maraqlarını əks etdirmir.
Ermənistan prezidenti Azərbaycanın hərbi büdcəsini artırmasından narahatlığını da gizlətməyib. "Biz, BMT üzvləri təşkilatın nizamnaməsinə əməl etməliyik. Əgər bir ölkə qısa müddət ərzində öz hərbi büdcəsini bir neçə dəfə artırırsa və bununla fəxr edirsə, beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş silah kvotası pozulursa, bir ölkə atəşkəs haqqında müqavilə bağlanmasına baxmayaraq, müharibəyə başlamaqla hədələyirsə, buna cavab verilməlidir". Bu fikirləri təsadüfən yazmadıq. Özünüz müqayisə edin, S.Sarkisyan bir tərəfdən "qələbədən" dəm vurur, digər tərəfdən isə Azərbaycanın hərbi qüdrətindən narahatlıq keçirdiyini gizlətmir.
S.Sarkisyan onu da bildirib ki, Türkiyənin "erməni soyqırımı"nı tanıması Ermənistan üçün məqsəd deyil: "Bunun tanınması bizim üçün profilaktik xarakter daşıyır və bu ədalət məsələsi ilə bağlıdır". Rəsmi Ankara ilə Yerevan arasında sərhədlərin açılmasına dair danışıqların intensivləşdiyi bir dövrdə, Ermənistan prezidenti Serj Sarkisyan alman sosioloqu, Frankfurt Universitetinin professoru Tilman Alertə müsahibəsində bəyan edib ki, Türkiyənin qondarma erməni soyqırımını tanıması Ermənistan üçün məqsəd deyil: "Bunun tanınması bizim üçün profilaktik xarakter daşıyır və bu ədalət məsələsi ilə bağlıdır". Bu da onun simasını ifşa edən növbəiti fakt. Necə deyərlər, erməni xisləti burada da özünü büruzə verir.
Beləliklə, işğalçı Ermənistanın prenzidenti S.Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə əməkdaşlıq konsepsiyasının mahiyyəti artıq məlumdur. Bu arada, S.Sarkisyanın anti-Qərb pozisiyası ölkə ictimai rəyində də ciddi narahatlıq doğurur və güman ki, bu narahatlıqlar yaxın gələcəkdə daha da şiddətlənəcək. "Ermənistanda Rusiya ilə münasibətlərə dair xüsusi parlament dinləmələri təşkil olunmalıdır". Belə bir təşəbbüslə bu günlərdə Ermənistan politoloqlar ittifaqının sədri Amayak Ovannisyan çıxış edib. "Erməni-rus münasibətləri o qədər vacibdir və ciddi problemlərə malikdir ki, bu əlaqələr barədə yalnız yubiley tarixlərində danışmaq olmaz" - deyə politoloq vurğulayıb.
Xatırladaq ki, tərəflər dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmaya dair müqavilənin 15 illiyini qeyd ediblər. Qeyd edək ki, tərəfləri rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldıran bu əməkdaşlıq hələ sabiq prezident Levon Ter-Petrosyan zamanında əldə olunmuşdu. Ona görə də indi bir çoxları eks-prezidentin anti-Rusiya və ya Qərbpərəst mövqedə durduğuna dair bəyanatları şərh edərkən məhz bu məsələyə diqqət yetirməyi vacib bilirlər. Yəni faktiki olaraq R.Köçaryan dövründə aşkar vassallıq münasibətlərinə qədəm qoymuş Ermənistan məhz elə L.Ter-Petrosyan hakimiyyəti illərində Rusiyanın forpostuna çevrilmişdi.
Hazırkı reallığı 15 il bundan əvvəllə tək zaman deyil, həm də bu münasibətlərə baxış da fərqləndirir. Əgər o vaxt Rusiya ilə münasibətlərin alternativsizliyinə hər kəs əmin idisə, bu gün strateji tərəfdaşdan şübhələnənlər və bu əlaqələrə açıq etiraz bildirənlər kifayət qədərdir. Ermənistanda Rusiyanın bu ölkəni faktiki olaraq subyektlərindən birinə çevirməsi, həm xarici, həm də daxili siyasətin tam olaraq Moskvadan asılılığı, borc müqabilində iqtisadiyyatın öndə gedən sahələrinin ələ keçirilməsi və onların investisiyasız qalmaları, bir sözlə, Yerevanın atmaq istədiyi istənilən müstəqil addıma rəsmi Kremldən sərt cavab verilməsi çoxlarını qıcıqlandırır. İndi nəinki bu əlaqələrdən narazı qalan fərdlər, hətta bu platformada fəaliyyət göstərən partiyalar da var.
Düzdür, narazıların sıralarında Qərbin onlara stavka etməsini arzulayanlar da az deyil və bu gün Yerevan-Moskva münasibətlərini tənqid edənlər bu yolla özlərinə xarici dəstək əldə etməyə çalışırlar. Ermənistan rəhbərliyinin bu gün prinsipcə alternativ yolu da yoxdur: Rusiyanın nəzarəti altından çıxmaq Azərbaycanla münaqişədə dərhal uduzmaqla nəticələnə bilər. Başqa sözlə, hakimiyyətdə olanların özlərinin də etiraf etdikləri kimi, fərqli siyasət Dağlıq Qarabağın dərhal itirilməsi demək olacaq.
A.Ovannisyanın fikrincə, Cənubi Qafqazın inkişafı aspektində Ermənistanla Rusiyanı yalnız tərəflərin müxtəlif istiqamətlərə dair vahid, ikitərəfli marağa əsaslanan strategiya və siyasətə malik olduqları halda müttəfiq saymaq olar. "Real vəziyyət isə göstərir ki, ölkəmizin vəziyyəti fövqəladə dərəcədə mürəkkəbdir" - deyə politoloq düşünür. A.Ovannisyan qeyd edib ki, Ermənistan bölgədəki bütün tranzit layihələrdən kənarda qalıb, TRASEKA, İNOQETE və Şimal-Cənub xəttinin iştirakçısı deyil: "Bu isə təsadüfi deyil, çünki biz bu layihələrdə iştirak etməyən Rusiyanın bölgədəki yeganə müttəfiqiyik". A.Ovannisyanın dediklərində həqiqət var, ancaq o, bir yerdə ciddi qüsura yol verir: Şimal-Cənub xətti Rusiyanın iştirakı ilə həyata keçirilir və ilkin mərhələdə layihənin əsas bəndlərindən birinin Ermənistan olacağı düşünülürdü.
Lakin Bakının effektiv xarici siyasəti nəticəsində Azərbaycan bu layihələrdə də təşəbbüsü ələ alaraq özü mərkəzi yola yiyələnmiş oldu. Bu yolun real surətdə fəaliyyəti üçün Azərbaycan hər bir infrastruktura malikdir, dəmir yollarından tutmuş avtomobil xətlərinədək. Ermənistanda isə Rusiya ilə Cənubu birləşdirən infrastrukturun yaradılmasına sıfırdan başlanılmalı idi.
Lakin bu, bir tərəfdən relyefin mürəkkəbliyi, digər tərəfdənsə Ermənistanın özünün Gürcüstan vasitəsilə Rusiyaya çıxması səbəbindən mümkünsüz görünür. Gürcüstanın Rusiya ilə ilişkilərinin normal fazaya qayıdacağını yaxın illərdə gözləməyə dəyməz. A.Ovannisyan Ermənistanda getdikcə daha çox rahatsızlıq yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə də toxunub. Onun qənaətinə görə, bu layihə tam işə düşəndən sonra Ermənistandan keçən Qars-Gümrü-Tbilisi xəttinin bərpasından danışmağa ehtiyac qalmayacaq: "Hətta Türkiyə ilə sərhədlərin açılışı belə Qars-Gümrü-Tbilisinin işləməsinə səbəb olmayacaq, çünki bunun vacibliyini yalnız Ermənistanda hiss edəcəklər".
A.Ovannisyan həm də əmindir ki, Ermənistanın indiki siyasəti ilə Rusiya ilə həqiqi müttəfiqlik münasibətləri əldə etmək mümkün deyil: "Bizi tərəflər arasında müttəfiqliyə dair müqavilədən sonra imzalanmış 200-dək dövlətlər, hökumətlər və idarələrarası sənəd və razılaşmanın keyfiyyəti razı salmır, çünki onlar Ermənistanın Şimal-Cənub tranzit layihələrinə cəlb edilməsinə təminat vermir".Cənubi Qafqaz regionunda inikas edən geosiyasi proseslər fonunda Ermənistanın özünü necə apardığını izləmək maraq doğurur. Dövlət siyasəti istisnasız olaraq Moskvadan tənzimlənən Ermənistanın düşdüyü vəziyyəti qısaca xarakterizə etməli olsaq, ilk növbədə, siyasi isteriya əlamətini vurğulaya bilərik.
Açıq hiss olunur ki, Yerevan region ətrafında qüvvələr nisbətinin dəyişməsinə və geosiyasi prioritetlərin yeniləşməsinə prinsipcə hazır deyil. İllərdir ki, komplimentar (yəni hamı ilə mehriban münasibətə əsaslanan balanslaşdırma) xarici siyasəti ilə öyünən Ermənistanın siyasi-diplomatik vurnuxmaları göz qabağındadır.
Bu yerdə Qərbin iqtisadi dairələrin ən nüfuzlu ekspert rəyi sayılan Britaniyanın "Ekonomist" jurnalının son sayındakı mülahizələri qeyd etmək yerinə düşər. Ermənistanın iqtisadi mənzərəsini dərindən təhlil edən jurnalın qənaətinə görə, nə qədər ki, bu ölkə qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən, Ermənistana böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq. Jurnal qeyd edir ki, Azərbaycan və Türkiyəyə qapıları (nəqliyyat dəhlizləri, enerji layihələri, birgə əməkdaşlıq) bağlanmış Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin MDB üzrə ən aşağı olması da təəccüb doğurmur. Hazırda Ermənistana yönəldilən xarici investisiyaların həcmi ildə cəmisi 100-130 milyon dollar təşkil edir ki, onun da yarıdan çoxu xaricdə yaşayan erməni biznesmenlərinin payına düşür.
Ermənistanın müstəqil dövlət olduğu 17 il ərzində ölkədə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan jurnal hətta Yerevanın strateji tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır. Xatırladaq ki, Ermənistanın Rusiyaya 100 milyon dollara yaxın borcu (əsasən, təbii qazla və Metsamor AES-in nüvə yanacağı ilə təchizatına görə) var və bu vəsaiti ödəmək imkanı olmayan Yerevan onun əvəzini Ermənistanın strateji sənaye obyektlərinin səhmlərini Moskvaya verməklə ödəmək niyyətindədir. Bu isə, o deməkdir ki, Ermənistanın hərtərəfli himayədarı kimi tanınan Rusiya bu ölkənin mühüm obyektlərini oraya bir rubl da pul (sərmayə) qoymadan ələ keçirir. Necə deyərlər, mənzərə kifayət qədər barizdir.
Nəhayət, sonda bir məqamı vurğulayaq. Ermənistan rəsmiləri ölkənin komplimentar xarici siyasəti, hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özünüaldanışla məşğul olduqlarının fərqindədirlər. Ermənistan başa düşür ki, məhz Azərbaycan və Türkiyə ilə münasibətləri qurmadan getdikcə daralmaqda olan böhran və iflas çevrəsindən çıxa bilməyəcək.
Bu isteriyadan qurtulmağın isə bircə yolu var. Ermənistan bir dövlət kimi gələcəyini göz önündə tutaraq indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Bu siyasətin Ermənistana praktik olaraq heç nə vermədiyi gün kimi aydındır.