Rusiya ilə ABŞ-ın mövqeləri Cənubi Qafqazda toqquşur
Ötən həftə MDB məkanında Cozef Baydenin səfərilə hadisələr daha sürətlə cərəyan etməyə başladı. Belə ki, onun Ukraynaya və Gürcüstana səfəri zamanı verdiyi açıqlamalar nəinki regionda, həmçinin, bütün dünyada böyük əks-sədaya səbəb oldu. Belə ki, ABŞ vitse-prezidenti, xüsusilə, Gürcüstanda olarkən səsləndirdiyi fikirlərdə Rusiyanın maraq və mənafelərinə qarşı çıxış etməsinin şahidi olduq. Baxmayaraq ki, Rusiya ilə ABŞ qarşılıqlı münasibətlərdə yenilənmə prinsipinə sadiq olacaqlarını və qarşılıqlı əməkdaşlığın qurulacağını rəhbər tutacaqlarını bildirsələr də, ABŞ MDB ölkələrində öz mövqelərindən geriyə çəkilməyəcəyini bildirib. Bunu Baydenin səfəri də bir daha sübut etmiş oldu. Rəsmi Moskva da Baydenin göstərdiyi mövqeyə münasibət bilidirərkən bundan heyrətə gəldiklərini bildirib. İki ölkə arasında münasibətlərin "yeniləşdirildiyi" bir ərəfədə ABŞ-ın vitse-prezidentinin Rusiyanın ünvanına sərt tənqidlə çıxışı Moskvada anlaşılmaz qarşılanıb.
ABŞ vitse-prezidenti, məlum olduğu kimi, Ukrayna və Gürcüstanda olarkən bu ölkələrin NATO-ya üzv olmaları üçün heç bir ciddi əngəl olmadığını və ABŞ-ın ona bu sahədə yardım göstərəcəyini bildirib. Bu bəyanat da Rusiya tərəfindən müsbət qarşılanmayıb. Belə ki, məlum olduğu kimi, bu iki ölkə dəfələrlə NATO-ya üzv olmaq arzusunda olduqlarını bildirsələr də, Rusiya daim onlarıni qarşısında maneə yaratmağa çalışmışdır. Öz mənafelərini həyata keçirmək üçün onların, hansı yolla olursa olsun, qarşısını almağa çalışırdı. Baydenin açıqlaması, hətta Rusiya prezidenti Dmitri Medvedevin də hiddətin səbəb olub. O, rus telekanallarından birinə müsahibəsində Gürcüstanın NATO-ya üzv olmaq istəyini şərh edərkən çoxlu problemləri olan Gürcüstanın alyansa lazım olmadığını bildirib. Artıq hamıya məlumdur ki, o, hansı problemləri nəzərdə tutur - ölkə ərazisində separatçı rejimlərin mövcudluğu, uzun müddətdir ki, davam edən müxalifətin kütləvi etiraz mitinqləri və s. Sanki bu problemləri Gürcüstan üçün Rusiya yaratmayıb.
Ukrayna ilə bağlı fikirlərində isə Dmitri Medvedev burada NATO-ya üzv olmaq məsələsinin referendum yolu ilə həyata keçirilməsinin daha düzgün olduğunu bildirib.
Məlum olduğu kimi, Baydenin səfərindən iki gün sonra ABŞ-ın Dövlət Departamentinin yüksək rütbəli məmuru Filip Krouli Vaşinqtonun Gürcüstanla hərbi əməkdaşlığın dərinləşdirilməsi və Gürcüstana NATO-nun silahlanma üzrə standartlarına çatmasında yardım göstərilməsi barədə bəyanat verib. Gürcüstanın müdafiə naziri David Sixarulidze təsdiq edib ki, Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlıq uzun müddətdir qurulub, əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə işçi qrupları yaradılıb. Bütün bunlar onu göstərir ki, ABŞ hər nə qədər də Rusiya ilə münasibətlərini yaxşılaşdırsa da, müxtəlif regionlarda bu ölkələr arasında ziddiyyətlər davam edir. Hətta ABŞ-ın öz mövqeyini illərdir ki, Rusiyanın hakim olduğu dairələrdə gücləndirməsi bu ölkələr arasında ziddiyyətin daha da artmasına səbəb olur. ABŞ-ın vitse-prezidenti Cozef Bayden "The Wall Ctreet" qəzetinə müsahibəsində Rusiya ilə bağlı gözlənilməz açıqlamalar verib. C. Bayden bildirib ki, artan iqtisadi çətinliklər Moskvanı əvvəlki geosiyasi rolunun zəifləməsi ilə barışmağa məcbur edəcək və bu da Rusiyanın postsovet məkanına təsirinin azalmasına gətirib çıxaracaq.
Buna cavab olaraq rəsmi Kreml xatırladıb ki, təkcə Rusiyada deyil, bir çox ölkədə iqtisadi çətinliklər məhz ABŞ-ın iqtisadi institutlarının düşüncəsiz, bəzən isə avantürist fəaliyyətindən qaynaqlanıb. Bu cür çıxışlar, xüsusilə, iki ölkə arasında münasibətlərin yenidən pisləşməsinə səbəb ola bilərdi. Lakin vitse-prezidentin müsahibəsi ilə bağlı Ağ Ev də açıqlama verərək, vəziyyəti düzəltməyə çalışıb. Onu da xatırlatmaq yerinə düşər ki, ABŞ prezidenti B.Obama Rusiyada olarkən Baydenin fikirlərinə əks olaraq Rusiyanın güclü inkişaf etmiş ölkə olduğunu bildirmişdir.
Gürcüstanda Baydenin verdiyi açıqlamalar əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə ki, dünyada maliyyə böhranının hökm sürdüyü bir vaxtda Baydenin ABŞ-ın Gürcüstana hər bir sahədə, xüsusilə, iqtisadi sahadə göstərəcəyi yardım gürcü iqtisadçıları üçün böyük şans yaratmış olub. Bundan əlavə Gürcüstana maliyyə yardımının ayrılması xarici investorlara Gürcüstana daha cəsarətlə kapital qoymağa stimul verəcək.
ABŞ vitse-prezidentinin Gürcüstana səfəri böyük əks-sədaya səbəb olmaqla yanaşı, bir sıra mətləblərə də aydınlıq gətirmiş oldu. Belə ki, bu səfər birbaşa Rusiya - ABŞ münasibətlərinin regionda necə təzahür edəcəyi ilə bağlı suallara da aydınlıq gətirdi. Görünür, bu gün özlərini dünyaya yaxın tərəfdaş və əməkdaş kimi göstərən Rusiya və ABŞ öz mənafelərini reallaşdırmaq üçün müxtəlif sahələrdə toqquşmalı olacaqlar.