PDF Oxu

Araşdırma

  • 14

Gürcüstandan 80 azərbaycanlı tələbənin ölkəmizə səfəri təşkil olunacaq

Gürcüstandan 80 azərbaycanlı tələbənin ölkəmizə səfəri təşkil olunacaq
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, cari il iyulun 27-dən avqustun 1-dək Gürcüstandan 80 azərbaycanlı tələbənin ölkəmizə səfəri təşkil olunacaq. Onlar Novxanı qəsəbəsindəki "Aquapark" Əyləncə Mərkəzində istirahət edəcək, Bakı və Bakı ətrafındakı əsas tarixi-mədəniyyət ocaqları ilə tanış olacaqlar. Bu layihə "Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı"na uyğun olaraq Gürcüstanda yaşayan gənclərin tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli təşkili məqsədi ilə həyata keçirilir. Bir həftə ərzində Gürcüstanda yaşayan gənc soydaşlarımız üçün Azərbaycan tarixi haqqında seminar keçiriləcək.
Onlar, həmçinin, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək və Şəhidlər Xiyabanında Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcəklər. Tələbələrin İçərişəhərin memarlıq abidələri, Şirvanşahlar sarayı və Qız Qalası ilə tanışlığı da proqrama daxildir. Bundan başqa soydaşlarımız Atəşgahı gəzəcək, Qobustan Dövlət Qoruğuna gedəcəklər. Tələbələrə Azərbaycan folkloru haqqında ətraflı məlumatlar veriləcək, ayrıca olaraq, Azərbaycan mətbəxi günü təşkil olunacaq. Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilir.

Digər xəbərlər