PDF Oxu

Araşdırma

  • 11

Ölkəmizdə turizmin potensialı böyükdür

Ölkəmizdə turizmin potensialı böyükdür
Son dövrlərdə ölkəmizdə turizmin inkişafına diqqət  artırılıb. Çünki Azərbaycanın zəngin, rəngarəng flora və faunası turizmin inkişafı üçün çox əlverişli şərait yaradır. Bir sözlə, təbiət öz səxavətini Azərbaycandan əsirgəməyib. 11 iqlim qurşağının 9-u ölkəmizdə mövcuddur. Turizm isə artıq dünyada çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ölkəmizdə də bu sahədə bir çox uğurlar əldə olunub. Bir faktı qeyd etmək yerinə düşər ki, 2001-ci ildə Azərbaycanda cəmi 19 özəl turizm şirkəti fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 200-dən artıqdır. Bu, eyni zamanda, ölkəmizdə özəl sektorun inkişafına göstərilən diqqət və qayğıdan xəbər verir.
 Ekspertlərin fikrincə, ənənəvi olaraq, istirahət üçün Azərbaycanda Nabran və Quba üstün yer tuturdu. Hazırda isə Lənkəran, Lerik, Astara, Masallı və ölkəmizin digər dilbər guşələrinə üz tutanların sayı artıb. Bu bölgələrdə o qədər gözəl yerlər var ki, insanların diqqətini cəlb etməyə bilmir.
Ölkə Prezidentin İlham Əliyevin göstərişilə bu zonalara yollar çəkilib. Bu da rahatlığın təmin edilməsinə gətirib çıxarıb. İstirahət obyektlərinin sayı günü-gündən çoxalıb. Amma bununla belə, ölkəmizə gələn turist sayının artmasında hələ də bir çox problemlər mövcuddur. Xarici turistlərin Azərbaycana cəlb edilməsinə mane olan amillərdən biri  də aviabiletlərin baha olmasıdır. Müqayisə üçün deyək ki, Moskvadan Azərbaycana bir həftəliyə gəlmək istəyən şəxs 750-800 dollar yol pulu verirsə, Antalyaya getmək üçün 350-400 dollar xərcləyir. Digər tərəfdən, Azərbaycanda kifayət qədər istirahət mərkəzləri, hələ ki, yoxdur. Mövcud mərkəzlərin əksəriyyətində isə xidmətlər axsayır, amma qiymətlər bahadır. Bütün bunlar da insanlarda belə bir fikir yaradır ki, ölkədaxili istirahət zonaları çox bahadır. Həmin pulla xarici ölkədə, müddət olaraq daha çox istirahət etmək olar.
Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin menecerlərindən birinin sözlərinə görə, dünya maliyyə böhranına baxmayaraq, şirkətə müraciət eləyənlərin sayı azalmayıb. Əksinə, müraciət eləyənlərin sayı artıb. Əvvəl Türkiyəyə gedənlər üstünlük təşkil edirdilərsə, indi Maltaya, Yunanıstana, Kiprə sifarişlər verirlər. Hətta yerli istirahət məkanlarını da seçənlər olur. Qiymətlər kəskin şəkildə düşməsə də, heç artım da olmayıb.
Bəzi ekspertlər isə bu fikirlərin əksini söyləyirlər. Onlar hesab edirlər ki, həm xarici ölkələrdə otellərin qiyməti düşüb, həm də istirahət etmək istəyənlərin sayı azalıb. Azərbaycandan sifariş verilən ölkələr arasında Türkiyə öz üstünlüyünü  hələ də qoruyur.  Bodrum, Antalya və Kəmərdə otellərin qiyməti düşüb. Məsələn, bir nəfər üçün aviabiletin, beşulduzlu oteldə qalmaqla və gündə üç dəfə yeməyin daxil olduğu birhəftəlik paket 600 manata, təxminən 800 dolara təklif olunur. Ötən il isə, bu paketin qiyməti təxminən 800-900 manat idi, yəni 1000-1100 dollar təşkil edirdi.
Yerli istirahət məkanlarında da otellərin qiyməti düşüb. Amma maraqlananda, məlum olur ki, məsələn, Şamaxıda bir istirahət məkanında bir gecə qalmaq ötən il 50 manat idisə, indi 45 manatdır. Özü də bu qiymətə yalnız səhər yeməyi daxildir. Müqayisədə fərq o qədər də çox deyil. Fikrini öyrəndiyimiz ekspertlər də deyirlər ki, dünyada qiymətlərin düşməsinə baxmayaraq, Azərbaycanda turizm sahəsində qiymətlər olduqca yüksəkdir. Bunun da əsas səbəblərindən biri bu sahədə rəqabətin az olmasından irəli gəlir. Məsələn, Azərbaycanda bir çox dövlət strukturu var ki, otel açanda onunla razılaşmaq lazımdır. Bu da, faktiki olaraq, biznesmenin xərcini artırır, o da öz növbəsində, qiymətləri artırır. Son zərbə də istehlakçıya dəyir. Yəni kimsə bir istirahət mərkəzində dincəlmək istəyəndə, həmin obyektin sahibinin çəkdiyi izafi xərcləri ondan çıxır. Ona görə də, Azərbaycanda daxili turizmdə qiymətlər bu qədər bahadır.
Başqa bir səbəb isə odur ki, yerli turizm mərkəzlərini Antalya ilə və yaxud da hər hansı bir ölkənin məşhur turizm şəhərləri ilə müqayisə etmək düzgün deyil. Məsələn, Antalyaya turizm axını, demək olar ki, ilin çox hissəsi var, amma Azərbaycandakı istirahət mərkəzləri, xüsusilə, dağlıq yerlərdə yerləşən istirahət mərkəzləri yayda işləyir, qışda bağlı olur. Yalnız yay aylarında qazanmaq olursa, onun saxlanması üçün il boyu xərc çəkmək lazım gəlir. Bu da qiymətlərə təsir edən amillərdən biridir.
Bir sözlə, ölkəmizdə turizmin potensialı böyükdür. Xəzərin ətrafı, Quba, Xaçmaz və Dəvəçidə turizm üçün yararlı yerlər var. Bununla belə, yenə də Azərbaycana gələn turistlər azdır, ölkədən isə  gedənlərin sayı çoxdur. Ekspertlərə görə, ölkədə turizmin səviyyəsini yüksəltmək üçün, eyni zamanda, dünya bazarında reklamlara ciddi ehtiyac var. Bu da nəzərə alınmalıdır ki, getmə turizmi ölkədən pul aparırsa, gəlmə turizmi, əksinə, əlavə vəsait, qazanc gətirir.

Digər xəbərlər