Sülh müqaviləsinin imzalanması labüddür
Məlum olduğu kimi, ötən həftə Moskvada keçirilən Prezident Kuboku uğrunda at yarışları çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirildi. İl ərzində keçirilən beşinci görüş olan Moskva görüşündə ikitərəfli görüşlə yanaşı, Rusiya prezidenti D.Medvedevin iştirakı ilə üçtərəfli görüş də keçirildi. Lakin görüşdən sonra həmsədrlər verdikləri açıqlamalarda görüşün nəticəsiz tamamlandığını bildirdilər. Əslində, görüşdən öncə də verilən bəyanatlarda hansısa bir sazişin imzalanmasının gözlənilmədiyi bildirilmişdi.
Belə bir vəziyyətdə hansısa bir sazişin imzalanması artıq çox çətin məsələdir. Çünki danışıqlar vasitəçilərin də bildirdiyi kimi daha mürəkkəb bir mərhələyə daxil olub və bundan sonra bəzi razılaşdırılmamış məsələlərin müzakirəsi gündəmdədir ki, bu məsələlər ətrafında da ümumi konsensusa gəlinməsi üçün çox böyük iş aparılır. Buraya mərhələli həll planının həyata keçirilməsi və gələcəkdə Dağlıq Qarabağın statusunun necə olacağı barədə məsələlər daxildir. Məhz bu yöndə görülən işlər tezliklə prezidentlərin yenidən bir araya gələrək bu məsələləri müzakirə etməsinin qaçılmaz olduğunu nəzərə çatdırmış olur. Məhz bunun üçün də Minsk Qrupunun həmsədrləri oktyabr ayında daha bir görüşün keçiriləcəyini və bu yöndə artıq işə başladıqlarını bildiriblər.
Görüşündən sonra rəsmi Moskva da bu görüş barədə öz mövqeyini bildirib. Rusiya prezidentinin köməkçisi görüş zamanı bir sıra açıq məsələlərin müzakirə olunduğunu və onların qiymətləndirməsinə görə, çox konstruktiv keçdiyini bildirib.
Əlbəttə, Moskva görüşü zamanı heç bir sənəd imzalanmasa da, bu günlərdə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi açıqlamalar münaqişənin həllində irəliləyişin olduğuna əsas vermiş oldu. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müəyyən inkişaf var. O, məhz prezidentlərin Moskva görüşündən sonra müəyyən ümid yarandığını nəzərə çatdırıb. E.Məmmədyarovun sözlərinə görə, razılaşmanın bəzi prinsipləri elan olunub, onlar üzərində iş davam etdirilir. Nazirin işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması qrafikinin hazırlandığı barədə verdiyi məlumat münaqişənin sülh yolu ilə həllinə ümidlərin artmasına gətirib çıxarır. "Ermənistanın hərbi qüvvələri işğal edilmiş əraziləri tərk etməlidirlər, biz artıq qoşunların çıxarılmasının hansı qrafik üzrə həyata keçiriləcəyini müzakirə etmişik və bundan sonra təfərrüatı ilə müzakirə edəcəyik", - deyə nazir bildirib.
O, qoşunların Azərbaycan torpaqlarından çıxarılmasından sonra qaçqınların öz torpaqlarına qayıtması məsələsinin müzakirə olunacağının da mümkünlüyünü bildirib. Onun sözlərinə görə, qarşıda duran və böyük vəsait tələb edən torpaqların və infrastrukturların bərpa olunması işi də AB ilə müzakirə olunacaq.
Bütün bu açıqlamaların məhz Azərbaycan xarici işlər naziri tərəfindən verilməsi danışıqların gələcək perspektivindən xəbər vermiş olur. Oktyabrda keçiriləcək görüşün daha konstruktiv nəticələnəcəyinin və bunun üzərində artıq genişmiqyaslı işlərin aparılmasının göstəricisidir.
E.Məmmədyarov münaqişənin həlli prosesinin fəallaşdırılmasında, ilk növbədə, Rusiyanın fəallığını qeyd etməyin lazım olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsi bu günlərdə regiona səfər edən Avropa Birliyi "üçlüyü" ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərdə də müzakirə olunmuşdur. AB "üçlüyü" nümayəndə heyətinin də verdiyi açıqlamalarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirmişlər. Onlar Ermənistan mətbuatına verdiyi açıqlamada Qarabağ münaqişəsinin tərəfləri arasında bağlanılacaq müqavilənin realizəsinə kömək etməyə hazır olduğunu bildiriblər. Nümayəndə heyətinin rəhbəri prosesin irəlilədiyini və bu faktı təşviq etmək lazım olduğunu vurğulamışlar.
Bütün yuxarıda qeyd olunanlar Dağlıq Qarabağ münaqişəsinin daha geniş bir məcraya daxil olduğundan xəbər verir. Ardıcıl olaraq keçirilən görüşlərin tərəflərin mövqelərinin uzlaşdırılmasında əvəzsiz rola malik olması danılmaz faktdır. Əlbəttə, bu görüşlərin keçirilməsinin heç bir sənədin imzalanması ilə nəticələnmədiyi faktı ilə rastlaşsaq da, artıq hansısa bir çərçivə sazişinin imzalanmasının vaxtının yetişdiyi gerçəkliyi də labüd olaraq qalır. Bunun üçün isə Ermənistan tərəfinin danışıqlarda göstərəcəyi konstruktiv mövqe çox vacibdir.