HİV/AİDS problemi aktual məsələ kimi Səhiyyə Nazirliyinin nəzarətindədir
Respublika QİÇS-lə mübarizə mərkəzinin 2009-cu ilin birinci yarısının yekunları üzrə Azərbaycanda HİV/AİDS problemi ilə əlaqədar verdiyi məlumata əsasən, insanın immun çatışmazlığı virusunun törətdiyi HİV infeksiyası və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış immun çatışmazlığı sindromu (AİDS) pandemiyası geniş miqyas alaraq, planetdə yayılmaqda davam edir.
Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, HİV/AİDS problemi aktual məsələ kimi daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Ölkədə əhalinin, xüsusən, yoluxmaya həssas olan risqli davranışlı qruplara aid olan insanların HİV-ə müayinə ilə əhatə olunması genişlənmiş və 2009-cu ilin 6 ayı ərzində 220 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Aparılmış epidemioloji araşdırmalar HİV/AİDS epidemiyasının, əsasən, inyeksion narkotik istifadəçiləri arasında yayılmasını bir daha təsdiq etmişdir. Belə ki, 2009-cu ilin 6 ayı ərzində HİV-ə yoluxması aşkar olunmuş 220 nəfərdən 145-ində (65,9%) yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Azərbaycanda 2009-cu ilin 6 ayı ərzində HİV-lə yoluxması təsdiq olunmuş 220 şəxsdən 213-ü Azərbaycan vətəndaşı, 7 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 213 Azərbaycan vətəndaşından 188-i (88,3%) kişi, 25-i (11,7%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 33 nəfər, AİDS-dən vəfat etmiş vətəndaşların sayı 21 nəfər olmuşdur. 213 nəfər HİV-ə yoluxmuş Azərbaycan vətəndaşından 90 nəfərinin (42,3%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilmişdir. Ümumilikdə, Azərbaycanda HİV infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 iyul tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2034 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 78 nəfəri (3,8%) əcnəbi, 1956 nəfəri (96,2%) isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1651-i (84,4%) kişi, 305-i (15,6%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 382 nəfər, AİDS-dən vəfat etmiş vətəndaşların sayı 260 nəfər olmuşdur.
HİV-ə yoluxmuş insanlara Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən Səhiyyə Nazirliyi tərəfindən "AİDS, vərəm və malyariya ilə mübarizə üzrə" Qlobal Fondun dəstəyi ilə pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində başlanılmış antiretrovirus (ARV) preparatları ilə müalicəyə hazırda 255 nəfər cəlb olunmuşdur. Onlardan 58 nəfərində müalicəyə 2009-cu ilin birinci yarısında başlanılmışdır.
2009-cu ilin 6 ayı ərzində mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, respublikada HİV/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.