Son vaxtlar müxalifət mətbuatında ölkədə mətbuat azadlığının olmaması haqqında qərəzli yazıların sayı artıb. Bu cür yazıların müəllifi öz cızmaqaralarında dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var-filan. Elə bu yazıların özü ölkədə azad mətbuatın olduğunu göstərir. Adama deyərlər ki, bəs mətbuat azadlığı, söz azadlığı yoxdursa, uzun illərdir, siz necə ağlınıza və ağzınıza gələni yazırsınız, kimi istəsəniz təhqir edirsiniz? Azərbaycan çox az sayda ölkələrdən biridir ki, qəzet-jurnal qeydiyyatdan keçmək üçün heç bir icazə tələb olunmur, 9 milyon əhalisi olan ölkədə 3 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, (qeydiyyatdan keçməyən bir neçə min internet saytını və ya bloqları da bura əlavə etmək olar) kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil, nədir?
Pessimist müxalifət mətbuatı və ya tirajlanan mənfi enerji
Müxalifətyönlü və "müstəqil" qəzetləri bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərini başa düşəsən. Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır.
Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Xarici ölkədə yaşayan adam (təbii ki, Azərbaycandakı reallıqdan xəbəri olmayan) bunları oxuyanda pessimizmə qapılaraq, düşünür ki, ey dili-qafil, bu ölkə cəhənnəm imiş ki...
Ölkə vətəndaşı isə, real vəziyyəti yaşadığından, bu cür yazıların məqsədli və qərəzli xarakter daşıdığını gözəl anlayır. Bəlkə, elə buna görə get-gedə belə qəzetlərin tirajı azalır. Mətbuatın tirajının nədən aşağı düşməsinin səbəblərini axtaranlar məsələyə bu kontekstdən baxmalıdırlar. Bu, oxucu etirazıdır.
Adamlar onların hissləri ilə oynanılmasını sevmirlər, öz dövlətlərinin, seçdikləri rəhbərlərinin təhqir olunmasına, milli maraqların, dövlət mənafeyinin tapdanmasına dözmək fikrində deyillər.
Məhz bu səbəbdən, həmin qəzet-jurnalların tirajı sürətlə aşağı düşür. Oxucuların istədikləri müxalifət qəzetlərini almasına ki qadağa qoyulmayıb. Bəlkə qəzet köşklərində ancaq rəsmi qəzetlər satılır?
Müxalifət mətbuatının yazdığına görə, guya xalqın vəziyyəti çox ağırdır. Belə iddialarda bulunan adını jurnalist qoymuş adamın qolundan tutub ölkə ərazisində bir qədər gəzdirmək pis olmazdı.
Onda görərdi ki, "yoxsul ölkədə bahalı avtomobil əlindən tərpənmək olmur, saysız-hesabsız kafe-restoranlar, əyləncə və istirahət mərkəzləri ağzınadək müştəri ilə doludur, ticarət mərkəzlərində şıdırğı alver gedir, istirahət və əyləncə mərkəzləri adamla doludur, işçi axtarılan elanların sayı-hesabı yoxdur, ölkə böyük bir tikinti meydanına dönüb, əksəriyyət bahalı paltarlar geyinir, ən son model bahalı mobil telefonlar gəzdirir... və s.
Yoxsul ölkə beləmi olur "jurnalist" qardaşım? Əgər sən həqiqi yoxsul ölkə görmək istəyirsənsə, onda Polad Bülbüloğluya qoşul, get Ermənistana və ya Gürcüstana, gör orda vəziyyət necədir?!
Bəzən müəlliflər bir qədər də qabağa gedərək bütün milləti və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn, mitinqə, nümayişə çıxmayan xalqı kölə, məzlum, bədbəxt və burada qələmə ala bilməyəcəyim (jurnalist etikam buna imkan vermir) daha ağır sözlərlə təhqir edirlər. Bax, bu, artıq ultra azadlıqdır! Bundan o yana "söz" azadlığı olmur!
Ölkə mətbuatını izləyəndə görməmək mümkün deyil ki, Azərbaycanda tam bir mətbuat azadlığı var. Əgər olmasaydı, bu qədər qərəzli jurnalist, bu qədər müxalifət qəzetləri, bu qədər pessimist ruhda təhqir dolu yazılar olmazdı.
Ölkədə elə bir məmur yoxdur ki, mətbuatda təhqir və ya tənqid olunmasın. Kimin kefi nə istəyir və necə istəyir elə də yazır. Bu gün sözügedən mətbuat cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldur. Bütün bu hallar sonda mətbautın, jurnalistikanın nüfuzuna xələl gətirir, medianın "4-cü hakimiyyət" statusunun itirilməsini şərtləndirir.
Peşəkar jurnalistika ilə qeyri-peşəkar jurnalistikanın fərqi
Şəxsi maraqlarından çıxış edərək şantaj və böhtanlar məşğul olan bu jurnalistlərdən soruşmaq lazımdır ki, ay vətəndaş, məgər bu ölkədə heç yaxşı işlər görülmürmü, iqtisadi inkişaf getmirmi, təmiz adamlar yoxdurmu, tərifəlayiq hadisələr baş vermirmi? Təbii ki, bunları həmin azad olmayan yazarlar da görür, amma bunları yazmaq sərf eləmir. Nədən ki, çörəkləri ağ yalandan çıxır.
Sadəcə, bəzilərinə sərf edir ki, media sahəsində tam anarxiya yaransın və nəticədə təhqir və şantaja görə cəzasız qalsınlar. Belə bir analogiya dünyanın heç bir ölkəsində yoxdur.
Örnək kimi gördüyünüz Avropa və Amerikada hər ay onlarla jurnalist qanunsuz əməlinə görə qanuni olaraq cəzalandırılır, onlarla jurnalist qətlə yetirilir, onlarla media qurumu haqda sərt cəza tədbirləri görülür. İnanmırsız, açın baxın xarici mətbuatı və müqayisə edin- hansı ölkədə jurnalistlər təzyiqə məruz qalmırlar, Azərbaycanda yoxsa, dediyiniz ölkələrdə?
Bu kimi tələblər onu göstərir ki, müxalifət mətbuatı peşəkar jurnalist böhranı keçirir. Çünki peşəkar jurnalistlər yalnız fakta, etik normalara və obyektivliyə əsaslanırlar və bu səbəbdən də, yazanda sanballı məqalə yazırlar.
Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsil jurnalistlər hər hansı informasiya daxil olduqda, onu tam dəqiqləşdirməmiş, tərəflərin (ehtiyac yarandıqda, həm də ekspertlərin) fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.
Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu "jurnalistlər" müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.
Bu gün qeyri-müstəqil mətbuatda çalışanların əksəriyyəti də məhz elə öz imzasına hörmət etməyən bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin səhifələrində tirajlanan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.
Hər şeyə rəğmən müxalifət mətbuatında əsil peşəkar jurnalistlərin mövcudluğunu etiraf etməmək ədalətsizlik olardı. Belə jurnalistlər az deyil. Amma təəssüf ki, bu media mənsubları çalışdıqları mətbuat orqanının tələblərinə, strategiyasına və siyasi xəttinə qarşı çıxa bilmədiyindən yazılarını da tələb olunan kontekstdə yazırlar.
Bir çox hallarda onların peşəkar olduğunu bilən sifarişçilər, həmin jurnalistlərə şantaj xarakterli yazılar sifariş edirlər. Yaxşı pul müqabilində vicdanlarını arxa plana keçirən peşəkarlar isə, dilimizin imkanlarından və informasiyanın psixoloji təsir texnologiyasından geniş istifadə edərək yazılarının faktoloji yükünün olmadığını və qeyri-obyektivliyini ört-basdır edirlər.
Mediaya çirkli pullar axını
və ya reket mətbuat
Son illərdə ölkə mediasının qara yarasına çevrilən "reket mətbuat" sektoru sürətlə "inkişaf" edir. Azərbaycanda qəzet-jurnal təsis etmək, informasiya saytı açmaq o qədər asan və rahatdır ki, çoxları bu həvəsə düşərək pul qazanmağın çirkli üsullarından istifadə etməyə çalışırlar.
Mətbuatla, jurnalistika ilə heç bir bağlılığı, bu sahədə nə təhsili, nə təcrübəsi, nə də gücü olmayan adamlar bir qəzet qeydiyyatdan keçirib başlayırlar özləri kimi "kolxoznik"lərə jurnalist vəsiqələri paylamağa və mədəni dilənçiliklə pul qazanmağa. Bu zaman çoxsaylı üsullardan istifadə edirlər. Bu üsulları təxminən belə təsnifatlaşdırmaq olar:
1. Şantaj və ya hədə qorxu yolu ilə;
2. Yalvar-yapışla çay pulu və yol pulu istəməklə;
3. "Diplom" və "Fəxri fərmanlar" verməklə;
4. Tərifli yazı hazırlamaq vədi ilə;
5. Özlərini dövlət orqanının əməkdaşı kimi təqdim etməklə və s.
Belə halların nəticəsində son vaxtlar jurnalistlər cəmiyyətin gözündən düşüb. Yəni qurunun oduna yaş da yanır.
Bir sıra qəzetlər və internet resursları isə, xaricdən maliyyələşərək ölkə daxilində öz missiyalarını həyata keçirirlər. Belələri, ölkədə milli-dini ayrı-seçkilik salmaq, cəmiyyəti parçalamaq , siyasi böhran durumu yaratmaq və s. bu kimi çirkin işlərlə məşğuldurlar.
Dəfələrlə deyilsə də, yazılsa da, bu sahədə hələ ki, ciddi tədbir görülməyib. Hökumət bu məsələdə hədsiz dözümlülük nümayiş etdirir. Dövlət bu sahədə nizamlayıcı tədbirlərə əl atsa, o saat həmin "jurnalistlər" bir haray-həşir qoparacaqlar ki, "vay qoymayın, söz azadlığı pozuldu".
Mətbuat nümayəndələri cəmiyyətdə gedən prosesləri dolğun və düzgün qiymətləndirməlidirlər. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkilməlidir.
Normal və haqlı tənqidi heç kim pis qəbul etmir. Əslində, insanların öz hüquqlarını, şərəf və ləyaqətlərini qorumaları təbii sayılmalıdır. Ona görə də, belə hallarda məhkəmə qanuna əsaslanan cəzalanma qərarı verməyə bilməz.
Ölkədə müxalif fikirli adamlar özləri də tənqidə dözmürlər. Azad mətbuatın davasını döyənlər, azad və doğru sözü həzm edə bilmirlər. Müxalifət liderlərini hansısa qəzetdə tənqid edəndə çox sərt reaksiya verirlər, amma öz qəzetlərində kimi istəyirlər təhqir və şantaj etdirirlər.
Tabeliklərində olan jurnalistlərdən böhtan, qərəz və şantaj yüklü yazılar tələb edən "liderlər", problem yarananda yaxasını kənara çəkirlər. Belə jurnalistlərə bir çox hallarda məhz öz liderləri "məxfi fakt" və ya "mötəbər mənbə" adı ilə dezinformasiya ötürürlər ki, buna görə jurnalist cavab verməli olanda, həmin liderlər ortalıqda görünmürlər.
Beləliklə, Azərbaycan jurnalistikasının təcili həll edilməli olan bir sıra problemləri var ki, bunların həlli 3 müstəvidə baş verməlidir, dövlət tənzimləməsi, ictimai qınaq, həmkarlıq boykotu.
Bütün bunlara rəğmən etiraf etməliyik ki, indi Azərbaycanda mətbuat azadlığı, söz azadlığı var, çatışmayan sadəcə azad mətbuat və azad jurnalistlərdir.