PDF Oxu

Araşdırma

  • 15

Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilir

Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilir
Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Regional inkişaf proqramının, habelə, digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Millət vəkili Vahid Əhmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanıldığını bildirdi:
- Uğurların mənzərəsini görmək üçün son beş ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Sözügedən dövrdə ölkədə ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 13 faizə qədər azalmışdır. Beş il ərzində büdcə xərcləri on dəfədən çox artmışdır. Belə göstəricilərin sayını daha da artırmaq olar. Bu barədə ölkə başçımız İlham Əliyev demişdir: "... Son beş ildə Azərbaycanın inkişafı çox uğurlu olmuşdur. Biz ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirmişik. Biz artıq elə bir iqtisadiyyat yaratmışıq ki, o, enerji amilindən ciddi şəkildə asılı deyil. İqtisadi islahatlar siyasəti və enerji strategiyamız nəticəsində, biz dünyada görünməmiş iqtisadi artıma nail olmuşuq... Biz sosial infrastruktura, təhsil, səhiyyə və informasiya texnologiyalarının inkişafına böyük sərmayələr yatırmışıq. Özəl sahibkarlığın dəstəklənməsi məqsədilə bir çox işlər görülmüşdür. Bu gün iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Onu da qeyd edim ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda özəl sektor sıfır dərəcəsində idi...".
Dövlət rəhbəri İlham Əliyev qeyd edir ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda möhkəm siyasi sistem yaradılmışdır, qanunun aliliyi və cəmiyyətin demokratikləşməsi təmin edilmişdir. Bütün bunlar, o cümlədən də, iqtisadi islahatlar bu gün də diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda iqtisadi və siyasi islahatlar son beş il ərzində paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Məhz elə bunun nəticəsidir ki, ölkədə davamlı iqtisadi inkişafa nail olunmuşdur. Azərbaycanda son illər infrastruktur və xidmət sahəsinə böyük həcmdə investisiya cəlb edilmişdir. Sahibkarlığa diqqət daha da artırılmışdır. Bu il özəl sektorun dəstəklənməsinə 150 milyon dollar məbləğində uzunmüddətli güzəştli kreditlər ayrılmışdır. Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsinə və onun dinamik inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Onu da qeyd edim ki, Azərbaycanda neft hasilatı getdikcə artır. Hesablamalara görə, bu il ölkəmizdə hasil edilən neftin həcminin 45-50 milyon ton olacağı gözlənilir. Qaz istismarında da uğurlar əldə edilir. Bütün bunlar isə, deməyə əsas verir ki, Azərbaycan enerji siyasətində əsas məqsədlərə nail olmuşdur. Ümumiyyətlə, ölkəmizin enerji siyasəti bu gün uğurla həyata keçirilir. Ötən əsrin 90-cı illərinin ortalarından bu günə kimi sözügedən sahənin dinamik inkişafı məqsədilə müxtəlif tədbirlər reallaşdırılmışdır. Bununla əlaqədar bir məqama diqqət yetirək. 2006-cı ildə Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdır. Avropa Birliyi bu baxımdan ölkəmizin strateji tərəfdaşıdır. Elə buna görə də hazırda Azərbaycan bu nüfuzlu təşkilatla birgə təchizatın şaxələndirilməsini əngəlləyən məsələlərin həlli üzərində işləyir.
Yuxarıda xatırlatdıq ki, Azərbaycanda neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsi də diqqət mərkəzində saxlanılır. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını şərtləndirir.

Digər xəbərlər