Rusiya münaqişənin həllində aparıcı yeri tutmaq niyyətindədir
Məlum olduğu kimi, sabah Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü keçiriləcək. Bu barədə artıq rəsmi Moskva tərəfindən də məlumat verilib.
Qeyd etmək lazımdır ki, bu görüş cari il ərzində keçiriləcək beşinci görüşdür. Ötən il iyunun 6-dan Sankt-Peterburqda başlayan danışıqlar prosesi isə sayca 6-cı raundudur. Bu müddət ərzində Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada (2 noyabr 2008-ci il), Sürixdə (28 yanvar 2009-cu il), Praqada (7 may 2009-cu il) və Sankt-Peterburqda (4 iyun 2009-cu il) görüşləri keçirilib. Əlbəttə, bu görüşlər danışıqlar prosesinin irəliləməsində və mövqelərin yaxınlaşdırılması sahəsində mühüm proses kimi qiymətləndirilə bilər. Danışıqlar prosesində hər hansı bir ümumi razılığa gəlinməsə də mövqelərin yaxınlaşdırılmasında əvəzsiz rol oynayır.
Kremlin mətbuat xidmətindən bu barədə yayılan məlumatda da bildirilib ki, prezidentlərin görüşündən sonra danışıqlar prosesi Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə davam etdiriləcək. Qeyd edək ki, noyabrın 2-də bu formatda keçirilən ilk görüş Moskva Bəyannaməsinin imzalanması ilə başa çatmışdı. Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin müzakirə olunacağı gözlənilir.
Bu görüşün keçirilməsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu, həmsədr ölkələrin prezidentlərinin bu günlərdə yaydığı birgə bəyanatdan sonra keçiriləcək ilk görüş olacaq. Burada Rusiyanın rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, ötən ildən başlayaraq fəal surətdə münaqişənin həlli üçün çalışan Rusiya tərəflərin mövqelərinin uzlaşdırılmasına yardımçı olmaq üçün böyük səy göstərir. Sabah keçiriləcək görüşdə də prioritet məsələnin hər iki tərəfin mövqeyini yaxınlaşdırmaq olacağı da rəsmi Moskva tərəfindən bildirilib. Qeyd edək ki, Rusiyanın münaqişənin nizamlanmasına dair səyləri təkcə Ermənistan və Azərbaycan tərəfindən deyil, həmçinin, bir çox ölkələrin, o cümlədən, Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa tərəfindən dəstəklənir.
İyulun 18-də Kremldə keçiriləcək görüşdə hər hansı bir sənədin imzalanması nəzərdə tutulmayıb, ümumiyyətlə, qarşıya belə bir məqsəd qoyulmayıb. Bu görüşdə Rusiya, əsasən, ona əsaslanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müşahidə edilən perspektivdə mümkün ola bilər.
Son zamanlara kimi münaqişənin həll olunmasına heç bir səy göstərməyən Rusiyanın son iki il ərzində tərəflər problemin həllinə yönəlmiş danışıqlar aparması, əlbəttə, heç kəsdə şübhə doğurmaya bilməz. Bunu isə müxtəlif tərəflərdən izah etmək olar. Ən əsas səbəb kimi dünya birliyinin dünyada mövcud olan siyasi, etnik münaqişələrin həllində maraqlı olması göstərilə bilər. Bəli, ötən il ərzində alovlanan Yaxın Şərq və gürcü-osetin münaqişələri kimi sönmüş münaqişələr silahlı qarşıdurma və insan tələfatı ilə yadda qaldı. Belə bir alovlanmanın Dağlıq Qarabağda baş verməyəcəyinə də heç kəs zəmanət verə bilməz. Məhz bu cəhətdən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, silahlı qarşıdurma olmadan həll olunması labüddür. Rusiyanın isə burada oynadığı rol artıq hamıya məlumdur. O, regionda ən güclü dövlətdir və müxtəlif vasitələrlə regionda gedən proseslərə müdaxilə edə bilər. Bu mənada Rusiyanın fəal şəkildə münaqişənin həlli ilə məşğul olması danışıqlar prosesində irəliləyişə səbəb ola bilər.
Amma onu da yaddan çıxartmaq lazım deyil ki, münaqişə davam edən illərdə Rusiya həmişə Ermənistanın mövqeyini müdafiə etmiş, ona müxtəlif dövrlərdə maliyyə yardımları və hətta Dağlıq Qarabağ ərazisində yerləşdirmək üçün hərbi silah-sursat ayırmışdır. Bu mövqe özünü açıq şəkildə göstərməsə də, bəzi məqamlarda nəzərə çarpır. Belə ki, Rusiya rəsmi cəhətdən Azərbaycanın ərazi bütövlüyünü tanısa da, aparılan danışıqlarda və imzalanan rəsmi sənədlərdə bu fakta hörmətlə yanaşmır.
Məsələyə digər bir cəhətdən yanaşdıqda isə Rusiyanın münaqişənin həllində fəallaşmasını dünya səviyyəsində münaqişəyə olan marağın artması kimi dəyərləndirmək olar. Rusiya isə regionda ən güclü dövlət olduğunu sübut etmək üçün münaqişənin həllində digər dövlətlərin məhz Cənubi Qafqaz regionuna müdaxilə etməsinin qarşısını almaq məqsədi daşıyır. Regionda ağalığı təmin etmək üçün Rusiyanın hər bir yola əl atmaq niyyətində olduğunu artıq müşahidə etmişik. Bunun üçün yaxın keçmişə-2008-ci ilin avqustuna nəzər salmaq kifayətdir.