PDF Oxu

Araşdırma

  • 13

Həmsədrlərin mövqeyi reallığa əsaslanmır

Həmsədrlərin mövqeyi reallığa əsaslanmır
Son zamanlar Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda nəzərəçarpacaq dərəcədə aktivliyin müşahidə olunur. Bunu isə Azərbaycan diplomatiyasının əldə etdiyi uğur adlandırmaq olar. Lakin son günlərdə yayılan bəzi məlumatlar danışıqlar prosesində Ermənistanın yenidən öz qeyri-konstruktiv mövqeyini nümayiş etdirməsi ilə müşahidə olunur. Belə ki, artıq məlum olduğu kimi, bir neçə gün bundan öncə ABŞ-ın yaydığı Dağlıq Qarabağ münaqişəsinin baza prinsiplərinin açıqlayıb. Əslində, bu prinsiplər 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyətinin açıqlanmasıdır. Bu prinsiplər Helsinki son aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquq, eyni zamanda, öz müqəddəratını həll etmək hüququna əsaslanır. Ağ Evin mətbuat xidməti Madrid prinsiplərinin konkret maddələrini də açıqlayıb.
Ağ Evin bəyanatında deyilir ki, baza prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, sabitliyin və firavanlığın yaranmasına səbəb olacaq.
Qeyd edək ki, İtaliyada "Böyük səkkizlər" sammitində birgə bəyanatla çıxış edən Amerika prezidenti Barak Obama, Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanı bu iki ölkə arasında mövcud olan son fikir ayrılıqlarını aradan qaldırmağa və yekun razılaşma əldə etməyə səsləyiblər. Bəyanatda deyilir ki, Ermənistanla rəsmi Bakı 2007-ci il Madrid prinsiplərinə uyğun razılaşmaya nail olmalıdır.
Maraqlı hal ondan ibarətdir ki, bu bəyanatlarda hər iki tərfi narahat edən Dağlıq Qarabağ ərazisinin statusu qeyri-müəyyən olaraq qalır. Bu bəyanatda göstərilir ki, mərhələli həll planına uyğun olaraq Dağlıq Qarabağa keçid statusu verilməlidir. Bununla yanaşı, qeyd olunur ki, münaqişə güc tətbiq edilmədən, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanla Ermənistanın razılığa gələ bilmədiyi məsələlər sırasında Dağlıq Qarabağın statusu məsələsi çox önəmli yer tutur. Digər prinsiplər razılaşdırılsa da Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqillik verilməsini istəyirsə, Azərbaycan tərəfi Dağlıq Qarabağa yalnız Azərbaycan daxilində yüksək muxtariyyət verməyə razı olduğunu bildirir. Belə bir şəraitdə mərhələli həll planının həyata keçirilməsi qeyri-mümkün görünür. Son zamanlar Minsk Qrupunun həmsədr ölkələlərinin yaydığı bəyanatlar məhz Ermənistan tərəfinin mövqeyini və maraqlarını nümayiş etdirməklə yadda qalır ki, bu da Ermənistanın öz qeyri-konstruktiv mövqeyini danışıqlarda davam etdirməsinə daha çox rəvac vermiş olur. Görünür elə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan da məhz bu sənədləri əlində rəhbər tutaraq bəyanatlar yayır. Belə ki, bir neçə gün bundan öncə Ş.Koçaryan Ermənistan tərəfindən irəli sürülən üç əsas prinsipin Qarabağ münaqişəsinin nizamlanması üzrə nəşr edilmiş əsasnamələrdə əks olunduğunu bildirib. Onun sözlərinə əsasən, bu prinsiplərdən birincisi "Dağlıq Qarabağ Respublikası"na aiddir. İkinci əsas hal kimi, o, "Dağlıq Qarabağ Respublikası" və Ermənistan arasında etibarlı quru əlaqəsi məsələsini qeyd edib. Əlbəttə, bu məsələlər heç bir halda Azərbaycan tərəfini qane edə bilməz.
Belə bir bəyanatın məhz vasitəçi ölkələr tərəfindən verilməsi isə Ermənistanın əlinə düşmüş çox böyük bir şans kimi dəyərləndirilə bilər ki, ermənilər də bundan maksimum səviyyədə yararlanmağa çalışırlar. Görünür, vasitəçi ölkələrin başçıları da danışıqların belə bir yüksək səviyyəyə çatdığı məqamda belə bir bəyanatla yalnız münaqişənin həllinə mane olur və tərəflər arasında ziddiyyətlərin daha da qızışmasına səbəb olur. Əlbəttə, Azərbaycan tərəfi aparılan danışaqlarda yuxarıda qeyd etdiyimiz prinsiplərlə razı ola bilməz və bu, illərdir ki, Azərbaycanın danışıqlarda göstərdiyi mövqeyə ziddir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyul ayının ortalarında "Rusiya Federasiyasının mükafatı uğrunda at yarışları" çərçivəsində Moskvada keçirilməsi planlaşdırılır. Bu görüşün keçirilməsinin əsas əhəmiyyəti isə ondan ibarətdir ki, bu görüş prezidentlərin bəyanatından sonra keçirilən ilk görüşdür. Lakin hər hansı razılaşmanın əldə olunması heç də mümkün görünmür. Bunun üçün isə, görünür, Ermənistanın öz mövqeyini yumşaltmaqla yanaşı, vasitəçi ölkələrin və ümumiyyətlə, dünya ictimaiyyətinin də münaqişə ilə daha yaxından və daha düzgün olaraq məşğul olmasını gözləmək lazım olacaq.

Digər xəbərlər