Şəhər infrastrukturunda köklü dəyişikliklər
"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planı"nın ölkə başçısı tərəfindən təsdiq edilməsindən keçən az vaxtda, şəhər infrastrukturunda köklü dəyişikliklər baş verib.
Meqapolisə çevrilməkdə olan Bakıda nəqliyyatın rahat, əhalinin təhlükəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Yaxın günlərdə C.Cabbarlı meydanındakı yeraltı keçidin istifadəyə verilməsi şəhər sakinlərinin təhlükəsiz hərəkətinə daha bir töhfə olacaq. Yeraltı keçidin tikintisi "Samur" şirkətlər qrupunun "Azərtikintibərpa" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib.
Avropa standartlarına cavab verən yeraltı keçiddə təhlükəsiz hərəkət üçün videomüşahidə aparatları, yanğından mühafizə üçün siqnalizasiya sistemi quraşdırılıb. Qrunt sularının fasiləsiz kənarlaşdırılması üçün 3 drenaj şəbəkə yaradılıb. Keçiddə Avropa istehsalı olan qiymətli tikinti materiallarından istifadə edilib. Keçidin ümumi uzunluğu 782 m-dir və 9 çıxışı vardır. Bu çıxışın 8-i birbaşa meydana Dilarə Əliyeva, Puşkin küçələrinə, C.Cabbarlı heykəlinə və Azadlıq prospektinə olan çıxışlardır. Çıxışın biri "28 may" metrostansiyasının yeraltı keçidinədir. Yeraltı keçiddə mərkəzləşdirilmiş kondisioner sisteminin quraşdırılması burada əhalinin rahat gediş-gəlişinə və alış-veriş etməsinə imkan yaradacaq. Burada müasir tələblərə cavab verən 77 mağaza və 1 yeməkxana xidmət göstərəcək.