Zamanı qabaqlayan kitabxanaçı
Zemfira Qəhrəmanova 1960-cı ildən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı, biblioqraf işləmiş, kompyuterləşmə və xidmət şöbəsinin dəqiq elmlər salonunda fəaliyyət göstərmişdir. O, 1988-ci ildən bu günə kimi informasiya və biblioqrafiya şöbəsində bölmə müdiri vəzifəsində çalışmaqdadır.
Z.Qəhrəmanova Azərbaycanda biblioqrafiya elminin banisi Əliheydər Qəhrəmanovun qızıdır. Bu böyük alim biblioqrafiyanın nəzəriyyə və metodikasını yaratmış və təcrübi olaraq biblioqrafik göstəricilər tərtib etmişdir. Onun sahəvi retrospektiv biblioqrafiyanın inkişafında xidmətləri böyükdür. Əliheydər Qəhrəmanov səkkiz retrospektiv və şəxsi biblioqrafik göstəricinin müəllifidir. Əlbəttə, Ə.Qəhrəmanovun xidmətləri elmi yaradıcılıqla məhdudlaşmamış, o, Azərbaycanda kitabxanaçılıq işi və biblioqrafiyanın inkişafında, kompyuterləşməsində mühüm xidmətləri olan qızı Zemfira xanımı, oğlu Fikrət Qəhrəmanovu da yetişdirmişdir.
Azərbaycanda kitabxanaçılıq və biblioqrafiya elminin yaranmasına, inkişafına böyük töhfələr vermiş bir ocaqda dünyaya göz açmış Zemfira Qəhrəmanova 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirmişdir.
Z.Qəhrəmanovanın M.F.Axundov adına Milli Kitabxananın tematik biblioqrafik kartotekasının yaradılmasında böyük əməyi olmuşdur. Milli kitabxananın bugünkü sistemli kartoteka proqramı onun uzaqgörənliyinin və böyük zəhmətinin nəticəsidir. Z.Qəhrəmanova deyir: "1990-cı illərdə Azərbaycanda hər işin mexanizmləşmə və avtomotlaşma prosesi başladı. Dünyada bu proses bir qədər öncədən gedirdi və mən bu prosesi yaxından izləyirdim. Başa düşürdüm ki, bu, vacib qaçılmaz bir sistemdir və gəlib çatanda biz buna hazır olmalıyıq. Odur ki, uzun illər, heç kəsə demədən, öz təşəbbüsümlə kompyuterləşmə və qloballaşma ilə bağlı məlumat yığmaqla məşğul olmağa başladım. Bütün səylərimi məlumat bazalarının yaradılması, elektron və rəqəmsal kitabxanalar, onların kataloqları, internet və internet məlumata əlçatımlığı kimi müasir mövzulara dair faktlar toplamağa yönəltdim. Bu, bir yeni keçid idi, yeni rubrikalar, mövzular meydana gəlirdi. Məlumat topladıqca yığılan bazanın kartotekasını formalaşdırdım. Bütün periodikanın, yəni jurnalların, qəzetlərin, mütəmadi buraxılan çap vəsaitlərinin kartotekasını yaratdım. Mövzular artıq zamanın və maraqların dəyişməsi ilə bağlı idi".
Milli Kitabxanada bu barədə hələ heç kəs məlumatlı deyildi. Zemfira xanım əmin idi ki, bu iş lazım olacaq və belə də oldu. 1990-cı ildən etibarən oxucular yavaş-yavaş bu sorğularla kitabxanaya gəlməyə başladılar. Bəzən onların sorğularını təmin etmək olmurdu, amma bütövlükdə, kitabxana bu prosesə Zemfira xanımın sayəsində hazır idi. Bu kitabxana müdiriyyətini də təəccübləndirmişdi. Onlar belə işin artıq hazır olduğu barədə məlumatsız idilər.
Zemfira xanım bu barədə danışarkən deyir: "Ən xoş olanı odur ki, bizim kitabxana kompyuterləşməyə doğru gedir və müəyyən bazaların yaradılmasında yığdığım məlumatlar kitabxananın nəhəng fondu üçün yardımçı olur. Ömrüm kitabxanada keçib. Kitabxana müqəddəsdir, təhsilin təməlidir. Mənim üçün ən böyük dərd oxucunu əliboş yola salmaqdır".
Elə bu gün də Zemfira xanım öz bildiklərini gənc biblioqraflara öyrədir və bu sahədə əlindən gələni əsirgəmir.