Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətinin başlıca prioriteti insanların daha yaxşı yaşamasını təmin etmək, demokratik proseslərin sürətləndirilməsi üçün mükəmməl hüquqi islahatların həyata keçirilməsinə nail olmaqdır. Qarşıya qoyulan bu vəzifələr Azərbaycan xalqının yaşayış durumunun daha da yaxşılaşdırılması, vətəndaş cəmiyyəti quruculuğunun daha geniş xarakter alması ilə özünü göstərməkdədir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ən ucqar kənd və qəsəbələrdə belə əhəlinin qaza, suya, elektrik enerjisinə olan ehtiyacları ödənilib. Düzdür, hələ də, bəzi yaşayış yerlərində elektrik enerjisi ilə bağalı müəyyən problemlər qalmaqdadır. Bu problemlər isə istisnalar təşkil etdiyindən, bir o qədər ciddi etirazlar doğurmur. Əksər hallarda isə, mövcud problem süni şəkildə, kiçik məmurların bacarıqsızlığı, təcrübəsizliyi səbəbindən yaranır. Bunu redaksiyamıza ünvanlanan şikayət məktubları da təsdiqləyir. Araşdırmalarımız zamanı da şikayətlərin əsaslı olduğu üzə çıxır.
Sabunçu rayonunun M.Fətəliyev küçəsinin, Suraxanı rayonu Zığ qəsəbəsinin və Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakinləri tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarında rayon elektrik şəbəkəsi rəhbərliyinin başıpozuq hərəkətlərindən narazılıq ifadə edirlər. Xüsusilə də, şikayətçilər "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin Biləcəri elektrik şəbəkəsinin iş prinsipindən ciddi etirazlarını bildirirlər.
Ümumilikdə, son iki ay ərzində, redaksiyamıza Biləcəri elektrik şəbəkəsindən 70-ə yaxın şikayət məktubunun daxil olması bu ərazidə vəziyyətin, həqiqətən də, kritik olduğunu göstərir. Şikayət məktublarında Biləcəri elektrik enerjisi satışı idarəsinin rəisi Eyvaz Əmirxanovun fəaliyyəti kəskin tənqid olunur. Onun enerji haqlarının yığımı ilə bağlı ətrafına topladığı (onların sayı ümumilikdə, 23 nəfərdir) qohumları vasitəsilə vətəndaşları aldadaraq, bəzən isə onları qorxuzaraq, pul toplamaları etiraza səbəb olub. Füzuli küçəsi 68-də yaşayan Babaveys İsmayılov qeyd edir ki, dəfələrlə E.Əmirxanovun Biləcəridə yaratdığı dəstə üzvləri onun evinə gələrək, sayğaca müdaxilə edilməsi ilə hədələyib, pul tələb ediblər. Pul vermədikdə isə, onu heç bir əsası olmadan cərimələyiblər. Eyni fikirləri Xaqani, Y.Hüseynov, Y.İmanov 2-ci Şimal küçələrində yaşayan sakinlər də qeyd ediblər.
Onu da vurğulamaq yerinə düşər ki, Biləcəridə "Koroğlunun Eyvazı" kimi tanınan E.Əmirxanovun əməllərindən yerli dövlət qurumları da narazılıq edirlər. Qəsəbə Bələdiyyəsi, Binəqədi rayonu icra hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəliyi E.Əmirxanovun yaramaz fəaliyyəti ilə bağlı dəfələrlə yuxarı dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Təəssüf ki, dalı "Azərenerji" Səhmdar Cəmiyyətinin rəhbərliyinə bağlı olan Koroğlunun Eyvazına "qaşın üstə gözün var" deyən yoxdur. İstehlakçıların hüquqlarını pozmaqdan cuşa gələn "Koroğlunun Eyvazı" utanıb-çəkinmədən, həyasızcasına dalının "Azərenerji" rəhbərliyinə dirədiyini də gizlətmir. Abonentlərə ultimativ şəkildə "Etibar Pirverdiyev tələbə yoldaşımdır, Hüseyn müəllimlə isə dostluq münasibətim var. Kimə və hara istəyirsiniz, şikayət edə bilərsiniz".
Maraqlı məqam ondan ibarətdir ki, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin Biləcəri elektrik şəbəkəsinin idarəsinin rəisi İsmayıl Allahverdiyev "Koroğlunun Eyvazı" qarşısında əsil "Keçəl Həmzə" rolunu oynayır. Bu isə, İ.Allahverdiyevin ancaq faciəsidir.
İ.Allahverdiyevin zəifliyinin səbəbləri ilə bağlı fikirləri qeyd etməzdən əvvəl, vurğulamaq yerinə düşər ki, "Bakıelektrikşəbəkə" də "Biləcəri elektrik enerjisi satışı" idarəsinin özbaşınalığından məlumatlıdırlar. Bizimlə söhbətində "Bakıelektrikşəbəkə" mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, həqiqətən də, "Biləcəri elektrik şəbəkəsi"ndən abonentlərin incidilməsi, onlarla kobud rəftar edilməsi faktlarının olduğunu bildirdi. Qeyd etdi ki, istehlakçıların incidilməsi yolverilməzdir: "Hər kəs qanun qarşısında bərabərhüquqludur. Tövsiyə edərdim ki, hüquqları pozulmuş istehlakçılar "Biləcəri elektrik şəbəkəsi" ilə yazışmalar aparmaqdansa, "Bakıelektrikşəbəkə"də fəaliyyət göstərən komissiyaya müraciət etsinlər".
İstehlakçıların Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Eyyub Hüseynov da "Biləcəri elektrik şəbəkəsi" ilə bağlı onlara da çoxsaylı şikayətlərin daxil olduğunu bildirdi: "Binəqədi elektrik şəbəkəsi"nin rəhbərliyi obonentlərə böhtan atmaqla məşğuldur". Bu böhtan kampaniyasının başında elektrik şəbəkəsinin rəhbərliyinin dayanması vəziyyətin idarəolunmaz durumda olduğunu göstərir".
P.S E.Hüseynovun və T.Mustafayevin Biləcəridə, eləcə də digər elektrik şəbəkələrində baş verənlərlə bağlı maraq doğuran fikirlərini növbəti sayımızda izləyə bilərsiniz. Eyni zamanda, "Koroğlunun Eyvazı"nın istehlakçılardan haqq tələb etməsindən və onun "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin nəzarət departamentinin rəisi Vidadi Əşrəfovla bazarlıq əlaqələrindən geniş bəhs edəcəyik. Qəzetimizi izləyin.