Yaxın vaxtlarda mobil operatorlar danışıq qiymətlərini aşağı salmaq niyyətindədirlər
Azərbaycanda hər 100 nəfərdən 49 nəfəri mobil rabitədən istifadə edir. Ölkədə isə mobil abunəçilərin sayı 4 mln 200 min nəfərdən artıqdır. Qeyd edək ki, mobil operatorlar içərisində danışıq tariflərinin yüksəkliyinə görə, mobil rabitə bazarında böyük hissəyə malik olan Azərcell şirkəti öndədir.
Bazarda mövcud olan təhlillər onu göstərir ki, bazarda nisbətən yeni fəaliyyət göstərən Azərfon şirkətinin "Nar Mobile" ticarət nişanının təqdim etdiyi xidmətlərin tarifləri daha aşağıdır.
Mövcud qiymətlər əhalinin rabitədən istifadə imkanlarını məhdudlaşdırır və nəticədə Azərbaycan mobil telefondan istifadə göstəricilərinə görə dünyanın, o cümlədən, MDB-nin bir çox ölkələrindən geri qalır.
Azərbaycanda mobil telefon rabitəsi operatorlarının tarifləri dünya ölkələri ilə müqayisədə dəfələrlə yüksəkdir. Bu da əhalinin bu rabitədən istifadə imkanlarını azaldır və nəticədə, Azərbaycan mobil telefondan istifadə göstəricilərinə görə dünyanın, həmçinin MDB-nin əksər ölkələrindən geri qalır.
Onu da xatırlatmaq yerinə düşər ki, Beynəlxalq GSM Operatorları Assosiasiyasının açıqlamasına görə, "Bakcell" abunəçiləri aldıqları kartın nominalından asılı olaraq efir vaxtının hər 1 dəqiqəsi üçün orta hesabla 15 sent, "Azercell" abunəçiləri isə 30 sent ödəyirlər. İndi bazarda "Nar Mobile"dən sərfəli qiymət təklif edən operator yoxdur. Ölkənin digər mobil operatoru - "Bakcell" şirkəti son illər qiymətləri bir neçə dəfə aşağı salıb, indi də bu istiqamətdə təklifləri gerçəkləşdirməyə hazırdır. Yaxın vaxtlarda mobil operatorlar danışıq qiymətlərini aşağı salmaq niyyətindədirlər. Bununla əlaqədar mobil operatorlar arasında olan razılaşmaya yenidən baxılıb, qiymətlərin aşağı salınması barədə qərar qəbul olunub.
Bir maraqlı faktı da qeyd edək ki, dünyada mobil telefon istifadəçilərinin sayı 3,3 mlrd nəfərdir.