“İnformasiya Texnologiyaları Akademiyası”
"İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnformasiya Texnologiyaları Akademiyası" layihəsində məqsəd gənclərin maarifləndirilməsi və əhalinin gənc təbəqəsinin informasiya ilə təmin olmasıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Səs"ə verilən məlumatda bildirilir ki, "İnformasiya Texnologiyaları Akademiyası" layihəsi çərçivəsində növbəti treninqlər Azərbaycanın Tovuz və Şəmkir rayonlarında keçirilir. Verilən məlumata görə, layihəyə birbaşa dəstək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunur.
Dünən layihənin açılış mərasimi hər iki rayonda təşkil olunub. Tədbirə rayonların icra hakimiyyətinin, "İrəli" Gənclər Birliyinin nümayəndələri, eləcə də, layihənin gələcək iştirakçıları qatılıblar. Qeyd olunan məlumatda bildirilir ki, ilk dəfə "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin təqdimat mərasimi Gəncə şəhərində keçirilib. Respublikanın bütün regionlarını əhatə edəcək proqram tədricən icra olunacaq. Proqram artıq Gəncə, Qazax və Ağstafada reallaşdırılıb. Gəncədə təşkil olunan kursların 270 iştirakçısından 188 nəfəri sertifikat əldə edib. Qazaxda 135 iştirakçıdan 106-sına, Ağstafada isə 134 iştirakçıdan 86-sına xüsusi sertifikatlar verilib. İl ərzində müəllimlərin, yeniyetmələrin və gənclərin kompyuter və internet sahəsi üzrə maarifləndirilmək, regionlarda bu istiqamətdə başlanğıc biliklər formalaşdırılmaq və "informasiya texnologiyaları qruplarını" yaratmaqla layihəyə 50 min insan cəlb olunacaq. Layihənin ilkin aidiyyəti auditoriyası kompyuter biliklərinə malik olmayan gənclərdir.