Həmkarlar təşkilatları arasında əlaqələr genişlənir
Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun "Səs"ə verdiyi məlumata əsasən, Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxlaq Konfederasiya Şurasının növbəti 55-ci iclası iyunun 9- da Moskva şəhərində keçiriləcək. Onun sözlərinə görə, tədbirdə iclaslararası dövr ərzində görülən işlər, qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.
N.Əzməmmədov onu da bildirdi ki, digər bir tədbir iyunun 10-16-dək Çexiya dəmiryolçularının həmkarlar ittifaqının təcrübəsinin öyrənilməsi üçün Praqa şəhərində keçiriləcək.
Qeyd edək ki, hər iki tədbirdə ölkəmizi Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, təşkilat şöbəsinin müdiri Samir Böyükzadə və "Lokomotiv" İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Niyaz İsayılovdan ibarət nümayəndə heyəti təmsil edəcək.