Cavaxetiya Gürcüstan üçün başağrısına çevrilir
Son vaxtlar Gürcüstanda yaşanan kütləvi etiraz aksiyaları dünya mətbuatının diqqət çəkdiyi əsas mövzulardan birinə çevrilib. Artıq yayılan informasiyalara əsasən, demək olar ki, gürcü müxalifəti kütləvi itaətsizliyin hökumət və dövlət binalarına hücumlar təşkil etməklə tamamlamağa çalışır. Mixail Saakaşvili hakimiyyətinin müxalifəti zorakılıq metodlarından çəkindirmək cəhdləri isə uğursuzluqla nəticələnməkdədir. Təbii ki, qonşu dövlətdə baş verənlər Azərbaycanda da diqqət və maraqla izlənməkdədir. Bu marağı nəzərə alaraq, Gürcüstandakı prosesləri yaxından izləməyə və mitinqdə iştirak edənlərin təəssüratlarını öyrənməyə qərar verdik. Bu məqsədlə də, Gürcüstana yol aldıq.
İlkin olaraq, Tbilisinin mərkəzi avtovağzalında müşahidələr apardıq və ilk diqqətimizi çəkən o oldu ki, burada bir çox mağazaların üzərində Azərbaycan və türk dillərində yazılar var idi. Əvvəllər bu cür yazılara təsadüf olunmurdu. Tbilisidən Bakı şəhərinə, eləcə də, Azərbaycanın digər şəhərlərinə işləyən avtobuslar son dərəcə müasir, yeni tipli sərnişin avtobusları idi. Diqqətimizi o da çəkdi ki, Ermənistana işləyən avtobusların, demək olar ki, hamısı köhnə, sovet dövründən qalma idi. Ermənilərin geyimindən, hətta istifadə etdikləri köhnə model mobil telefonlardan onların həyat səviyyələrinin həddindən artıq aşağı olmasını aydınca sezmək olurdu. Sonra parlament binasının yerləşdiyi Rustaveli prospektinə mitinqin keçirildiyi meydana gəldik. Orada məlum oldu ki, mayın 30-da saat 6-da mitinq keçiriləcək. Biz səhər saatlarında oraya getdiyimizdən, axşama qədər olan vaxtımızı dəyərləndirməyi qərara aldıq. İlk olaraq, parlamentin qarşısında qurulmuş çadrlardakı insanlarla görüşdük. Çadır dediyin 4-5 dəmir parçasının üzərinə bağlanmış salafan ötüklərdən ibarət idi. Səhər saatları olmasına baxmayaraq, ordakı insanların bəziləri spirtli içkilər qəbul etmişdi. Bizim Azərbaycandan olduğumuzu bildikdən sonra xüsusi hörmətlə, ehtiramla qarşıladılar, azərbaycanlılara qarşı bu hörməti, məhəbbəti, demək olar ki, Tbilisidə hər addımda görmək olurdu.
Çadırlarda vəziyyət o qədər də ürəkaçan deyildi. Bəzilərinin üzərindəki salafanlar yararsız vəziyyətə düşmüşdü. Demək olar ki, əksəriyyətində insanlar var idi. Axşam saat 6-da mitinq başladı. "Vahid Gürcüstan" partiyasının katibi Eka Beseliya mitinqi açdı. Sonra "Gürücüstan Yolu" partiyasının lideri Solome Zurabişvili çıxış etdi. Onu da qeyd edək ki, Solome Zurabişvili Gürcüstanın keçmiş xarici işlər naziri vəzifəsində çalışıb, eyni zamanda, Fransa vətəndaşıdır. Daha sonra "Konservator" partiyasının sədri Zviad Dzidziquri, "Xalq" partiyasının lideri Davidaşvili çıxış etdilər. Mitinqin sonunda Gürücüstanda böyük nüfuza malik olan simalardan Levan Qaçeçiladze və Sandra Xaindravanın çıxışları böyük hərarətlə qarşılandı. Gürcüstanın KİV-ində diqqətimi o da çəkdi ki, Rusiyanın Sank-Petrburq şəhərində yaşayan gürcüəsilli Edralidze soyadlı milyonçu iş adamı bəyan edib ki, o, tezliklə Gürcüstana gələcək və bu ölkənin prezidenti olacaq. Cavaxitiya bölgəsində ermənilər, Marneuli bölgəsində isə azərbaycanlılar separatçılıqla məşğul olurlar.
Bunlar mayın 29-da olan məlumatlardır. Mitinqdə böyük nüfuza malik şəxsin çıxışı diqqətimizi çəkdi. Gürcüstan müxalifət liderlərinin onunla isti münasibəti özünü büruzə verirdi. Həmin şəxsi hər kəs alqışlarla qarşıladı. Onun hər kəlməsi mitinq zamanı alqışlara səbəb olurdu. Gürcü dilində səlist, sərbəst danışan bu şəxsin sonradan Gürcüstan parlamentində Azərbaycanlılar Konqresinin sədri Əli Babayev olduğunu öyrəndik. Çıxışından sonra Ə.Babayevlə görüşdük. Söhbət zamanı məlum oldu ki, o, Gürücüstanda çox böyük nüfuza və hörmətə malikdir. Onu da qeyd edək ki, Ə.Babayev mitinqdəki çıxışı zamanı Rusiyanın Sank-Petrburq şəhərində yaşayan gürcü iş adamı Edralidzenin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı ittihamlarına qarşı sərt fikirlər səsləndirdi. (Əli Babayevlə müxbirimizin müsahibəsini qəzetimizin növbəti saylarında dərc edəcəyik). Biz onun köməkliyi ilə Gürcüstan müxalifətinin aparıcı simaları ilə görüşlər keçirdik. Mitinqdə azərbaycanlılar da iştirak edirdilər. Mitinq iştirakçılarından Nunu Kakalaşvili adlı şəxs Azərbaycandan olan jurnalist olduğumu bildikdən sonra mənə yaxınlaşıb, böyük səmimiyyətlə salamladı. Ölkəmizə olan sevgisini, məhəbbətini bildirdi. Gürcüstan prezidenti Saakaşvilidən narazılığını dilə gətirdi. Sonra dedi: "Mən elə bilirdim ki, prezident olduğu müddətdə Saakaşvili Azərbaycana hər səfərində Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətindən nəsə öyrənəcək. Çox təəssüflər olsun ki, bu belə olmadı."
Başqa bir mitinq iştirakçısı Dato Lordibanidze isə "biz də istərdik ki, ölkəmizi İlham Əliyev kimi böyük bir siyasətçi idarə etsin" dedi.
Sonra Gürcüstanın aparıcı simalarından olan Levan Qaçeçiladze ilə görüşüb söhbət etdik. İlk sualımız belə oldu ki, bir vaxtlar Mixail Saakaşvili ilə eyni cərgədə mübarizə aparmısınız. Bundan peşman deyilsiniz?
- Çox peşmanam.
- Siz istəyinizə nail olsanız, Saakaşvili istefa versə, prezidentliyə namizədliyinizi verəcəksinizmi?
- Bu haqda fikirləşməmişəm. Amma ola bilər.
- Sizləri Moskvanın sifarişini yerinə yetirməkdə günahlandırırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu yalandır və ola bilməz. Biz xalqın fikirlərini, iradəsini ifadə edirik.
- Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ problemi var. Siz bu məsələnin həllini necə görürsünüz?
- Mən birmənalı olaraq deyə bilərəm ki, bunu yalnız sülh yolu ilə həll etmək olar. Başqa bir yolu yoxdur. Digər variantlar düşünülməmiş nəticələrə gətirib çıxara bilər.
"Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabişvili ilə də görüş söhbət etdik. Ona ilk sualımız belə oldu ki, istəyinizə nail olduqdan sonra, yəni Saakaşvili istefa verərsə, prezidentliyə namizədliyinizə verəcəksinizmi? O da cavabında bildirdi ki, mən Gürcüstan vətəndaşı deyiləm. Fransa vətəndaşıyam. Ölkə Konstitusiyası buna imkan vermir.
Aparıcı simalardan biri olan Sandra Xaindrva onlara qarşı yönəldilən Moskvanın sifarişlərini yerinə yetirmək ittihamlarını qətiyyətlə rədd etdi və mübarizənin sonunda qalib gələcəklərini bildirdi. O da öz səmimi salamlarını Azərbaycan xalqına göndərdi.