Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun həkim briqadası humanitar aksiya həyata keçirib
Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun həkim briqadası Zaqatalada növbəti humanitar aksiya həyata keçirib.
İnstitutun yüksək ixtisaslı mütəxəssisləri səyyar oftalmoloji klinikada gün ərzində 200 nəfərə yaxın xəstəni müayinə etmiş, 30 xəstə üzərində isə cərrahi əməliyyat aparılmışdır.
İnstitutun direktoru, professor Elmar Qasımovun verdiyi məlumata əsasən, əvvəllər belə xəstələr müalicə üçün Bakı şəhərinə getmək məcburiyyətində qalırdılar. Dövlət başçısının bilavasitə qayğısı ilə yaradılmış yeni səyyar klinikanın köməyi ilə indi belə əməliyyatları ucqar rayonlarda da aparmaq mümkündür. Müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş bu "təkərli klinika"da xəstənin müayinəsi və cərrahi əməliyyatın aparılması üçün hər cür şərait yaradılıb.
İnstitutun rəhbərinin sözlərinə görə, son iki ildə səyyar həkim briqadası Bakı və Bakıətrafı kəndlərdə, habelə, Quba, Şamaxı, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Qəbələ, Şəki və digər rayonlarda olmuş, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər. Bu səfərlər zamanı mütəxəssislər 500 nəfərə yaxın oftalmoloji xəstə üzərində cərrahi əməliyyat aparmış, 1450 nəfər xəstəni müayinə etmiş, məsləhətlər vermiş və eyni zamanda, müalicə təyin ediblər.
Müayinə və müalicə olunmaq üçün səyyar klinikaya üz tutan zaqatalalılar, ahıl vətəndaşlar, göz xəstəliklərindən əziyyət çəkən insanlar dövlət başçısı tərəfindən ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, institutun həkimlərinə minnətdarlıqlarını bildirmişlər.