PDF Oxu

Araşdırma

  • 10

“İçməli suyun keyfiyyətinin və sanitariya vasitələrinin yaxşılaşdırılması”

“İçməli suyun keyfiyyətinin və sanitariya vasitələrinin yaxşılaşdırılması”
İyunun 4-də BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu (YUNİSEF), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli QHT Forumu ilə əməkdaşlıq çərçivəsində Kürdəmir rayonunun mərkəzində "İçməli suyun keyfiyyətinin və sanitariya vasitələrinin yaxşılaşdırılması" adlı dəyirmi masa təşkil edəcək. Nümayəndəlikdən "Səs"ə verilən məlumata görə, Ümumdünya Ətraf Mühit Günü ərəfəsində keçirilən bu tədbirdə hökumət nümayəndələri, vətəndaş cəmiyyəti, QHT-lər, habelə, BMT agentlikləri bir araya gələrək, Minilliyin 7-ci İnkişaf Məqsədi - "Ətraf mühitin dayanıqlılığının təmin edilməsi"nə nail olmaq istiqamətində ölkədə vəziyyət, həmçinin, təhlükəsiz içməli suyun və gigiyenik vərdişlərlə birgə normaya uyğun sanitariya imkanlarının əldə edilməsi baxımından çətinliklər haqqında müzakirələr aparacaqlar.
Qeyd edək ki, dünyada 1.1 milyard insan təmiz içməli sudan məhrumdur, 2.6 milyard insanın normaya uyğun sanitariyaya ehtiyacı var. Bundan başqa, 90 faizi, 5 yaşdan aşağı olan uşaqlar daxil olmaqla, dünyada hər il ishal mənşəli xəstəliklərdən 1.8 milyon nəfər dünyasını dəyişir. Bu böhran vəziyyətinə cavab tədbiri olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) yoxsulluğu azaltmaq və davamlı inkişafa nail olmaq üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) adlanan məqsədlərə nail olmaq üçün konkret fəaliyyət planı tərtib edib. Xüsusi olaraq 7-ci MİM-in əsas hədəflərindən biri "2015-ci ilə qədər təmiz su və normaya uyğun sanitariya əldə edə bilməyən insanların sayını yarıyadək azaltmaq"dır.
Müvafiq olaraq, Kürdəmirdə keçiriləcək dəyirmi masa müzakirələrində Azərbaycanda müxtəlif təşkilatların ətraf mühitin dayanıqlığının təmin edilməsi, xüsusən də, təmiz su və normaya uyğun sanitariyanın əldə edilməsi və dayanıqlığının təmin edilməsi, habelə, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yerinə yetirdiyi fəaliyyətlərin nəzərdən keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
Hər il 5 iyun tarixində qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ümumdünya ətraf mühit məsələləri barədə məlumatlandırma işlərinə və bu baxımdan fəaliyyətlərə təkan vermək, həmçinin, siyasi diqqəti cəlb etmək üçün BMT-nin istifadə etdiyi əsas vasitələrdən biridir. Ümumdünya Ətraf Mühit Günü Stokholmda Ətraf Mühit Konfransının açılışını qeyd etmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən 1972-ci ildə yaradılıb.

Digər xəbərlər