PDF Oxu

Araşdırma

  • 7

Ombudsman haqqında qanuna dəyişiklik edildi

Ombudsman haqqında qanuna dəyişiklik edildi
Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İlk öncə millət vəkilləri cari məsələlər ətrafında fikirlərini bildirdilər. Milli Məclisin növbəti iclasında parlamentin spikeri Oqtay Əsədovun sədrliyi ilə bir sıra qanun layihələrinə baxıldı.
Gündəlikdəki birinci məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  sədri Əli Hüseynov məlumat verdi. O, bildirdi ki, layihə parlamentin müzakirəsinə Milli Məclis üzvlərinin təşəbbüsü ilə çıxarılıb. Komitə sədri qanunun 4.2 və 4.3-cü maddələrinə dəyişiklik təklif edildiyini dedi. O bildirdi ki, 4.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz: "4.3-cü maddəyə təklif edilən dəyişiklikdə isə bildirilir ki, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkil seçildiyi gündən bitmiş hesab edilir".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynov bu barədə təkliflə 63 millət vəkilinin müraciət etdiyini dedi. Qeyd edərək vurğuladı ki, 2001-ci ildə Milli Məclisdə hazırlanıb qəbul edilmiş mövcud qanuna sonradan bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Mövcud qanuna əsasən eyni şəxs bir dəfə 7 il müddətinə müvəkkil seçilə bilər. Təklif olunan dəyişiklik isə qanunda eyni şəxsin müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz müddəasının qeyd olunmasıdır.
Digər bir dəyişiklikdə isə qeyd olunur ki, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. Müzakirələr zamanı çıxışlarda Avropa ölkələrinin əksəriyyətində eyni şəxsin iki dəfə və artıq müvəkkil seçilməsi təcrübəsinin olduğu və bunun normal qəbul edildiyi vurğulandı. Bildirildi ki, bəzi ölkələrdə hətta bu sahədə məhdudiyyət yoxdur. Müzakirələr zamanı millət vəkilləri ombudsman institutunun cəmiyyətdə və beynəlxalq aləmdə təsdiqlənməsi üçün mövcud müddətin yetərli olmadığını delilər.
 Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov onu da vurğuladı ki, qanuna edilən dəyişikliklər demokratiyaya xidmət edir. Millət vəkili Zahid Oruc isə bu dəyişiklikləri indiki ombudsmana aid etmək mümkün olmadığını dedi. İclasda Milli Məclisin deputatları Konstitusiya qanununa dair rəy və təkliflərini bildirdilər, ətraflı müzakirələrdən sonra layihə səsə qoyuldu və qəbul edildi. 
Sonra "Polis haqqında" qanuna əlavə edilməsi barədə" məsələyə baxıldı. Layihəyə görə, qanuna təklif olunan əlavə polisin vəzifələrinin yerinə yetirilməsində dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakına dair 10-cu maddəni əhatə edir. Maddəyə əlavə olunan V bənddə qeyd edilir ki, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsiylə bağlı yaranan sosial problemlərin birgə həlli üçün könüllü şəxslər polis orqanları tərəfindən bu işə cəlb edilə bilərlər. Məlumat dinlənildikdən sonra müzakirələr başlandı.
Deputatlar Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, vitse-spiker Valeh Ələsgərov, daxili işlər nazirinin  müavini Oruc Zalov məsələyə münasibət bildirdilər. Fikir plüralizmi şəraitində aparılan müzakirələrin yekununda qanun layihəsi səs çoxluğu ilə qəbul olundu.
"Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirildi ki, sənədə edilən redaktə xarakterli düzəlişlər iş prosesində hakimlər və vətəndaşlar üçün faydalı olacaq, müxtəlif səpkili mübahisəli halların aradan qaldırılmasına xidmət edəcək. Deputatlar bu qanuna müsbət münasibət bildirdilər.
Sonra məlumat verildi ki, "Dövlət qulluğu haqqında" qanuna təklif olunan əlavəyə görə, bundan sonra miqrasiya xidməti sahəsində çalışanlar da dövlət qulluqçusu sayılacaq və bu qanun həmin orqanın aparatlarında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə də şamil ediləcək. Parlament qanunu məqsədəuyğun saydı.
Milli Məclisin müzakirəsinə çıxarılmış növbəti qanun layihəsində Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə, həmçinin, "Banklar haqqında" və "Azərbaycan Respublikasının  Milli Bankı haqqında" qanunlara əlavələr və dəyişiklik edilməsi nəzərdə tutulurdu. Həmin qanunvericilik aktlarında bank əmanəti, bank hesab müqaviləsi, nağd və nağdsız hesablaşmalar, Milli Bankın funksiyaları, kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri, lisenziyalaşdırma, tənzimləmə və nəzarətə dair maddələrə bir sıra redaktə xarakterli dəyişikliklərin edilməsi zəruri sayılırdı. Layihəyə görə, qanun qüvvəyə mindikdən sonra poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər 400 manatdan 700 manatadək məbləğdə cərimə ediləcəklər. Deputatlar qanun layihəsini dəstəklədilər.
İclasda "Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında"  qanun layihəsinə də baxıldı. Öncə məlumat verildi ki, gömrükdən keçərkən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi, yaxud yanlış bəyan edilməsi hallarına görə cərimələrin miqdarı xeyli artırılıb. Belə ki, bu sayaq faktlar aşkarlandıqda fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 70 manatdan 100 manatadək, hüquqi şəxslər 150 manatdan 250 manatadək miqdarda cərimə ediləcəklər. Həmçinin, gömrük nəzarəti zonası rejiminin pozulmasına görə cərimələrin məbləği fiziki şəxslər üçün manatla 20-dən 50-yədək, vəzifəli şəxslər üçün 100-dən 200-ədək, hüquqi şəxslər üçün 250-dən 500-ədək nəzərdə tutulur. Yeni layihəyə görə, malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilmədiyi hallar üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş cərimələrin məbləği xeyli artırılıb. Deputatlar birbaşa istehlakçıların sağlamlığı ilə bağlı olan bu məsələyə diqqət yetirilməsi vacibliyini önə çəkdilər, vətəndaşların sağlamlığına təhlükə törədən saxta və keyfiyyətsiz malların ölkəyə gətirilməsinin qarşısının alınması üçün cərimələrin artırılmasını məqsədəuyğun saydılar. Layihə səsə qoyuldu və qəbul edildi.
Axşam iclasında "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə" qanunun layihəsini təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanunun 104-cü maddəsinə düzəliş olunur. Layihədə qeyd edilir ki, xidməti vəzifəsini yerinə yetirən gömrük orqanının vəzifəli şəxsi həlak olduqda, yaxud vəfat etdikdə, yaralanma, travma, kontuziya  tipli xəsarət aldıqda və ya əmlakına zərər vurulduqda ona birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi müvafiq qanunvericilikdəki qaydada həyata keçirilir. Milli Məclis bu qanun layihəsini də səs çoxluğu ilə qəbul etdi.
İclasda "Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında" qanun layihəsi  barədə Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevin məlumatı dinlənildi. Fikir mübadiləsi aparıldı və qanun layihəsi səsvermə yolu ilə qəbul olundu.
Sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  "Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında"  məsələni təqdim etdi. İş günü başa çatdığından qanun layihəsinin müzakirəsi parlamentin növbəti iclasında davam etdiriləcək.

Digər xəbərlər