PDF Oxu

Araşdırma

  • 6

İstiqlal Muzeyində respublika gününə həsr olunmuş tədbir keçirildi

İstiqlal Muzeyində respublika gününə həsr olunmuş tədbir keçirildi
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 91 il ötür. 1918-ci il may ayının 28-də yaradılmış Xalq Cümhuriyyəti Azərbaycan tarixinə müstəqilliyin əldə olunmasının şərəfli tarixi kimi düşmüşdür. Bu münasibətlə dövlətin qayğı və dəstəyi ilə müxtəlif səviyyəli silsilə tədbirlər keçirilməkdədir. Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya salonunda təşkil olunmuş "Biz müstəqilliyimizin varisiyik" adlı sərgi-tədbir də bu silsilədəndir. Sərgi T. İsmayılov adına Uşaq dünyası qalereyası ilə birgə keçirildi və sərgidə həmin qalereyanın şagirdlərinin rəsm əsərləri nümayiş olundu. Tədbirdə, həmçinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, T. İsmayılov adına Uşaq dünyası qalereyasının şagirdləri, C.Naxçıvanski adına məktəbin şagirdləri, Sərhəd Qoşunları və Daxili Qoşunların müdavimləri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbir iştirakçılarını salamlayaraq, onları qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etdi. O, çıxışı zamanı bu günün Azərbaycan xalqının müstəqilliyi və dövlətçiliyinin təşəkkül tapmasında oynadığı mühüm roldan danışdı. O bildirdi ki, bu sərginin keçirilməsinin əsas məqsədi xalqımın tarixinə qızıl hərflərlə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixini uşaqlara aşılamaq və onların yaddaşlarında əbədi həkk etdirməkdən ibarətdir.
Daha sonra söz Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağali İbrahimova verildi. A.İbrahimov da keçirilən sərginin yüksək əhəmiyyətindən danışaraq, nümayiş olunan rəsm əsərlərinin uşaqlar tərəfindən yüksək maraq və həvəslə hazırlandığını nəzərə çatdırdı. Belə bir sərginin təşkil olunmasının uşaqlarda vətənpərvərlik ruhunun yaradılmasında oynadığı mühüm roldan danışdı.
Tədbirdə çıxış edən T.İsmayılov adına Uşaq dünyası qalereyasının müdiri Aynurə Həşimova belə bir sərginin təşkil olunmasına görə təşkilatçılara təşəkkürünü bildirdi və burada iştirak etdiyinə görə şad olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Belə mövzulara həsr olunmuş sərgilərin keçirilməsinin çox dəyərli olduğunu nəzərə çatdırdı. O, burada əl işləri nümayiş etdirilən gənclərin çox istedadlı olduqlarını bildirdi.
Daha sonra tədbirdə Yasamal rayon Uşaq təşkilatı tərəfindən hazırlanmış musiqili kompozisiya nümayiş etdirildi. Uşaqlar tərəfindən hazırlanmış rəqslər və respublika gününə həsr olunmuş rəsm əsərləri tədbir iştirakçılarının böyük rəğbəti və alqışları ilə qarşılandı.

Digər xəbərlər