PDF Oxu

Araşdırma

  • 11

Kuba Azərbaycanda iri turizm kompleksləri yaratmaq niyyətindədir

Kuba Azərbaycanda iri turizm kompleksləri yaratmaq niyyətindədir
Kuba hökuməti Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. Dünən Bakıda keçirilən Azərbaycan-Kuba iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclasında Kubanın xarici ticarət və investisiya nazirinin müavini Rikardo Herero bildirib ki, Azərbaycan və Kuba arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. İki ölkə arasında 2006-cı ildən etibarən bir sıra saziş imzalanıb. Yaxın gələcəkdə isə Azərbaycanla Kuba arasında energetika, ticarət, səhiyyə, idman və bu kimi sahələri əhatə edən sazişlərin imzalanacağı gözlənilir. Ölkələr arasında imzalan birgə əməkdaşlıq sazişinin başlıca elementləri rabitə və informasiya texnologiyaları, sənaye və energetika, səhiyyə, neft-qaz, kənd təsərüfatı və bir sıra sahələrdə əməkdaşlığın aparılmasını nəzərdə tutur.
Rikardo Herero deyib ki, iki il əvvəl keçirilən Azərbaycan-Kuba hökumətlərarası əməkdaşlıq komissiyasının ilk iclasından sonra əlaqələrdə müəyyən irəliləyişlər əldə olunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin möhkəmləndiyini qeyd edən Rikardo Herero Azərbaycanda Kuba səfirliyinin açılmasını təqdir edib. Onun fikrincə, diplomatik əlaqələrin qurulması hər iki ölkənin münasibətlərində yeni səhifə açıb.
Kubanın xarici ticarət və investisiya nazirinin müavini onu da deyib ki, bu ilin noyabrında Kubanın hökumət və iş adamlarından ibarət böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mühüm görüşlərin keçirilməsi nəzərdə tutulur. Kubalılar ölkəmizin iqtisadi bölmələri ilə yaxından tanış olmaq üçün istehsal sahələri ilə tanış olmaq istəyirlər. Onlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə sahibkarlarla səmərəli danışıqlar aparılmasını da təklif edirlər. Kubanın iş adamlarının səfəri zamanı Bakıda Azərbaycan-Kuba biznes-forumunun keçirilməsi də planlaşdırılır. Biznes-forumda hər iki tərəfin müvafiq iqtisadi sahələrində çalışan iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi və məsləhətləşmələrdən sonra birgə layihələrlə bağlı sazişin imzalanması istisna olunmur.
"Azadlıq adası"nın nümayəndələri Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, bu sahədə də əməkdaşlıq etmək niyyətlərini gizlətmir. Azərbaycanın İKT sahəsində böyük uğurlar qazandığını deyən nazir müavini R.Herero, ölkələr arasında bu sahədə qarşılıqlı təcrübədən yararlanmağın əhəmiyyətini qeyd edib. Nazir müavini Azərbaycanda istehsal olunan İKT məhsullarının və xidmətlərinin Kuba bazarına çıxarılmasının zəruriliyini də xatırladıb. R.Herero deyib ki, yaxın vaxtlarda Kuba ilə Azərbaycan arasında telekommunikasiya, poçt, informasiya-kommunikasiya sahəsində hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur. Kuba bundan başqa, ölkəmizdə böyük turizm layihələrini həyata keçirmək istəyir.
Kuba Ticarət Palatasının sədri Raul Fransisko Beserra isə ölkəsinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq imkanlarının nəzərdən keçiriləcəyini söyləyib. Raul Fransisko deyib ki, Kuba vaxtilə neft sektorunda istifadə olunan avadanlıqların 70 faizindən çoxunu Azərbaycandan idxal edirdi. Keçmiş sovetlər dövründə Azərbaycan bu ölkəyə ən çox məhsul ixrac edən respublika olub. Bu gün də Kubada istifadə olunan kondinsionerlərin böyük əksəriyyəti Azərbaycana məxsus məhsullardır. Kuba Ticarət Palatasının sədri əmin olduğunu deyib ki, iqtisadi əməkdaşlıq komissiyalarının iclaslarının keçirilməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Ölkələr arasında hazırkı ticarət dövriyyəsinin həcmi yüksək olmasa da, əməkdaşlıq istiqamətləri perspektivlidir. Kuba ticarət əlaqələrində ölkəmizə xüsusi önəm verir. Rəsmi Havana ölkəmizdən ərzaq məhsulları, neft sənayesi avadanlığı almaqda maraqlıdır. Azərbaycanlı iş adamları isə Kubada istehsal olunan siqar, rom, şəkər və biotexnologiya məhsulları almaqda maraqlı olduqlarını bildirirlər.

Digər xəbərlər