Son illər respublikamızın sürətlə inkişaf etməsi hər bir sahədə özünü büruzə verməkdədir. İstər neft, istərsə də qeyri-neft sektorunun inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına gətirib çıxarıb. Ölkəmizdə qeyri-neft sektorunun da inkişaf etdirilməsi respublika rəhbərliyinin diqqət çəkdiyi əsas sahələrdəndir. Bu gün Azərbaycanın hər bir bölgəsində biz sürətli inkişafın şahidi oluruq. Bunu bizimlə söhbətində iqtisadçılar da təsdiq etdilər.
İlham Şaban, iqtisadçı-ekspert:
- Məlumdur ki, dünya ölkələrinin iqtisadiyyatına ciddi zərbə vuran beynəlxalq böhran Azərbaycana cüzi təsir göstərib. Bunun da nəticəsində bəzi müəssisələrdə çalışan insanlar müvəqqəti olaraq məzuniyyətə göndərildi. Lakin sonradan həmin o insanlar yenidən öz işlərinə qayıtdılar. Həmçinin, ölkə rəhbərliyinin qabaqlayıcı tədbirləri nəticəsində beynəlxalq böhran ümumdaxili məhsulun həcminin artımına mənfi təsir etmədi. Yəni, bu rəsmi statistik məlumatlarda da öz əksini tapıb. Bir məsələni də qeyd edim ki, neftin qiyməti 70 dollar olarsa, bundan əlavə, neft məhsullarının ixracı artırılarsa, bu, Azərbaycan iqtisadiyyatına daha da güclü təkan vermiş olar.
Bu gün respublikamızın istənilən rayon və şəhərlərində inkişaf gedir, regionlarımız abadlaşır, həmçinin, bölgələrimizin inkişafına vəsaitlər xərclənir. Belə hesab edirəm ki, turizm və kənd təsərrüfatı daha da inkişaf etdirilməlidir. Bu, ümumdaxili məhsulun həcminin artımına da öz müsbət təsirini göstərir. Düşünürəm ki, 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində buna nail olunacaq. Azərbaycanda 250 turizm obyekti rəsmi qeydiyyata alınıb ki, bunun da böyük əksəriyyəti Abşeronun payına düşür. Elə etmək lazımdır ki, bölgə turizmindən də yetərincə yararlana bilək. Sevindirici haldır ki, bu istiqamətdə də müsbət işlər görülməkdədir.
Ağamirzə Vəliyev, iqtisadçı:
- Bu gün respublikamızda ÜDM-in həcminin artımı bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm təməllərə əsaslanır. Son illər ümumdaxili məhsulun həcmi 2,6 dəfə artıb. Bu artım prosesi müşahidə edildiyi zaman dünyada maliyyə böhranı hökm sürürdü. Lakin bu böhran ölkəmizdə məhsul artımına mənfi təsir etmədi. Aqrar sektorun inkişafı da hər kəsə bəllidir. Belə ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində, son 5 il ərzində kənd təsərrüfatı məhsullarının ümumi həcmi 25,2 faiz artmışdır. Təbii ki, bütün bunlar əhalinin sosial rifahında da hiss edilməkdədir. Belə ki, ölkə əhalisinin gəlirləri son illər 4 dəfə artıb. Bundan əlavə, qeyd olunan müddətdə respublikamızda 27,5 mindən artıq yeni müəssisə, 547,5 min daimi iş yeri yaradııılıb. Eləcə də, yoxsulluğun səviyyəsi 13 faizə qədər azaldılıb. Ölkəmizdə ərzaq təminatı 30-35 faiz olmuşdursa, hazırda bu 47 faizdən artıqdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı prosesi daha da sürətlənəcək və bu, ölkənin bütün sahələrində hiss ediləcək.