PDF Oxu

Araşdırma

  • 4

“İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu”

“İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu”

Məlum oluğu kimi, may ayının əvvəlində Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən informasiya cəmiyyətinin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif nominasiyalar üzrə müsabiqə elan etmişdir. Milli Məclisin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, iki mərhələdə keçirilən müsabiqənin yekunlarına görə ölkənin Milli Məclisi dövlət qurumları arasında "İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu" nominasiyasının qalibi olub. Bu gün müstəqil Azərbaycanın Milli Məclisi qüvvədə olan qanunvericiliklə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün İKT-nin nailiyyətlərindən də geniş istifadə edir. Belə ki, son dövrdə parlamentdə daxili istifadə üçün çoxlu sayda avtomatlaşdırılmış idarəetmə sistemləri qurulmuşdur. İnformasiya təhlükəsizliyinin təmin olunması, vətəndaşlar üçün interaktiv imkanların yaradılması bu qəbildəndir. Qısa müddət ərzində Milli Məclisdə 300-dən çox istifadəçisi olan lokal şəbəkə, müxtəlif xidmətlər göstərən 16 server, internet və daxili internet səhifələri yaradılmışdır. İclas salonunda deputatlar üçün quraşdırılmış 135 kompüter və salonda tətbiq olunan elektron səsvermə Milli Məclisdə qurulmuş vahid sistemin tərkib hissələridir.
Bununla yanaşı, parlamentdə iclasların stenoqramının yazılması, vətəndaşların müraciətləri, qanunvericilik bazası, inzibati ərazi vahidlərinin dövlət reyestri və digər sistemlərdən ibarət İT infrastrukturu yaradılmışdır. Bu gün Milli Məclisin rəsmi internet səhifəsində vətəndaşlar web üzərindən sorğu vermək, qanun layihələrinə təklif göndərmək, qəbula yazılmaq kimi xidmətlərdən sərbəst istifadə edirlər. Günün istənilən vaxtı Milli Məclisdə keçirilən tədbirlər, parlament nümayəndə heyətlərinin səfərləri, görüşlər və qəbullar barədə ətraflı məlumat almaq mümkündür.
Parlamentdə informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyərək, bu sahədə yeni texnologiyaların tətbiqi sahəsində məqsədyönlü iş davam etdirilir.

RRB-nin 40-cı iclası keçiriləcək

Sabah Sloveniyanın Brdo şəhərində Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 40-cı iclası keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Səs"ə verilən məlumatda bildirilir ki, tədbirdə nazirliyin nümayəndə heyəti də iştirak edəcək. İclas zamanı RRB-nin Ümumdünya Poçt İttifaqının 24-cü Konqresində irəli sürülmüş məsələlərin icrası istiqamətində Rabitə Administrasiyalarının vəzifələri, Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyaların Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasının yekunları və onların həyata keçirilməsinə dair RRB-nin vəzifələri, "MDB məkanını birləşdirək" mövzusunda yüksək səviyyəli görüşə hazırlıq, Ümumdünya Radiorabitə Konfransı və 2011-ci il Radiorabitə Assambleyasına hazırlıq istiqamətində Rabitə Administrasiyalarının qarşılıqlı fəaliyyəti, RRB iştirakçılarının poçt operatorlarının islahatlar şəraitində fəaliyyəti, bu ölkələrdə rəqəmli yayımın tətbiqi haqqında məruzələrin dinləniləcəyi nəzərdə tutulub.
Həmçinin, tədbirdə RRB-nin İcraçı Komitəsinin 2008-ci ildə gördüyü işlərə dair hesabat oxunacaq və digər vacib mövzular ətrafında müzakirələr aparılacaq.

Sumqayıt İnformasiya Texnologiyası Akademiyası fəaliyyətə başlayıb

Sumqayıt şəhər icra hakimiyyətindən "Səs"ə verilən məlumata görə, şəhərdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və İKT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə İnformasiya Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb. Verilən məlumatda bildirilir ki, akademiya informatikanın və kompüter elminin inkişafının, İKT-nin təhsil sistemində tətbiqinin dəstəklənməsi, İKT sahəsində maarifləndirmə işlərinin aparılması, eləcə də, ölkədə informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramının icrasının təmin olunması məqsədilə yaradılıb.
Akademiya Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Qafqaz" Universiteti ilə birgə layihələr həyata keçirilməsini nəzərdə tutur.

Digər xəbərlər