Əhməd bəy Ağaoğlunun yubileyinə həsr olunmuş tədbir keçirildi
Dünən Atatürk Mərkəzində "Qarabağ Azadlıq Təşkilatı"nın ("QAT") təşəbbüsü ilə ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlunun anadan olmasının 140 illiyinə həsr olunan tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan tarixçi-alim Firdovsiyyə Əhmədova Əhməd bəy Ağaoğlunun fəaliyyəti haqqında qısa məlumat verdi.
F.Əhmədova bildirib ki, Ə.Ağaoğlu Azərbaycanda milli-istiqlal məfkurəsinin formalaşmasında əməyi olan şəxsiyyətlərdəndir. Ə.Ağaoğlunun Mustafa Kamal Atatürklə olan münasibətlərinə də toxunan F.Əhmədova qeyd edib ki, Türkiyə Cümhuriyyətinin formalaşmasında da onun rolu az olmamışdır. "QAT" sədri Akif Nağı Ə.Ağaoğlunun Azərbaycanın müstəqilliyi istiqamətində apardığı mübarizəyə diqqəti çəkərək, bildirib ki, Ə. Ağaoğlu həm Türkiyənin, həm də Azərbaycanın aydın ziyalılarından olaraq, türk millətinin inkişafı istiqamətində ciddi iş aparıb. Sonra tədbir alim və ziyalıların mövzu ətrafında çıxışları ilə davam etdirilib.
Qeyd edək ki, Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində anadan olub. O, Sankt-Peterburqda və Parisin Sorbonna Universitetində təhsil alıb. "Difai" təşkilatına rəhbərlik edib. Osmanlı İmperiyasında "Gənc Türk" hərəkatının üzvü, "Türk Ocağı" Türk Milli Hərəkatının prezidenti olub. 1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq seçilib. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisinin deputatı olub. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra isə Türkiyəyə dönən Ə.Ağaoğlu "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məsləhətçisi olub. Ə. Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat edib.