PDF Oxu

Araşdırma

  • 9

Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Xəbər verdiyimiz kimi, mayın 14-də Almaniya Federativ Respublikasının Bundestaqında ölkənin parlament tarixində ilk dəfə olaraq Cənubi Qafqaza dair qətnamə qəbul edilib. Qətnamə "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlanır. Sənədə əsasən, parlament respublikası olan AFR-in ən ali qanunvericilik orqanı- Bundestaq hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanıyır, regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir.
Qətnamədə münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipi üstün tutulur: "Bütün dövlətlər- Ermənistan, Azərbaycan və Gürcüstanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır.
ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir".
Qətnamədə Bundestaq Almaniya hökumətini "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin, eləcə də, Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə" çağırır.
Bundestaq, həmçinin, federal hökumətdən Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, bu məsələnin həlli istiqamətində fəallığını artırmasını tələb edir.
Sənəddə bildirilir ki, həll olunmamış münaqişələr hər zaman gərginliyin artması və silahlı qarşıdurmalara gətirib çıxara bilər, bu da həm bölgənin özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən, Avropa üçün arzuolunmaz nəticələrə səbəb olar.
Qətnamədə münaqişələrlə yanaşı, Cənubi Qafqazda stabilliyin gücləndirilməsi, demokratiyanın inkişafı, infrastrukturun bərpası, enerji sahəsində əməkdaşlıq, viza rejiminin asanlaşdırılması məsələlərinə də yer ayrılıb.
Hər üç Cənubi Qafqaz ölkəsinin Avropanın Mərkəzi və Cənub-Qərbi Asiya ilə əlaqəsini təmin edən region olaraq neft-qaz ehtiyatlarının istehsalçısı və tranzit ərazi kimi Almaniya və Avropanın enerji təchizatında mühüm rol oynadığı vurğulanıb.
Avropa Birliyinin "Şərq tərəfdaşlığı" çərçivəsində bölgə ilə əlaqələrinin daha da gücləndirilməsi, Çexiyanın AB-də sədrliyi müddətində "Nabucco" layihəsinin reallaşdırılması ilə bağlı niyyətinə dəstək verilməsi, eləcə də, region ölkələrində infrastrukturun inkişafına yardım göstərilməsinin zəruriliyi ifadə olunub.
Almaniya Bundestaqı gələcəkdə bölgə ölkələri ilə Ukrayna nümunəsinə uyğun olaraq assosiativ müqavilələrin və regionla fəal sosial əlaqələrin təmin edilməsi məqsədilə viza rejimini asanlaşdıran sazişlərin bağlanması niyyətini də bəyan edib.
Qətnamə ilə bağlı keçirilmiş birinci parlament dinləmələrində Bundestaqda təmsil olunan bütün fraksiyalar- xristian demokrat və xristian sosialist ittifaqları, azad demokratlar, sosial-demokratlar, solçular və yaşıllar birmənalı şəkildə Azərbaycan ərazisinin 20%-nin işğal olunmasını pisləyərək Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.
Dinləmələrdə işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilib, qaçqın düşmüş insanların geri qaytarılmasının zəruriliyi qeyd edilib. Qeyd edək ki, ikinci parlament dinləmələrində qətnamə müzakirələr keçirilmədən qəbul olunub.
Son vaxtlar əksər beynəlxalq təşkilatların və böyük dövlətlərin Qarabağ münaqişəsi haqda mövqeləri və qəbul etdikləri qətnamələr münaqişənin obyektiv şəkildə və ədalətli formada həllinə böyük töhfə verə bilər.
Avropa təşkilatları, BMT, NATO və digər təşkilatların bu məsələdə düzgün mövqe sərgiləməsi Azərbaycan xarici siyasətinin doğru və praqmatist kursla davam etdirilməsini sübut edir. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan səsləndirdiyi faktlar və məntiqli dəlillərlə problemin həllinin beynəlxalq hüquqa uyğun formada həyata keçirilməsi yollarını ortaya qoyub.
Almaniya kimi böyük və nüfuzlu bir dövlətin belə bir mövqe sərgiləməsi, Avropada Azərbaycan həqiqətlərinin artıq qəbul edildiyinin göstəricisidir. Prezident İlham Əliyevin bir qədər öncə Praqada verdiyi açıqlamalar da burada xüsusi rol oynayıb.
Ümumiyyətlə, Azərbaycan diplomatiyasının son bir neçə ildə Ermənistanın yalançı əks-təbliğatı üzərində ciddi qələbələr əldə etməsi ölkəmizin siyasi və iqtisadi nüfuzunun artması fonunda baş verir. Təsadüfi deyil ki, artıq həm beynəlxalq təşkilatlar, həm də böyük dövlətlərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə marağı artıb.
Avropa artıq öz sərhədləri daxilində gərginlik ocaqlarının qalmasına dözmək istəmir və bu səbəbdən də, problemin həllində maraqlıdır. Münaqişənin həlli isə beynəlxalq hüquqa, Avropa konvensiyalarına uyğun tənzimlənməlidir. Beynəlxalq hüquq isə dövlətlərin ərazi bötüvlüyünü təsbit edir. Burada millətlərin öz müqəddəratını təyin etmə hüququndan da söhbət gedə bilər ki, bu da ərazi bötüvlüyü prinsipini inkar etmir.
Prezident İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi kimi, "ermənilər artıq çoxdan öz məqəddəratını təyin edib Ermənistan adlı dövlət yaradıblar". Əgər hər millət bir neçə yerdə bunu etsə, o zaman ermənilərin dünyanın 20-dək ölkəsinin ərazisində dövlət yaratmaq hüquqları tanınmış olar ki, bu da anormal bir tendensiya ola bilər.
Məlumata görə, iki ölkə prezidentləri iyunda Sankt-Peterburq şəhərində keçiriləcək iqtisadi forumda görüşəcəklər. Bəzi ekspertlər münaqişənin həllində real irəliləyişin də məhz həmin görüşdə ola biləcəyini vurğulayırlar.
Bu görüş öncəsi Azərbaycanın diplomatik qələbələri isə, ölkəmizin aşkar üstünlüyünü təmin edə bilər. Yəni Ermənistan beynəlxalq aləmdə təkləndiyini görüb, psixoloji təsirə məruz qala bilər ki, bu da Prezidentimizin danışıqlara aşkar üstünlük şəraitində qatılmasını təmin edəcək.

Digər xəbərlər