PDF Oxu

Araşdırma

  • 16

“Heydər Əliyev və Azərbaycançılıq”

“Heydər Əliyev və Azərbaycançılıq”
Dünən ASRP-nin təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş konfrans keçirildi. Tədbirdə Milli Məclisin deputatları, siyasi partiya təmsilçiləri, QHT nümayəndələri, ali məktəb müəllimləri və digər nümayəndələr iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan ASRP-nin sədri, millət vəkili, professor Xanhüseyn Kazımlı, bildirdi ki, ümummilli lider Heydər Əliyev istər SSRİ dövründə, istərsə də, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratdığını qeyd etdi. Millət vəkili onu da bildirdi ki, ulu öndərin 2001-ci il noyabrın 10-da Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqi azərbaycançılıq üçün əsil məramnamə sayıla bilər: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya oldu. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini və milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Sabir Rüstəmxanlı, Həvva Məmmədova, Jalə Əliyeva, Aydın Həsənov, Hesablama Palatasının auditi Mehriban Alışanova, İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov və digər qonaqlar çıxış etdilər. Çıxış edən qonaqlar bildirdilər ki, Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses ulu öndər tərəfindən, bilavasitə təşviq edilmiş və dəstəklənmişdir. Bununla yanaşı Heydər Əlyevin azərbaycançılıq təliminin təməlində dayanan amillərdən birinin Azərbaycan dili olması, onun Azərbaycan xalqının özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə etməsi, onu xalqı irəli aparan, tarixdə yaşadan qüdrətli vasitə hesab etməsi də çıxış edənlər tərəfindən toxunulan əsas məsələlərdən oldu.
Tədbirin sonunda qeyd olundu ki, azərbaycançılığın qorunması və gələcək nəsillərə ötürülməsi işini ölkə Prezidenti İlham Əliyev çox böyük məsuliyyətlə və layiqincə yerinə yetirir. Eyni zamanda, ölkə başçısının rəhbərliyi altında bütün sahələrdə azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl şəkildə icra olunması konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Digər xəbərlər