Dünən Bakı Slavyan Universitetinin akt zalında "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Öndərimizin yolundayıq" devizi altında keçirilən Heydər Əliyev həftəsi çərçivəsində interaktiv mühazirə keçirildi.
Tədbiri giriş sözü ilə BSU - nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açdı. O, ümummilli liderin unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, ideoloji - siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazandığını vurğuladı. Professor Kamal Abdullayev çıxışında "İrəli" İctimai Birliyinin Heydər Əliyev ənənələrinə daim sadiq qaldığını dilə gətirərək, tədbirin təşkilinə görə birlik rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadənin "Heydər Əliyev - liderlikdən ümummilli liderliyə gedən yol", millət vəkili, Nəsimi rayon YAP təşkilatının sədri Məlahət Həsənovanın "Heydər Əliyev haqqında bilmədiklərimiz", YAP Gənclər Birliyinin sədri Ramil həsənovun "Heydər Əliyev - gəncliyin xatirələri" başlığı altında məruzələr dinlənilərək, auditoriya tərəfindən maraqla qarşılandı.
Tədbirdə "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı söz alaraq, tədbirin keçirilməsinə şərait yaratdığına görə Bakı Slavyan Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
"Öndərimizin yolundayıq" devizi altında keçirilən tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəmmədəliyev çıxış edərək, Heydər Əliyev siyasi fəaliyyətinə nəzər saldı. Məhz ulu öndərin məqsədyönlü uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gündən - günə inkişaf etdiyini, tədbir iştirakçıların diqqətinə çatdırdı. Ümummilli liderin məqsədyönlü islahatlarından söz açan icra başçısı Azərbaycan xalqının Heydər Əliyevin əziz xatirəsini daima uca tutduğunu vurğuladı.
Sonra tədbir Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əhatə edərək, diskussiya şəklində davam etdirildi.