PDF Oxu

Araşdırma

  • 11

ATƏT məruzəçisinin ədalətli hesabat verəcəyi şübhəsizdir

ATƏT məruzəçisinin ədalətli hesabat verəcəyi şübhəsizdir
İyun ayında Vilnüs şəhərində ATƏT PA-nın yaz sessiyası keçiriləcək. Bu sessiyada Qoran Lenmarkerin Dağlıq Qarabağla bağlı hesabatının veriləcəyi gözlənilir.
ATƏT PA-da təmsil olunan Azərbaycanın nümayəndə heyətinin əsas vəzifəsi Azərbaycan həqiqətlərini yaymaq, Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe formalaşdırmaqdır. Budəfəki konfransda nümayəndə heyəti Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı məsələni yenidən gündəmə gətirməyə çalışacaq.
Millət vəkili Eldar İbrahimov bildirdi ki, Vilnüs konfransında dünyada ekoloji durum, çirklənmə və bütövlükdə ekoloji təhlükəsizlik məsələsi ilə bağlı müzakirələrin aparılması gözlənilir. O, qeyd etdi ki, bu ilin fevralında ATƏT PA-nın Vyana sessiyasında çıxışında bu məsələyə toxunub: "Ermənilər işğal etdikləri ərazilərin ekologiyasına dəhşətli zərbələr vurub. Onlar Azərbaycanın 65 min ha torpağını, 15 min ha meşə ərazisini yandırıb, zəhərli radioaktiv tullantıları işğal olunmuş ərazilərdə basdırıblar. Ermənilər Kür və Araz çaylarını da çirkləndiriblər. Təklif etmişdim ki, ATƏT PA-nın bu ilin mayında Dublində keçiriləcək toplantısında bu məsələlərə toxunulsun. Həmçinin, münaqişə bölgəsinə nümayəndə heyəti göndərilsin və monitorinq aparılsın".
E.İbrahimov onu da bildirdi ki, 13 ildir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətində təmsil olunur və hər dəfə Qarabağ məsələsini gündəmə gətirməyə çalışır. Onun sözlərinə görə, nümayəndə heyətinin digər üzvləri də hər zaman Qarabağ məsələsini Avropa parlamentarilərin diqqətinə çatdırmağa çalışır: "Ötən dövr ərzində elə bir toplantı, konfrans, sessiya olmayıb ki, bu məsələni müzakirəyə çıxarmağa cəhd göstərməyək. Təəssüflər olsun ki, hələ də ATƏT PA bu məsələyə öz obyektiv, real siyasi-hüquqi qiymətini verməyib. Ermənistanın işğalçı, təcavüzkar bir dövlət olduğunu rəsmən bəyan etməyib. Məruzəçi Q.Lenmarker ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konkret mövqe ortaya qoyduqdan sonra məsələyə PA-nın münasibətini bildirəcək".

Digər xəbərlər