PDF Oxu

Araşdırma

  • 5

Azərbaycan - Avropa əlaqələri inkişaf edir

Azərbaycan - Avropa əlaqələri inkişaf edir
Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Belçika krallığına  işgüzar səfəri  bütün Avropada böyük əks-sədaya səbəb oldu. Prezidentin istər Avropa Şurası nümayəndələri, istərsə də,  NATO nümayəndələri ilə görüşü  Azərbaycanın Avropa və dünya üçün önəmli rolunu bir daha sübut etmiş oldu. Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barozzo ilə görüşü zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun nəzərəçarpacaq dərəcədə böyük olduğu  diqqət mərkəzində olmuşdur. 
Azərbaycanda olan iqtisadi inkişaf istər siyasi, istərsə də iqtisadi cəhətdən onun Avropaya inteqrasiya etməsinə zəmin yaratdığı vurğulanmışdır. Əlbəttə, Azərbaycanla əməkdaşlığının genişləndirilməsi  Avropanın maraq dairəsindədir. Azərbaycan  Avropa üçün önəmli olan məsələlərdə ona yardım edəcəyi barədə müəyyən öhdəliklər götürmüşdür. Amma əgər bu əlaqə əməkdaşlığa söykənirsə, onda hərtərəfli qarşılıqlı yardım  və dəstək çərçivəsində nəzərdən keçirilməlidir. Təəssüfləndirici hal ondan ibarətdir ki, Avropanın Azərbaycan qarşısında gördüyü işlər Azərbaycanın Avropa qarşısında götürdüyü öhdəliklər fonunda çox cüzi görünür. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev Azərbaycan ilə Avropa arasında əməkdaşlığın çox dərin köklərə malik olduğunu və onun əsasının hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Onun hazırladığı Milli Təhlükəsizlik konsepsiyasında Avropa ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin üç əsas istiqamətindən birini tutmuşdur.  "Azərbaycan Avropaya bir neçə istiqamətdə lazımdır. Birincisi Azərbaycan Avropa üçün müsəlman dünyasının ilk qapısıdır. Bütün sovet respublikaları içərisində müsəlman respublikalardan həm intellektual, həm iqtisadi, həm də siyasi cəhətdən ən inkişaf etmiş respublikadır. Eyni zamanda, böyük bir türk dünyasına girişdir. Çünki Avropa ilə Türkiyənin münasibətlərində nə qədər gərginlik varsa, Azərbaycan - Avropa münasibətlərində bir o qədər mülayimlik var. Yəni Azərbaycan dövlətinin xarici siyasəti Avropanı kifayət qədər lazımi səviyyədə təmin etdiyinə görə Azərbaycan onun üçün maraqlıdır. Bundan başqa, Avropanın daxili bazarı  iqtisadi cəhətdən Rusiyanın inhisarındadır. Enerji təhlükəsizliyini Avropa təmin edə bilmir. Ona görə də burada Azərbaycanın önəmi bir daha ortaya çıxır. Lakin Azərbaycan üçün Avropanın əhəmiyyəti məsləsinə gəldikdə, əslində, Avropanın Azərbaycan üçün etdikləri onların müqabilində çox azdır. Azərbaycan  2001 - ci ildən AŞPA-nın üzvü olmasına baxmayaraq hələ indiyə qədər AŞPA Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Düzdür, Azərbaycan torpaqlarının işğal olunması barədə qətnamə qəbul edib. Amma Avropa Birliyi bu sahədə ən azı siyasi mexanizmləri həyata keçirmək iqtidarındadır. Buna baxmayaraq, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulmuş istiqamətə uyğun olaraq Avropanın bütün təşkilatlarına kifayət qədər yer ayrılıb. Bundan başqa, ilk növbədə, ticarət sahəsinə də yer ayrılıb. Azərbaycanın İtaliyanı Türkiyə üzərindən qazla təminatı məsələsi, Ukrayna prezidenti ilə razılışdırılmış Ukrayna üzərindən Avropaya qaz ötürülməsi məsələsi və nəhayət, NABUCCO-nun çəkilişi məsələsində əsas rolu Azərbaycan oynayır. Yəni, Azərbaycan tranzit ölkə kimi çıxış etməkdən imtina etsə, bu layihə baş tutmayacaq. Prezident İlham  Əliyevin ən bacarıqlı xüsusiyyəti odur ki, O, Azərbaycanın maraqlarını təmin etməkdən ötrü hətta öz kürsüsünü müəyyən təzyiqlər altına atmaqla da olsa, Azərbaycanın dövlət maraqlarını önə çəkir. Eyni zamanda, Avropa dövlətlərinə də bunu qəbul etdirməyi bacarır."
 Prezidentin Belçika səfərinə də münasibət bildirən politoloq bu səfəri Azərbaycan Prezidentinin "triumf"u kimi qiymətləndirdi: "Son Belçika səfəri birmənalı şəkildə Azərbaycan Prezidentini triumfu kimi qəbul olunmalıdır.   J.M.Barozza ilə birgə verilən brifinq Avropanın bütün ölkələrində canlı yayımlandı və cənab İlham  Əliyev səlis ingilis dilində Azərbaycan dərdlərini danışdı və səlahiyyətli bir şəxs kimi Azərbaycanın mövqeyini və iradəsini ortaya qoydu. Bu, böyük bir işdir. Ermənistan prezidenti siyasi lider kimi bunu bacarmır. Yəni, bir növ İlham  Əliyev Azərbaycanı Avropaya yenidən tanıtdı. Eyni zamanda, AŞPA - dakı Azərbaycan nümayəndə heyəti də, etiraf edək ki, son zamanlar əvvəlki illərlə müqayisədə daha yaxşı işləyir. Bütün bunların fonunda, təbii ki, Avropa - Azərbaycan münasibətlərinin kifayət qədər isti olması Azərbaycanın öz ərazi bütövlüyünün təmin olunmasına, eyni zamanda, öz haqq sözünü dünyaya çatdırmasında mühüm rol oynayacaq."

Digər xəbərlər