Şəhid ailəsi hakimin ədalətsiz qərarından narazıdır
Ölkəmizdə məhkəmə-hüquq sistemində köklü dəyişikliklər, islahatlar həyata keçirilib. Yeni məhkəmə binaları tikilib, apellyasiya məhkəmələri yaradılıb. Savadlı, haqqın-ədalətin carçısı olan, həqiqətən də, qanunun aliliyinə əsaslanaraq, qərar çıxarmağı bacaran hakimlərin sayı artıb.
Bu da cəmiyyətdə məhkəmə-hüquq sisteminə inamın artmasına səbəb olub. Məhz bu amilə görə də, yerli məhkəmələrin qərarlarından yuxarı instansiyalara şikayət edənlərin sayı ilbəil azalıb. Düzdür, hələ də səhvlərə yol verən, hansısa maraqlar səbəbindənsə sifarişli qərarlar verən hakimlər olur. Bu tip hakimlər azlıq təşkil etsə də, hər halda mövcuddur. Şamaxı rayon məhkəməsinin hakimi İsmayıl Abdurəhmanlını da hakim adına yaraşmayan qərarlar verən bu az sayda hakimlərdən hesab etmək olar. Dəfələrlə bu hakim barədə redaksiyamıza şikayətlər daxil olsa da, "bəlkə səhvlərini düzəltdi" deyərək məsələnin ictimai müzakirəyə çıxarılmasına səy göstərməmişdik. Ancaq Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini, şəhid anası və nəhayət, əlil Alxanova Sofiya Şaban qızına qarşı edilən haqsızlıq bizləri İ.Abdurəhmanlının hərəkətlərinə etinasız qalmamağa sövq etdi. Araşdırmalar apararaq məsələnin daha aydın şəkildə üzə çıxarılaraq cəmiyyətə çatdırılmasına çalışdıq. Bəlli oldu ki, Şamaxı rayon məhkəməsinin 31 oktyabr 2007-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsmayıl Abdurəhmanlı) Hüseynov Tacəddin Nazim oğlu və Manafov Şahin Balaseyid oğlu barəsində çıxarılan qərar hakim andının tələblərinə ziddir. Çünki Şamaxı rayon M.Ə.Sabir adına qəsəbənin sakinləri Alxanova Sofiya Şaban qızı və onun qızı Alxanova Səadət Ş.Manafovun "VAZ-2103" avtomaşınında Şamaxının şərab zavodunun tinində T.Hüseynovun idarə etdiyi "Mersedes-Benz" mikroavtobusunun toqquşması nəticəsində ana ciddi xəsarət alıb, qızı vəfat etsə də, hakim İsmayıl Abdurəhmanlı maraqlı qərar çıxarıb. Belə ki, araşdırmalar zamanı, məsuliyyəti, əsasən, taksi sürücüsü Ş.Manafov da, hakim mikroavtobusun sürücüsü T.Hüseynovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilib, 3 (üç) il müddətə nəqliyyat vasitələri idarə edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ş.Manafov isə sərbəst buraxılıb.
Təbii ki, bu qərar zərərçəkən Ş.Alxanov tərəfindən narazılıqla qarşılanıb. Şikayətçinin redaksiyamıza ünvanladığı məktubunda qeyd edilir ki, o, bir neçə dəfə hakimin qəbulunda olub, ona iradlarını bildirib: "Mənim oğlum Alxanov Alxan Əşrəf oğlu Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qızım Alxanova Səadət Əşrəf qızı faciəli şəkildə dünyasını dəyişib. Heç bir haqq-ədalət tanımaq istəməyən hakim İ.Abdurəhmanlı çəkdiyim bala dağının acısını başa düşmək istəmir. Hətta deyərdim ki, məni get-gələ salmaqdan zövq alır."
Şikayətçi onu da bildirir ki, Şamaxı rayon məhkəməsinin ədalətsiz qərarı ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət veriblər. Təəssüf ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 may 2008-ci il tarixli qərarı ilə (sədri Rasim İsgəndərov, hakimlər İlham Həsənov və Mübariz Zeynalov) apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilib: "Zərərçəkmiş şəxs olaraq, Azərbaycan Respublikası CPM-nin 383.1.5 maddəsi ilə şikayətvermə hüququm var. Məhz bu hüquqa əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasına şikayət etdik.Çox şadıq ki, məhkəmə şikayətimizi icraata götürərək, tələbimizi qismən də olsa təmin etdi. Məhkəmənin qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 may 2008-ci il tarixli qərarı ləğv edilib və iş apellyasiya şikayətinə ilkin baxış mərhələsindən yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib."
Şəhid anasının qeyd etdiyinə görə, o, mayın 7-də keçirilməsi nəzərdə tutulan məhkəmə dinləmələrində şikayətinin təmin ediləcəyinə ümid bəsləyir.