İNSAN ALVERİ QURBANLARININ MÜDAFİƏSİ TƏMİN EDİLMƏLİDİR
Bütün dünyanı bürüyən dəhşətli insan alveri problemi Azərbaycandan da yan keçməmişdir. İndiyədək etibarlı statistik məlumatların olmaması insan alverinin miqyasını təyin etməyə və ona qarşı təsirli hərəkət etməyə imkan verməmişdir.
Zorakılıq əsasən qadınların öz hüquqlarını bilməmələrindən irəli gəlir. Bu fikirlər aprelin 30-da insan alverinə qarşı mübarizə mövzusunda çəkilmiş "Satılmış həyat" sənədli filminin təqdimat mərasimində səslənib. Film Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu və bu qurumun Qaçqınlar üzrə Ali Komissarlığı , Avropa Komissiyası, Norveç Xarici İşlər Nazirliyi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı və "Cənubi Qafqazda gender əsaslı zorakılıq əleyhinə" və "Azərbaycanda məcburi köçkünlər və qaçqınlar arasında gender ilə bağlı zorakılığın aradan qaldırılması" layihələri çərçivəsində çəkilib. Maarifləndirici funksiya daşıyan bu film qadınlara öz hüquqları haqqında məlumat verir və cəmiyyətin diqqətini insan alveri və qadınlara qarşı zorakılıq problemlərinə cəlb edir. Filmin rejissoru Elnur Əliyev, operatoru Əli Soltanovdur. Əsas rolları İlahə Soltanova və Simuzər Ağakişiyeva ifa edirlər. Ailə dəyərlərindən danışan AQUPDK-nın sədri Hicran Hüseynova deyib ki, bu gün bəşəriyyətin qarşısında duran ən mühüm problemlərdən biri insan alveri qurbanlarının müdafiəsinin təmin edilməsi və ailədə zorakılıq faktlarının qarşısının alınmasıdır. Təəssüf ki, bu risk qrupuna çox sayda olmasa da, bizim qadınlar da aiddir. Cəmiyyətdəki təbəqələşmə, milli dəyərlərimizdən və ailədə xoş aura yaradan bir çox milli ənənələrimizdən uzaqlaşmağımız bu problemlərin yaranmasına səbəb olur.
Tədbirdə BMT-nin Əhali Fondunun ölkə üzrə direktoru Peer Sieben, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Arun Sala Nqarm, ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Jalə Əliyeva və Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbavov insan alverinin çox ağır cinayət olduğunu bildirmiş və ölkədə onun nəticələri ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu istiqamətdə səyləri və Fondun layihələri yüksək qiymətləndirilib.