PDF Oxu

Araşdırma

  • 7

Almaniyanın Berlin şəhərində Beynəlxalq Uşaq Bayramı keçirilib

Almaniyanın Berlin şəhərində Beynəlxalq Uşaq Bayramı keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, Almaniyanın paytaxtı Berlində şəhər bələdiyyəsinin "Qırmızı Ratxaus" adlanan binası qarşısındakı meydanda keçirilən Beynəlxalq Uşaq Bayramında azərbaycanlı uşaqlar da iştirak ediblər. Təməlini Müstafa Kamal Atatürkün qoyduğu bu bayram, artıq 10 ildir ki, Almaniyada da qeyd olunur və buraya Almaniyadakı müxtəlif millətlərin uşaqları qatılırlar.
Bu ilki tədbirdə soydaşlarımızı Hamburq Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "Azərbaycan rəqsləri dərnəyi"nin üzvləri təmsil ediblər. Elçin Səttarovun rəhbərlik etdiyi rəqs qrupunun ifasında "Sarı Gəlin" rəqsi xususi hərarətlə qarşılanıb. Qrupun bayrama qatılmasına Azərbaycanın Almaniyadakı Səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi dəstək verib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılovadan aldığımız məlumata əsasən, Almaniyanın paytaxtında yerləşən Berlin-Baku Qalereyasında növbəti məruzə axşamı keçirilib. Rəssam Tomas Hantel öz çıxışında impressionizm cərəyanı barədə ətraflı danışıb, bu cərəyanın yaranması, inkişafı, onun fransız və alman məktəblərinin numayəndələri haqqında söz açıb. Məruzə klassik rəssamlıqdan fərqli olaraq impressionist rəssamların işlədiyi üsul və üslubdan, impressionizmin əsas ideya və mövzusu haqqında məlumat verib, elektron rəsmlər nümayiş etdirib.
Yaxın günlərdə Almaniyanın "Trescher" nəşriyyatında Azərbaycanla bağlı səyahət-bilgi kitabçası da buraxılıb. Kitabçada siyasət, iqtisadiyyat, dövlətçilik, tarix, mədəniyyət, elm və incəsənət, bir sözlə, ölkəmiz barədə hərtərəfli məlumat təqdim olunub. Respublikamızın bütün bölgələrinin coğrafiyasından tutmuş hər bir regiona məxsus adət-ənənlərə qədər müxtəlif bilgilər verilib. Lakin kitabçanın müəllifi Filine Fon Oppeln bu işə böyük zəhmət sərf etməsinə baxmayaraq, nəşrdə ölkəmizə aid bir sıra dəqiqsizliyə və əsaslandırılmamış məlumata da yol verib. Bununla bağlı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi muəllifə və nəşriyyatın rəhbərliyinə yazılı etirazını bildirib. Bu müraciət nəticəsində müəllif yeni nəşrdə bu nöqsanların aradan qaldırılacağına söz verib.
Ötən həftə, həmçinin, Münhen şəhərində Azərbaycan Kültür Gecəsi təşkil olunub. Tədbir Münhendə yaşayan soydaşımız Kəmalə Kərimovanın təşəbbüsü ilə keçirilib. Gecədə müğənni Füzuli Cəfərli, Qafqaz xalqları rəqs qrupu iştirak ediblər.
Qeyd edək ki, bu məlumatlar Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin ötən həftə üçün hazırladığı hesabatdan götürülüb. Mərkəz hər həftə Diasporla İş üzrə Dövlət Komitəsinə öz fəaliyyəti barədə hesabat təqdim edir.

Digər xəbərlər