“İçərişəhər: dünya mədəniyyəti irsinin nadir incisi” mövzusunda dəyirmi masa keçirilib
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və Bakı şəhərinin 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar "İçərişəhər: dünya mədəniyyəti irsinin nadir incisi" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, bu tarix YUNESKO tərəfindən 1982 - ci ildən qeyd olunur. Təşkilatın builki şüarı isə "elm və irs"dir. İçərişəhərin milli mədəniyyətimizin ensiklopediyası olduğunu deyən M. Cabbarov bu məkana xüsusi yanaşmanın tələb edildiyini və gələcək nəsillər üçün qorunub saxlanılmasının vacibliyini qeyd edib. O deyib ki, İçərişəhərə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə dövlət qoruğu statusu verilib, abidələrin əsaslı restavrasiyasına, küçə və meydanların təmir və bərpa edilməsinə başlanılıb. M. Cabbarov bildirib ki, İçərişəhərin gələcək kompleks inkişafı üçün beynəlxalq ekspertlərin iştirakı ilə "master-plan" hazırlanıb.
İdarə rəisi İçərişəhərlə bağlı gələcəkdə atılacaq addımlar barədə də məlumat verib: "İçərşəhəri həm ölkə daxilində, həm də dünyada daha geniş təbliğ etmək lazımdır. Bunun üçün isə müasir texnologiyalardan və müasir təqdimat formalarından istifadə edilməlidir. Təəssüf ki, hazırda qoruq idarəsinin internet saytı yoxdur. Biz müasir texnologiyaların tətbiqini, ilk növbədə, özümüzdən başlayacağıq. İçərşəhərlə bağlı ən azı üç dildə fəaliyyət göstərəcək sayt yaradılacaq".
M. Cabbarov İçərişəhərin tarixi mühafizəsi ilə bağlı da addımlar atılacağını bildirib.